NovruzdaPadşah-xan oyunu

 

 

   QarabağdaPadşah oyunu”, Qubadlıda “Şah bəzəmə”, OrdubaddaXan bəzəmə” adı ilə tanınan oyuna Azərbaycanın bir çox bölgələrində rast gəlmək mümkündür. Həmin mərasim bəzi rayonlarda (Qubadlı, Laçın) ilaxır çərşənbədə, Cəbrayılın kəndlərində, Ordubad rayonunda isə Novruz bayramı günlərində (21-22 mart) keçirilərdi.

   Filologiya üzrə fəlsəfə doktoru, folklor tədqiqatçısı İlkin Rüstəmzadə bildirir ki, bəzi kəndlərdə bu oyunun keçirilməsi üçün qabaqcadan müəyyən qədər vəsait yığılıb heyvan alınar, heyvanın ətindən yemək bişirilib həmin gün camaata verilərmiş. Araşdırmaçının sözlərinə görə, oyunda padşah olacaq şəxs səsvermə ilə müəyyən edilir. Məsələn, Laçın rayonunun Sadınlar kəndində səsvermə keçirər, kim daha çox səs toplasa, onu da padşah seçərdilər. Qubadlı rayonunun Dəmirçilər kəndində isə padşah, onun əyan-əşrəfi yaşlı, hörmətə sahib sakinlər arasından seçilirdi. Deyilənə görə, Cəbrayılın Sirik kəndində İsgəndər oğlu Məhəmməd adlı qolu şikəst, yoxsul bir kişi olub. Novruz bayramında onun əyninə təzə paltar geyindirib padşah edər, ona vəzir-vəkil seçərdilər. Vəzir isə elə adam seçilərdi ki, onun baməzəliliyi olsun, camaatı danışdırmağı, məclisi şənləndirməyi bacarsın.

   Padşah olan şəxs bir sutka dinməməli, danışmamalıdır. Gülən kimi onu taxtdan düşürür, dar ağacından “asırdılar”. Ordubad rayonunda məzhəkəçilər xanı güldürmək üçün dəridən-qabıqdan çıxırdılar. Xan özünü saxlaya bilməyib gülərdisə, meydana toplaşan tamaşaçılar onu taxtdan salıb geyimli-kecimli suya basırdılar. Taxtdan salınmış şəxs isə bir daha xan seçilə bilmirdi.

   Oyunun qaydalarına görə, mərasim üçün ayrıca mağar qurulur. Məclis başlayanda vağzalı çalınar, şah vəzir-vəkilin, fərraşların əhatəsində məclisə daxil olur. Padşah yüksəkdə oturur, ondan bir az aşağıda vəzir, lap aşağıda buyruqçuları durur. Padşah əyninə arxalıq, üstündən çuxa geyinir, başına da papaq qoyur. Padşahın geyimi kənddən-kəndə fərqlənir. Məsələn, Sadınlar kəndində padşah əyninə qırmızı xalat geyinir, başına da bəzəkli papaq qoyurdu. Qubadlı rayonunda şahın özü ilə yanaşı, onun atı da bəzədilirdi. Atın belinə qıraqları qotazlarla bəzədilmiş qırmızı palan salınırdı.

   Müsahibim deyir ki, Ordubad rayonunda isə padşah seçilən şəxs meydanın yuxarı başında qurulmuş taxtda oturur, vəzir, vəkil də gəlib taxtın sağında, solunda əyləşirdi. Yaraqlı-yasaqlı fərraşlar şahın hüzurunda əmrə müntəzir dayanırdılar. Cəllad qırmızı libas geyinir, əlində balta meydanın aşağı başında gözləyirdi: “Həmin gecə padşah müəyyən əmrlər verir, başındakı adamlar onu icra edirdilər. Kim padşahın sözünə baxmırdısa, əmrinə tabe olmurdusa, onu padşahın hüzuruna aparır, qarşısında dizi üstə oturdurdular. Günahı onun üzünə deyilir və cəzalandırılırdı. Məclisdə əsasən müəyyən adamlara kəsilən cərimələrdən pul yığılırdı. Bundan əlavə, padşah kimisə asılmaqla cəzalandırdıqda yaxın adamı pul ödəyib onu azad edə bilirdi. Həmin pullar xəzinədarda yığılır və xeyirxah işlərə işlədilirdi.

   Padşah oyununun tarixi şəkli ilə indiki durumu müqayisə olunduqda zaman keçdikcə bir çox şeylərin itirildiyi görünür. Qabaqlar bu mərasim daha geniş ərazidə qeyd olunurdusa, tədricən onun əhatə dairəsi daralmağa başlayıb. Qubadlı, Laçın, Cəbrayıl sakinləri yurdlarından köçkün düşəndən sonra bu mərasimi demək olar ki, keçirmirlər...

  

   S.Qaliboğlu

 

Mədəniyyət.- 2018.- 20 mart.- S.11.