Novruz - mədəni zənginliyimizin
nümayişidir
Xalqımız hər il olduğu kimi, bu il də Novruz bayramını böyük təntənə ilə qeyd edir. Martın 19-da paytaxtdakı Dənizkənarı Milli Parkda bayram öncəsi Novruz şöləni keçirildi, mərasimdə ölkə rəhbərliyi, dövlət və hökumət rəsmiləri, xarici qonaqlar iştirak etdi.
Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi ənənəvi tədbir yenə çal-çağırlı, musiqili-rəqsli rəngarəng görüntülərlə, bölgələrimizin bar-bərəkətinin, el sənətkarlığı nümunələrinin, zəngin milli mətbəximizin təqdimatı ilə yadda qaldı. Bu şölənin həmişəki kimi yüksək səviyyədə keçməsi üçün günlərlə məşqlər keçirilmiş, prosesə müxtəlif mədəniyyət müəssisələri, incəsənət kollektivləri və ifaçılar qatılmışdı.
Martın 16-da ümumxalq Novruz şənliyinin məşqini biz də izlədik. Hazırlıq prosesi ilə yaxından tanış olan mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev tədbir haqqında jurnalistlərə müsahibə verdi.
Əvvəlcə xalqımıza bayram təbriklərini çatdıran nazir müavini bildirdi ki, Novruza həsr olunan şənliyin yüksək səviyyədə baş tutması üçün bütün lazımi işlər görülüb, aparıcı musiqi kollektivləri cəlb olunub, onların hazırlıq səviyyəsi yoxlanılıb: “Hər il Azərbaycanda Novruz bayramı dövlət səviyyəsində geniş şəkildə qeyd olunur. Bayrama hazırlıq yüksək səviyyədə davam edir. Hazırda Qız qalasının yanından başlayıb Dənizkənarı Milli Park boyunca davam edəcək şənliyin son məşqləri gedir. İnanırıq ki, bu il də Novruz bayramına həsr edilən bu möhtəşəm tədbir həm yerli sakinlərin, həm də xarici turistlərin marağına səbəb olacaq”.
Vurğulandı ki, Mədəniyyət və Turizm Nazirliyi ənənəvi olaraq bayram şənliyinin təşkilatçısı qismində çıxış edir. Bu il də respublikanın teatr, konsert müəssisələrinin, bədii özfəaliyyət kollektivlərinin, muzeylərin, qalereyaların iştirakı ilə geniş proqram hazırlanıb: “Azərbaycan Dövlət Akademik Filarmoniyasının rəqs kollektivi, mahnı və xalq çalğı alətləri kollektivləri, rəqs qrupu, Bakı Xoreoqrafiya Akademiyasının tələbələri, Dövlət Uşaq Filarmoniyasının üzvləri və rayonlardan gələn ayrı-ayrı bədii özfəaliyyət kollektivləri də bayrama rəng qatacaqlar. Azərbaycanın bütün regionlarının bədii özfəaliyyət kollektivləri, rayonların özünəməxsusluqları, mədəniyyət və incəsənəti nümayiş olunacaq. Burada həmçinin Azərbaycan xalqının mətbəx mədəniyyəti, xalça nümunələri, aşıq və muğam sənətləri də ayrıca stendlərdə geniş şəkildə təqdim olunacaq”.
Qeyd olundu ki, Dənizkənarı Bulvar İdarəsi də Novruz şənliyinin təşkil olunmasında yaxından iştirak edir.
Ədalət Vəliyev onu da diqqətə çatdırdı ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Fəvvarələr meydanında bayram günlərində - 20-25 mart tarixində həm regionlardan gələn bədii özfəaliyyət kollektivlərinin, həm də Bakıda fəaliyyət göstərən professional kollektivlərin iştirakı ilə konsert proqramları təqdim olunacaq. Nazirliyin Milli Turizm Təbliğat Bürosu və Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçiriləcək Novruz festivalında regionların musiqi və xalq yaradıcılığı kollektivləri ilə yanaşı tanınmış müğənnilər də iştirak edəcək. Eyni zamanda bayram günlərində meydanda təşkil ediləcək yarmarkaya qatılacaq xarici turistlər və yerli sakinlər ölkəmizin mətbəxini, sənətkarlıq nümunələrini yaxından tanımaq imkanı əldə edəcəklər.
Qeyd edək ki, bayram günlərində Dənizkənarı Milli Park gücləndirilmiş iş rejimində işləyəcək. Həmçinin paytaxtın muzeyləri, teatrları və digər mədəniyyət müəssisələri də gücləndirilmiş iş rejimində fəaliyyət göstərərək şəhər sakinlərinə və qonaqlara xidmət edəcək. Bir sözlə, hazırlanan zəngin proqram paytaxtımızın sakinlərinə və şəhərimizin qonaqlarına əsl bayram əhval-ruhiyyəsi yaşadacaq.
Onu da bildirək ki, Novruz Azərbaycanla yanaşı, dünyanın bir sıra ölkələrində dövlət səviyyəsində bayram edilir.
2009-cu ilin 28 sentyabr - 2 oktyabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO Hökumətlərarası Komitəsinin 4-cü sessiyasında Novruz bayramı çoxmillətli nominasiya (Azərbaycan, Hindistan, İran, Qırğızıstan, Pakistan, Türkiyə, Özbəkistan) kimi qurumun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. 2016-cı ilin 28 noyabr - 2 dekabr tarixlərində Hökumətlərarası Komitənin Efiopiyada (Əddis-Əbəbə şəhəri) keçirilən 11-ci sessiyasında Novruz daha geniş coğrafiyanı əhatə edən təqdimatla - 12 ölkənin (Əfqanıstan, Azərbaycan, Hindistan, İran, İraq, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistan) ortaq irsi kimi ikinci dəfə UNESCO siyahısına salınıb.
Bayramınız mübarək!
F.Hüseynov
Mədəniyyət.- 2018.- 20 mart.-
S.6.