Qlobal Bakı Forumu
çərçivəsində kitab sammiti keçirilib
Forumun bir qrup iştirakçısı
Milli Kitabxanada olub
VI Qlobal
Bakı Forumu çərçivəsində martın 18-də Beynəlxalq
kitab sammiti təşkil olunub. Milli inkişafda, mədəni irsin qorunmasında və gələcək nəsillərə ötürülməsində
kitabın əhəmiyyəti,
eləcə də kitabxanaların gələcəyi
mövzusuna həsr olunan sammitin açılış sessiyası
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin
həmsədri İsmayıl
Serageldinin moderatorluğu
ilə keçib.
Sessiyada Latviyanın sabiq prezidenti Vayra Vike-Frayberqa yazılı nitqin yaranmasından, kitab çapının tarixindən, Xorvatiyanın
sabiq rəhbəri İvo Yosipoviç elektron kitabların müasir insanların həyatındakı rolundan,
Latviyanın sabiq prezidenti Valdes Zatlers ölkəsinin kitab, bilik təcrübəsinin
tarixindən danışıb.
Kitabxana Assosiasiyaları və İnstitutları Beynəlxalq
Federasiyasının sabiq
prezidenti İnqrid Parent
kitabxanaların rolundan
söz açıb, kitabların insanlara daha humanist olmasında kömək etdiyini bildirib.
Sammit sonra panel müzakirələrlə
davam edib.
“Kitab
və mədəni irsimizin qorunması” mövzusunda panel sessiyasında
internet arxivinin təsisçisi
Briyuster Kahle rəqəmsal kitabxana materiallarının toplanması
və qorunub saxlanılması üçün
gördükləri işlərdən
bəhs edib. Dünya Bankının keçmiş
baş məsləhətçisi
Nadere Çamlo dahi Azərbaycan şairi Nizami Gəncəvinin fikirlərinə
əsaslanaraq deyib ki, bilik hər
kəsə açıq
olmalıdır.
Beynəlxalq kitab sammitinin
məqsədi milli-mədəni
kimliyin və sivilizasiyanın qorunmasında
kitabın və kitabxanaların rolunu vurğulamaqdır. Sammit ABŞ Konqres
Kitabxanası və Misirin İsgəndəriyyə
Kitabxanasının birgə
təşəbbüsü ilə 2012-ci ildən keçirilir. Bakıdakı kitab sammiti sayca
yeddinci idi.
* * *
Martın 19-da VI Bakı Qlobal
Forumunun iştirakçısı
olan kitabxana işçiləri Milli Kitabxanada olublar. Onlar öncə Qlobal forumun kitabxana işçiləri
üçün panel iclasında
təqdimatı keçirilən
Milli Kitabxananın nəzdində fəaliyyət
göstərən “Açıq
kitabxana”nı görmək istədiklərini
bildiriblər.
Xidmət işləri üzrə
direktor müavini Ə.İsmayılova qonaqlara
mədəniyyət və
turizm naziri Əbülfəs Qarayevin təşəbbüsü əsasında
həyata keçirilən
layihədən, burada
oxuculara göstərilən
elektron və onlayn xidmətlərdən,
kitab təqdimatları,
şeir gecələri,
uşaqlarla keçirilən
tədbirlərdən danışıb.
Qonaqlar “Açıq kitabxana”nın çox kreativ, innovativ əsaslı və əhəmiyyətli bir layihə olduğunu vurğulayıblar.
Sonra heyət kitabxananın oxu zallarını, şöbələrini gəzib,
kitab verilişi proseslərinin avtomatlaşdırılması
və Milli Kitabxananın iş təcrübəsi ilə
tanış olub.
Daha sonra qonaqlar direktor Kərim Tahirov ilə
görüşdə kitabxana haqqında öz təəssüratlarını
bölüşüblər. Qonaqlara Azərbaycanla
bağlı kitablar, milli
suvenirlərimiz hədiyyə edilib. Sonda xatirə şəkli çəkdirilib.
Mədəniyyət.- 2018.- 20 mart.-
S.5.