Regionların mədəni həyatına rəng
qatacaq pilot layihə
Dövlət siyasətinin bir çox istiqamətlərində müşahidə olunduğu kimi, mədəniyyət sahəsində də daim yeni və daha təkmil formatlar axtarışı aparılır. Ölkənin və bütövlükdə millətin inkişaf prosesinin uğuru xeyli dərəcədə məhz mədəniyyət sahəsində uğurlardan asılıdır. Ölkə rəhbərliyinin bu sahəyə xüsusi diqqəti sayəsində Azərbaycanda mədəniyyət yalnız ənənələrin dəstəklənməsi vasitəsi deyil, cəmiyyətin və dövlətin humanitar inkişafının təsirli alətlərindən biridir. Mədəniyyət sahəsi üzrə həyata keçirilən hər bir layihə gələcəyə xidmət edir və ölkədə yaşayan xalqların humanitar rifahını təmin edir.
Qeyd olunanlar müstəvisində Mədəniyyət və Turizm Nazirliyinin növbəti təşəbbüsü olan "Qəbələ pilot layihəsi" müstəsna əhəmiyyətə malikdir. Layihənin qarşısında duran əsas strateji hədəflərin qeyd olunması kifayət edir ki, sözügedən təşəbbüsün vacibliyini və zərurətini bir daha aşkar görə bilək. Belə ki, burada regionların mədəni həyatının daha rəngarəng edilməsi, turistlərə göstərilən mədəni xidmətlərin təkmilləşdirilməsi, mədəniyyət işçiləri arasında təşəbbüskarlıq və yaradıcı keyfiyyətlərin inkişafı, yeni peşə səriştələrinin formalaşdırılması, əhalinin mədəniyyət müəssisələrinə marağının artırılması, kitab oxuma vərdişlərinin formalaşdırılması, mədəniyyət müəssisələrinin rayonun sosial-siyasi həyatında oynadıqları rolun gücləndirilməsi və s. bu kimi məsələlərin adını çəkə bilərik.
Mart ayı ərzində layihə çərçivəsində cəmi bir neçə tədbirin təşkil olunmasına baxmayaraq, nazirliyin bu təşəbbüsü yerli əhali və mətbuat tərəfindən böyük maraqla qarşılanıb. Layihənin əsas xüsusiyyətlərindən biri odur ki, tədbirlər açıq səma altında və ya təhsil müəssisələrində təşkil olunur. Tədbirlərin ümumtəhsil orta məktəblərində təşkil olunması eyni zamanda mədəniyyət müəssisələrinin uşaq və yeniyetmələr arasında tanıdılmasına xidmət edir.
Layihənin əsas icraçı qurumlarından biri Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzdir. Mərkəzin təşkilatçılığı ilə ilk mərhələdə layihədə il ərzində yaxından iştirak edəcək rayonun kitabxanaçıları üçün ixtisaslaşmış təlimlər təşkil olunub. Müxtəlif mütəxəssislərin, o cümlədən Bakı Dövlət Universiteti müəllimlərinin iştirakı ilə təşkil olunmuş təlimlərdə müasir peşə səriştələri ilə bağlı, o cümlədən beynəlxalq təcrübə ilə tanışlıq məqsədilə mühazirələr oxunulub, müxtəlif təyinatlı çap materialları təqdim edilib.
* * *
Layihə çərçivəsində ilk kütləvi tədbir kimi Elmi-Metodik Mərkəz tərəfindən 6 mart tarixində mədəniyyət müəssisələrinin tanıdılması, kitab oxumaq ənənələrinin bərpası məqsədilə Qəbələ rayonunun Murad Əlibəyov adına Xırxatala kənd tam orta məktəbində “Kitabsevərlər klubu”nun təsis toplantısı keçirilib. Tədbirdə mərkəzin mütəxəssisləri “Kitabxanalarda mədəni-kütləvi tədbirlərin təşkili, yeni metodlardan istifadə” və “Mütaliənin vacibliyi və onun rituallaşdırılması yolları” adlı məruzələrlə çıxış ediblər.
İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin Qəbələ rayonu üzrə nümayəndəsi Nargilə Qafarova:
- Nazirliyin pilot layihəsi çərçivəsində rayonda keçirilən tədbirlər bizi çox sevindirir. İstər oxucu olaraq, istərsə də mədəniyyət işçisi kimi bunu çox önəmli tədbir hesab edirəm. Qəbələ rayonunda oxucular arasında uşaqlar çoxluq təşkil edir. Son vaxtlar böyüklər arasında mütaliəyə maraq azaldıqca uşaqlar kitaba doğru yönəlirlər. Uşaqlarla keçirilən tədbirlər, kitab bayramları, bədii qiraət müsabiqələri bu işdə böyük rol oynayır.
Qəbələ rayon MKS-nin
direktoru Anar Rüstəmli:
- Kitabxanaçılar
bu təşəbbüslə
əlaqədar öz üzərinə düşən
öhdəlikləri yerinə
yetirməyə çalışırlar.
Bizim kənd və qəsəbə kitabxana filiallarında bu cür tədbirlərin uğurla keçirilməsinə
zəmin yaradan əsas amil mütaliə ənənələrinin
bərpası və oxucuların kitabxanalara cəlb edilməsidir.
* * *
Layihə çərçivəsində
7 mart tarixində Qəbələ
rayon Heydər Əliyev
Mərkəzində təşkil
edilən növbəti
tədbir Beynəlxalq
Qadınlar Gününə
həsr olunmuşdu.
Rayonun müxtəlif sahələrində
çalışan fəal
qadınlara Mərkəz
tərəfindən təsis
olunmuş mükafatlar
təqdim edilib. Elmi-Metodik Mərkəzin direktoru Asif Usubəliyev rayonun müxtəlif müəssisələrində çalışan qadınları
təbrik edib və Heydər Əliyev mərkəzlərinin
regionların mədəni
və ictimai həyatında artan rolundan söhbət açıb.
* * *
Qəbələ rayonunun sakinləri
tərəfindən maraqla
qarşılanmış növbəti
tədbirlər Bum qəsəbə
və Tikanlı kənd tam orta məktəblərində keçirilib.
Martın 14-də Bum qəsəbə
orta məktəbində
“Gələcəyin üçün
oxu” şüarı altında görüş,
martın 15-də isə
Tikanlı kənd orta məktəbində “Azərbaycan mədəniyyəti”
mövzusunda açıq
dərs təşkil edilib.
Tədbirlərdə
Elmi-Metodik Mərkəzin
direktoru Asif Usubəliyev, İsmayıllı
Regional Mədəniyyət və Turizm İdarəsinin Qəbələ
rayonu üzrə nümayəndəsi Nargilə
Qafarova, rayonun mədəniyyət işçiləri,
ictimaiyyət nümayəndələri
iştirak ediblər.
Hər iki məktəbdə şagirdlər arasında
viktorina keçirilib,
məktəblərə kitablar
və “Qarabağ silsiləsi” layihəsindən
“Qarabağ mifləri”
toplusu hədiyyə edilib.
Mərkəzin əməkdaşları Məzahir Qarayev, Nurəddin Babazadə, Elnarə Hacıyeva və Ceyhun Əhmədov nazirliyin təşəbbüsü ilə
icra olunan layihə haqqında məlumat veriblər.
Sonda hər iki məktəbin ibtidai sinif şagirdləri tərəfindən hazırlanmış
vətənpərvərlik ruhlu ədəbi kompozisiyalar, mahnı və rəqs nömrələri təqdim
olunub.
Bum qəsəbə
ümumi orta məktəbinin direktoru Məlahət Dadaşova:
- Uşaqlar keçirilən tədbirlərdə
iştirak etməyə
həvəslə səy
göstərirlər. Bu, uşaqlar üçün
çox maraqlıdır,
onların gələcəyi
üçün böyük
önəm daşıyır.
Bu cür aksiyalar
uşaqları mütaliəyə
cəlb edir.
Tikanlı kənd tam orta məktəbinin direktoru Nurəhməd Məmmədcanov:
- Bədii qiraət və ədəbi kompozisiyalarda iştirak məktəbli uşaqların ümumi inkişafına böyük
təsir göstərir
və onların vətənpərvər ruhda
tərbiyələnməsinə səbəb olur. Bunun üçün biz mütaliəyə
daha çox üstünlük veririk.
Çalışırıq ki, məktəb
kitabxanasındakı kitabları
uşaqların arasında
təbliğ edək.
Tikanlı kənd tam orta məktəbinin ana dili müəllimi Şükür Əzizov:
- Mən istəyirəm ki, öz şəxsi inkişafı üçün
uşaqlar mütaliəyə
üstünlük versinlər.
Ona görə də mən çalışıram
ki, istər dərs zamanı, istər yay tətillərində onlara
müxtəlif bədii
ədəbiyyatların seçimində
və əldə olunmasında köməklik
göstərim. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən
bu kimi tədbirlərin
davamlı şəkildə
keçirilməsi uşaq
və yeniyetmələr
arasında kitab oxuma vərdişlərinin
formalaşmasına səbəb
olur.
Ədəbiyyat
müəllimi Hürü
İbrahimova:
- Kitab oxumadığım bir gün mənim “ölü” günüm sayılır. Çalışıram ki, bu vərdişi şagirdlərimə
də təlqin edim.
8-ci sinif şagirdi Nübar Bayramlı:
- Məktəbimizdə
təşkil olunmuş
bu tədbir çox maraqlı idi. Biz dostlarla
birlikdə söz verdik ki, daha
çox kitab oxuyacağıq.
* * *
Layihənin birinci mərhələsinin
sonu olaraq martın 16-da Qəbələnin
məşhur Nic qəsəbəsində
sakinlərin ilk səyyar
kitab sərgisi təşkil olunub. Sərgidə Qəbələ rayon MKS-nin Mərkəzi kitabxanası ilə yanaşı, Nic qəsəbə
və Çuxur Qəbələ, Mıxlıqovaq
kənd kitabxana filialları da iştirak edib.
Tədbirdə
Nic qəsəbəsi 2 saylı
tam orta məktəbin
direktoru Valeri Marderosov, kəndin Yaradıcılıq mərkəzinin
direktoru Vitali Koçarxoy, “Ürayın”
Mədəniyyət mərkəzinin
direktoru Oleq Danakari, məktəblilər
və kənd sakinləri də çıxış edərək
rayon və kənd kitabxanalarında latın qrafikalı əlifbada uşaq ədəbiyyatının
azlığını nəzərə
alaraq bu cür səyyar kitabxanaların böyük
əhəmiyyət kəsb
etdiyini bildiriblər.
Elmi-Metodik Mərkəzin direktoru
Asif Usubəliyev ölkəmizdə mədəniyyət
sahəsində görülmüş
işlər, nazirliyin
sözügedən layihəsinin
əhəmiyyəti və
yerli əhali tərəfindən onun dəstəklənməsinin vacibliyi
haqqında geniş çıxış edib.
Kitab oxuma ənənələrinin
bərpa olunması, savadlı, vətənpərvər
nəslin formalaşmasında
böyük əhəmiyyət
kəsb edən bu cür tədbirlərin
gələcəkdə daha
intensiv şəkildə
təşkil olunacağını
bildirən A.Usubəliyev
yerli əhalini bu təşəbbüslərdə
fəal iştirak etməyə çağırıb.
Nic qəsəbə
Uşaq musiqi məktəbi yetirmələrinin
Azərbaycan, udi və ingilis dilində bədii qiraət kompozisiyası sərgiyə gələnlərə
xoş ovqat bağışlayıb. Tədbirin sonunda
Mərkəz tərəfindən
təsis olunmuş mükafatlar məktəbin
direktoruna və fəal iştirakçılara
təqdim edilib.
Nic qəsəbə
Yaradıcılıq mərkəzinin
direktoru Vitali Koçarxoy:
- Nicdə müxtəlif tədbirlər
təşkil olunur. Amma bu sərgi üçün
nazirliyə təşəkkür
etmək istəyirəm
ki, Nicdəki 5 məktəbdən məhz
bizim məktəbi seçmisiniz. İstəyirəm ki, bizim udi
ənənələrinin qorunması
və təbliği ilə bağlı olan kitabların sayı da artsın.
Nic qəsəbəsi
2 saylı tam orta məktəbin direktoru Valeri Marderosov:
- Sözün düzü, burada kitablara həsr olunmuş tədbirlər təşkil olunmayıb. Bu ilk tədbirdir və
sizə çox minnətdaram ki, şagirdlərimizə, valideynlərə
və müəllimlərimizə
nə qədər sevinc və xoş təəssürat
bəxş etmisiniz.
Nic qəsəbəsi
4 saylı orta məktəbin tarix müəlliməsi Sevil Ağayeva:
- Çox gözəl sərgidir. Ümid edirəm ki, belə tədbir bizim məktəbdə də təşkil olunacaq. Səbirsizliklə gözləyəcəyik.
Rayonun və xüsusilə də kəndlərin mədəni həyatına rəng qatan “Qəbələ pilot layihəsi” çərçivəsində Novruz bayramı münasibətilə Qəbələnin mərkəzi küçələrində və bir sıra iri kəndlərində silsilə bayram tədbirlərinin təşkili də nəzərdə tutulub.
Mədəniyyət.- 2018.- 20 mart.- S.8.