Vaşinqtonda “Leyli və
Məcnun” konsert-tamaşası nümayiş
etdirilib
Martın 22-də Vaşinqton şəhərində Üzeyir Hacıbəylinin dünya şöhrətli “Leyli və Məcnun” operasının konsert-tamaşasının premyerası olub. Yeni versiyada təqdim olunan əsər ABŞ-ın məşhur Kennedi Mərkəzinin “Opera Evi” zalında nümayiş etdirilib.
Operadakı ifaları iştirakçılara Azərbaycanın Xalq artisti Alim Qasımov və sənətkarın qızı, Əməkdar artist Fərqanə Qasımova çatdırıb. Layihə müasir xoreoqrafiya sənətinin ən məşhur simalarından biri Mark Morrisin rəqs qrupu tərəfindən reallaşdırılıb. İfalarda məşhur violonçel ifaçısı Yo-Yo Manın rəhbərlik etdiyi “İpək Yolu” ansamblı da iştirak edib.
Kennedi Mərkəzinin mətbuat açıqlamasında deyilir ki, bu operanı 1908-ci ildə Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyli Yaxın Şərqdə və digər mədəniyyətlər arasında məşhur olan, Nizami Gəncəvi və Məhəmməd Füzulinin qələmə aldıqları faciəvi sevgi hekayəti əsasında yazıb. Qərbdə daha çox tanınan “Romeo və Cülyetta” hekayəsinə bənzər, lakin ondan əvvəl yazılan “Leyli və Məcnun” əsəri çoxsaylı incəsənət formatlarında nümayiş etdirilib. Bu layihənin ən önəmli simalarından biri, görkəmli muğam ustası Alim Qasımovdur. On iki il əvvəl o, “Leyli və Məcnun”un yeni versiyasının yaradılması barədə öz fikrini məşhur violonçel ifaçısı Yo-Yo Ma ilə bölüşüb, məhz o vaxtdan da Azərbaycan musiqisinin incisi olan “Leyli və Məcnun” ABŞ-ın ən nüfuzlu musiqiçilərinin diqqət mərkəzindədir.
Mark
Morris müasir xoreoqrafiya dünyasında ən
tanınmış sənətkarlardandır. 2016-cı ildə
nüfuzlu “Nyu-York Tayms” qəzeti onu
“hazırda fəaliyyət göstərən ən uğurlu və ən çox
təsir göstərən xoreoqraf”
adlandırıb. Mark Morrisin “Leyli
və Məcnun” operasına marağı
2007-ci ilə təsadüf
edir. O zaman Yo-Yo Manın
rəhbərlik etdiyi
“İpək Yolu” ansamblı Alim və Fərqanə Qasımovlarla birgə ilk dəfə olaraq bu operanın yeni, yığcam versiyasını ABŞ-da,
Kanadada, Avropanın və Asiyanın bir neçə ölkəsində ifa etmişdi. Nəhayət, 2016-cı ildə bu layihə reallaşdı. Həmin
ilin mart ayında Mark
Morris Bakıya səfər
edib, Alim Qasımovla və digər musiqiçilərlə
görüşüb, Azərbaycan
musiqisi və mədəniyyəti ilə
tanış olub. Həmin səfərdən sonra “Leyli və
Məcnun” layihəsi öz əsas, həlledici mərhələsinə
qədəm qoyub.
Son iki il ərzində konsertlər
ABŞ-ın bir çox şəhərlərində,
o cümlədən Berklidə,
Sietlda, Ənn Arborda, Çikaqo və Nyu-Yorkda Amerika auditoriyasını heyran qoyub. Hər tamaşanın
əvvəlində gənc
muğam ifaçıları,
muğam müsabiqəsinin
laureatları Kamilə
Nəbiyeva və Mirələm Mirələmov
öz məharətli
ifaları ilə tamaşaçıları sanki
muğamın sirli-sehrli
dünyasına dəvət
ediblər. Alim Qasımovun
ansamblının üzvləri
Əməkdar Artist Rauf
İslamovun (kamança)
və Zəki Vəliyevin (tar) məharətli
və professional ifalarını
da xüsusilə qeyd etmək lazımdır.
“Leyli
və Məcnun” layihəsinin təməlini
qoyanlardan biri də 2017-ci ildə dünyasını dəyişən
britaniyalı rəssam
Hovard Hockindir. O,
qədim Şərq miniatürlərinin dərin
araşdırılması əsasında
səhnənin tərtibatını,
rəqqasların və
musiqiçilərin geyiminin
dizaynını hazırlamışdı.
“Leyli və Məcnun” layihəsində, həmçinin
tanınmış Azərbaycan
musiqişünası, Üzeyir
Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, hazırda İndiana Universitetində
müəllim kimi fəaliyyət göstərən
Aida Hüseynova da iştirak edib. O, layihənin elmi məsləhətçisi kimi
tamaşalardan əvvəl
“Leyli və Məcnun” əsərinə
həsr olunmuş simpoziumlarda məruzələrlə
çıxış edib.
“Leyli
və Məcnun” operasının Mark Morris tərəfindən
hazırlanan yeni versiyası Azərbaycan musiqisi, mədəniyyəti
üçün önəmli
və tarixi bir hadisədir. Məhəmməd Füzulinin
şeir dünyası,
Üzeyir Hacıbəylinin
musiqisi, Alim Qasımovun sənəti, ulu muğamımız, bir sözlə, Azərbaycan mədəniyyətinin
bütün bu inciləri ABŞ-ın ən nüfuzlu konsert salonlarında musiqisevərlərə çatdırılıb.
Vaşinqtonun Kennedi Mərkəzində
“Leyli və Məcnun” operası martın 23 və 24-də
də nümayiş etdirilib.
Mədəniyyət.-
2018.- 28 mart.- S.4.