Ağsuda ənənəvi Tərəkəmə
çərşənbəsi folklor
festivalı keçirilib
19-21 mart tarixində Ağsu rayonunun Gəgəli kəndində III Beynəlxalq Tərəkəmə Çərşənbəsi Folklor Festivalı keçirilib. Festival “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və Həqiqət Musayev adına Gəgəli kənd ümumi orta məktəbi nəzdindəki Tərəkəmə folkloru araşdırma və təbliğat qrupunun təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyi İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsi, Ağsu Rayon İcra Hakimiyyəti, AMEA Folklor İnstitutu, “AzGranata” və “Allprint” şirkətlərinin təşkilati dəstəyi ilə gerçəkləşib.
Tədbir çərçivəsində professor Kübra Əliyeva və tanınmış keçə rəssamlarından Mehriban Əliyeva kənd orta məktəbinin şagirdləri üçün çətən sənəti və keçə sənəti üzrə ustad dərsləri keçiblər.
Festival meydanında qurulmuş sərgidə əvvəlki Tərəkəmə çərşənbəsi festivalları zamanı Azərbaycan, Türkiyə və Gürcüstan fotoqraflarının çəkdiyi fotolar, rəsm əsərləri, Nərgizava nekropolundan aşkar olunmuş arxeoloji materiallar, kənd sakinlərinin müxtəlif əl işləri, palaz və xalçalar, tərəkəmə alaçığı, yuxa və qutab bişirilməsi nümayiş olunub.
“Miras” ictimai birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli artıq ənənə halını almış festivalın əhəmiyyətindən danışıb. Qeyd edib ki, festivalda Azərbaycanın yaradıcı kollektivləri ilə yanaşı, Türkiyə, Gürcüstan, Rusiya və İranın da müxtəlif folklor qrupları iştirak edirlər.
Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev Tərəkəmə çərşənbəsi folklor festivalına uğur arzu edib, tədbirin mədəni irsin təbliği ilə yanaşı turizm baxımından önəmini vurğulayıb.
AMEA Folklor İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Afaq Mustafayeva, Qars Qafqaz Universiteti Mədəniyyət şöbəsinin müdiri Çetin Adıgüzel, Dərbənd Azərbaycan Dövlət Dram Teatrının (Rusiya Federasiyası) direktoru Firdovsi Əskərov, “Dostlar üçün Gürcüstan” Assosiasiyasının prezidenti Tamara Basilaşvili, İran Aşıqlar Birliyinin üzvü Arif Həmidi, AMEA Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri Kübra Əliyeva və Gəgəli kənd məktəbinin direktoru Sabit Abdullayev festival iştirakçılarını salamlayıblar.
Festival iki
gün boyunca bədii hissə ilə davam edib. Gəgəli kənd orta
məktəbinin nəzdindəki
Tərəkəmə folkloru
araşdırma və
təbliğat qrupunun
üzvləri maraqlı
proqramla çıxış
ediblər. İsmayıllı rayonunun “Lahıc” folklor qrupu özünəməxsus
ifa tərzi ilə yerli folkloru təqdim edib. Ağsu rayonu “Xançoban”
folklor ansamblı
festival boyunca öz ifaları ilə seçilib. Dərbənd Azərbaycan Dövlət
Dram Teatrının aktyorları
Novruz adət-ənənələrini
yenidən canlandırıblar.
“Miras” musiqi
qrupunun üzvləri Ruslan Adıgözəlov və Cahandar Mikayılovun ifasında xalq mahnıları səsləndirilib. Qars Qafqaz
Universitetinin müəllimi
Çetin Adıgüzel
Azərbaycan xalq mahnılarını ifa edib. Gürcüstanın “Sameba” ansamblı
gürcü xalq mahnılarından ibarət
geniş proqram, “İlori” uşaq folklor qrupunun üzvləri isə gürcü rəqslərini
təqdim ediblər.
İran Aşıqlar Birliyinin üzvü Arif Həmidi və qadınlardan ibarət dəf ansamblının ifası festivala rəng qatıb. Aşıq Amil Bicolu və
aşıq Rza tərəkəmələrin ruhunu
oxşayan saz havaları ifa ediblər. Ağsu şəhəri Aslan Nadirov adına
1 nömrəli məktəb-liseyin
şagirdləri bayramla
bağlı kompozisiya,
Azərbaycan Dövlət
Mədəniyyət və
İncəsənət Universitetinin
tələbələri isə
tamaşa təqdim ediblər.
Festival günlərində
qonaqlar Ağsuda yerləşən “AzGranata”
şirkətinin qida sənayesi zavodu, Azərbaycanın ən yaxşı konservasiya edilmiş arxeoloji abidələrindən olan
Orta əsr Ağsu şəhəri arxeoloji turizm kompleksi ilə tanış olublar.
Martın 21-də səhər
tezdən tərəkəmə çərşənbəsi
tonqalı qalanaraq heyvanların iki od arasından
keçirilməsi mərasimi izlənilib. Festivalın son günü bütün ifaçı, təşkilatçı
və iştirakçılara sertifikatlar
təqdim olunub.
Mədəniyyət.- 2018.- 28 mart.-
S.10.