Milli Kitabxanada bir gün
Dövri mətbuat zalından reportaj
Dünyada bütün kitabxanaların
məqsədi birdir - insanları bilgi ilə təmin etmək. Tarixdən günümüzə kitabxanalar fondlarını
zənginləşdirmək üçün həmişə
rəqabət aparmış,
ən qiymətli məxəzləri əldə
etməyə çalışmışlar.
Orta əsrlərdən
üzü bəri görkəmli mütəfəkkirlərin
əsərlərinin, şairlərin
divanlarının İstanbul,
London, Qahirə, Paris və
s. şəhərlərin məşhur
kitabxanalarında qorunması
fikrimizi əsaslandırmağa
yetər.
M.F.Axundzadə
adına Azərbaycan Milli Kitabxanasının da zəngin fondu var. Müxtəlif kitab təqdimatları, yubiley tədbirləri, sərgilərlə
əlaqədar burada tez-tez olmuş, yeri gəldikcə kitabxananın fondlarından
da yararlanmışıq.
Bu dəfə məqsədimiz Milli Kitabxananın Oxuculara xidmət şöbəsi
və dövri mətbuat zalının fəaliyyəti barədə
söhbət açmaqdır.
Səssizlik
Zala daxil olarkən
diqqətimizi ilk cəlb
edən oxucuların çoxluğuna rəğmən,
buradakı səssizlikdir.
Hər kəs sakitcə oturub özünə lazım olan qəzet və jurnalları vərəqləyir,
qeydlər aparır.
Zalda insanların rahat mütaliəsi üçün
hər cür şərait yaradılıb.
Kitabxananın direktor müavini Ədibə İsmayılova
bizi Biblioqrafiya və elektron informasiya şöbəsinin
müdiri Könül
Kərimova ilə tanış edir. Könül xanımla otaqları
və zalları gəzməyə başlayırıq.
Bələdçimiz bildirir ki, Oxuculara xidmət şöbəsi 1923-cü ildə,
yəni kitabxana təşkil edilərkən
qiraət zalı kimi fəaliyyətə başlayıb. 1928-ci ildən
şöbə yaradılıb:
“Dövri mətbuat zalında oxucularımızın
sayı həmişə
çox olur. Onlar həm dövri mətbuatın elektron versiyasından, həm də orijinal nüsxələrindən ənənəvi
üsulla istifadə edə bilirlər. Ölkəmizdə nəşr olunan
bütün qəzet və jurnalların arxiv fondu Milli
Kitabxanadadır. Milli
mətbuatımızın yarandığı
1875-ci ildən bu yana 91 adda
qəzetin, eləcə
də jurnalların orijinal nüsxəsi və surəti arxiv fondumuzda saxlanılır. Bu gün ölkədə nəşr olunan bütün mətbu nümunələr kitabxanaya
daxil olur. Oxucu istədiyi nüsxəni sifariş verir və qəzet, jurnal fonddan çıxarılaraq dövri
mətbuat zalına gətirilir. Bu gün əksər oxucular elektron versiyadan istifadə edirlər”.
İl ərzində 170 minədək
oxucu
Dövri mətbuat zalında xarici ölkələrdə nəşr olunan mətbu nümunələrə də rast gəlirik. Həmsöhbətim bildirir ki, Milli Kitabxana beynəlxalq kitab mübadiləsi də həyata keçirir. Xarici ölkələrin milli kitabxanaları ilə bağlanmış memorandumlara əsasən, qarşılıqlı mübadilə nəticəsində fond daha da zənginləşir: “Gün ərzində dövri mətbuat zalına 400-ə yaxın oxucu müraciət edir. Virtual oxucularımızın sayı da bir o qədərdir. Onu da qeyd edim ki, kitabxanada dövri mətbuatda dərc olunan məqalələrin analitik məlumat bazası da yaradılmışdır ki, burada məqalələrin biblioqrafik təsviri ilə yanaşı, onların tam mətnini də oxumaq mümkündür”.
Öyrənirik ki, Oxuculara xidmət şöbəsi kitabxanaya müraciət edənlərə göstərilən xidmətin 80 faizini həyata keçirir. Şöbənin oxu zalları ildə ümumilikdə 150-170 min oxucu qəbul edə bilir. Xidmət şöbəsi oxuculara dövri mətbuat, tələbə gənclərə xidmət, humanitar, dəqiq və texniki elmlər zallarında, elektron resurslardan istifadənin təşkili, lokal şəbəkədən istifadə üzrə oxu zalı bölmələrində və internet oxu zalında xidmətləri özündə birləşdirir. Zallarda mütəmadi olaraq yeni alınmış ədəbiyyat, eləcə də əlamətdar və tarixi günlərə dair kitab və dövri mətbuat sərgiləri təşkil edilir.
Dövri mətbuat zalında 100-dən artıq oxucunun eyni anda xidmətlərdən istifadə etməsinə imkan var. Zalın yardımçı fondunda son 5 ilin jurnal və qəzetləri saxlanılır. Burada hər yaşdan oxucularla qarşılaşırıq. Bu arada bəzi oxucularla söhbət imkanımız yaranır. Fidan Quliyeva Bakı Dövlət Universitetinin magistrantıdır. Dövri mətbuat zalının xidmətlərindən mütəmadi istifadə etdiyini deyir. O, burada yaradılan şəraitdən də razılıq edir. Eldar Abbasov isə təqaüddə olan müəllimdir. Asudə vaxtlarında kitabxanaya tez-tez baş çəkdiyini, keçmişi vərəqləməyi çox sevdiyini deyir. Bildirir ki, ötən illərin qəzetlərində yer alan məlumatlar yeri gələndə ona çox gərək olur.
Dövri mətbuat zalının sükutunu bir neçə dəqiqəliyə pozsaq da, oxucuların xidmətində dayanan kitabxana əməkdaşlarına işlərində uğurlar arzulayır, elm və bilik ocağından xoş hislərlə ayrılırıq.
Lalə Azəri
Mədəniyyət.- 2018.- 16 mart.-
S.15.