Cümhuriyyətin 100 illik
yubileyi münasibətilə Çində
konsert proqramı
Müsəlman Şərqində ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubiley tədbirləri çərçivəsində Çinin Siçuan vilayətinin inzibati mərkəzi olan Çendu şəhərində konsert proqramı təşkil olunub.
Ölkəmizin Çin Xalq Respublikasındakı səfirliyinin Siçuan vilayət hökumətinin dəstəyi ilə təşkil etdiyi konsertdə gənc tarzən Şəhriyar İmanov və onun qrupunun ifasında etno-caz musiqisi böyük maraqla qarşılanıb. Qrupun ifasında “Əlində sazın qurbanı” xalq mahnısı, Fikrət Əmirovun “Laylay”, Səid Rüstəmovun “Hardasan” mahnıları, tarzənin özünün bəstələdiyi “Ağlayan şəlalə”, gənc bəstəkar və mahir pianoçu Etibar Əsədlinin müəllifi olduğu kompozisiyalar səslənib.
Konsertin ikinci hissəsində çinli musiqisevərlər Azərbaycanın muğam sənəti ilə yaxından tanış olublar. Gənc ifaçılar Hüseyn Məlikov, Nigar Şabanova, tarzən Kamal Nuriyev, kamança ifaçısı Ceyhun Muradovun təqdimatında səslənən muğamlarımız, xalq mahnılarımız, “Leyli və Məcnun”dan parçalar, “Şahnaz” təsnifi, “Qarabağ şikəstəsi” tamaşaçıları Azərbaycan musiqisinin sehrinə salıb.
* * *
Bu günlər Çendu şəhərində "Musiqi Olimpi" Beynəlxalq festivalı da keçirilir. Festivala Azərbaycanın Əməkdar artisti, Dövlət Akademik Opera və Balet Teatrının dirijoru Əyyub Quliyev də qatılıb.
Martın 17 və
18-də reallaşan konsertlərdə dirijor Əyyub Quliyevin rəhbərliyi
altında Siçuan Simfonik
orkestri rəngarəng proqramla
çıxış edib. Beynəlxalq festival martın 23-nə qədər davam edəcək.
Mədəniyyət.- 2018.- 20 mart.-
S.2.