“Dünyanı gözəllik xilas edəcək”

 

   Tanınmış modelyer Fəxriyyə Xələfova beynəlxalq müsabiqədə iştirak edib

  

   Daşkənddə “Dünyanı gözəllik xilas edəcək” devizi altında “Miss Union Fashion-2018” beynəlxalq müsabiqəsi keçirilib.

   Ölkəmizin Özbəkistandakı səfirliyi və səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) dəstəyi ilə keçirilən müsabiqəyə Avropa, AsiyaAfrika ölkələrindən dəvət olunan modelyerlər qatılıb. Tanınmış modelyer, Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova müsabiqənin münsiflər heyətində yer alıb.

   Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiyanın Tatarıstan, Başqırdıstan respublikalarının nümayəndələri, Yunanıstan, İsrail və digər ölkələrdən gələn qızlar milli paltarda səhnəyə çıxıb, ifa və rəqs məharətlərini göstərib, müxtəlif suallara cavab verib, öz ölkələrinin mədəniyyətini, adət-ənənələrini müasir üslubda təqdim ediblər.

   Sonra “Sarı gəlin” Azərbaycan xalq mahnısının sədaları altında Fəxriyyə Xələfovanın bu festival üçün məxsusi hazırladığı 12 milli qadın libasından ibarət kolleksiyası nümayiş etdirilib. Geyimlərin hazırlanmasında özbək ipəyindən də istifadə olunub.

   Festivalın sonunda təşkilatçılar və münsiflər heyətinin üzvləri səhnəyə dəvət edilib. Fəxriyyə Xələfova "Miss Unionun rəmzi olan xüsusi mükafata layiq görülüb.

   Səfir Hüseyn Quliyev təşkilatçılara minnətdarlığını bildirib, tədbirin əhəmiyyətindən danışıb.

   Sonra qaliblərin adları açıqlanıb. Qazaxıstan nümayəndəsi Qran prinin sahibi olub. Birinci-üçüncü yerləri Özbəkistan, Türkiyə və Yunanıstan təmsilçisi tutub.

   Azərbaycan təmsilçisi Lalə Məmmədova “Miss şarm” nominasiyasında qalib olub.

 

Mədəniyyət.- 2018.- 28 mart.- S.6.