Xəyallardakı vüsalın hicranı
gerçək həyatda yaşanar
"Nuri-didə Ceyhun"
tamaşasından doğan təəssürat
...Hər işin arxasında bir ideya durur.
Sonra həmin ideyanı gerçəkləşdirmək üçün bir layihə qurulur, həmin layihəyə də işi bacaranlar qoşulur. İdeya isə bu idi ki,
bir müddət, təxminən bir il öncə Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev mühacirət ömrü
yaşamış görkəmli
ziyalı, yazıçı-publisist
Ceyhun Hacıbəylinin
"Bir il xəyallarda və bütöv bir ömür" kitabını
oxuyur və bu xatirə əsərinin səhnə
təcəssümünü reallaşdırmaq qərarına
gəlir.
Tamaşaya quruluş vermək
üçün Əməkdar
incəsənət xadimi,
rejissor Mehriban Ələkbərzadə teatra
dəvət olunur.
Əsəri ikilikdə təkrar
nəzərdən keçirdikdən
sonra qərar verirlər ki, ürəyi Vətən həsrəti ilə çırpınan Ceyhun Hacıbəylinin yalnız
röyada qovuşduğu
əzizlərinin intizarını
qələmə aldığı
alleqorik-mistik əsərin
bu şəkildə səhnə təcəssümü
mümkün deyil.
Odur ki, əsər əsasında pyesin yazılması üçün
yazıçı-dramaturq Əli
Əmirliyə müraciət
edirlər. Əsər yazıldı,
uzun aylar davam edən hazırlıq-məşq prosesi
başa çatdı
və martın 10-da
"Nuri-didə Ceyhun"
tamaşası ilk dəfə
oynanıldı.
Bu əsərin
səhnəyə çıxmasında
əlamətdar məqamlar
çoxdur.
Birincisi, bu tamaşa
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik
şanlı yubileyinə
dövlət teatrlarından
ilk töhfədir.
İkincisi, bu tamaşa
müstəqil Azərbaycan
fədaisi Ceyhun Hacıbəylinin 125 illik yubileyinə sanballı töhfədir.
Üçüncüsü, "Nuri-didə Ceyhun" ilə nəinki Ceyhun bəy, həm də Üzeyir bəy bədii obraz kimi ilk dəfə səhnədə
görünür.
Başlıcası, bütün sadalananlar
bu ideyanı gerçəkləşdirən, ona səhnə həyatı bəxş edən böyük yaradıcı heyətin necə bir məsuliyyətli
işə qol qoyduğunu yetərincə
anladır.
Quruluşçu rejissor tamaşada
baş qəhrəman
obrazını hazırda
Mədəniyyət və
İncəsənət Universitetində
pedaqoji fəaliyyət
göstərən, lakin
teatrsevərlərin hələ
pantomima səhnəsindəki
məharətli oyunu ilə yaxşı tanıdığı Əməkdar
artist Pərviz Məmmədrzayevə
həvalə edib.
Onun Ceyhun bəy obrazı ilə səhnəyə qayıdışı
quruluşçu rejissorun
da, elə teatrın da uğurlu tapıntısıdır.
Tamaşa boyu haldan-hala düşən,
xəyalında anası,
qardaşı Üzeyir
bəylə söhbətləşən,
Parisə yığışdıqları
ilk gündən arvadı
Zöhrənin vətən
həsrəti, maddi çətinlik, övlad təlaşları ilə
dolu narazılıqlarına
sinə gərən gənc Ceyhundan ta ahıl yaşını
qürbətdə haqlayan,
övlad itirən, bir missiya kimi
daşıdığı haqq
savaşından zərrəcə
də soyumayan diplomat,
yazıçı, ictimai
xadim Ceyhun bəyədək "böyüyən"
qəhrəmanını bacarıqla
canlandıran aktyor ustalığı və öz təbiətindəki
xarizması ilə bitkin obraz yaratmağı
bacarıb.
Tamaşaçılardan alqış payı
qoparan ikinci ümumiləşdirilmiş obraz
olan Frençli rolunda cəmi bir epizodda görünən
Əməkdar artist Şövqü
Hüseynov oldu. Görkəmcə repressiya dövrünün
baş cəlladı Beriyanı, jestləri və arxiv materiallarından
bəlli olan ifadələri ilə Mircəfər Bağırovu
xatırladan aktyor Üzeyir bəy (aktyor Elçin İmanov) ilə ittiham dolu söhbətində
çox inandırıcı
idi.
Tamaşanın üçüncü maraqlı tapıntısı
isə yenə də cəmi bir epizodda görünən
Əməkdar artist Anton Ferşdant
oldu. Opera musiqisini sevənlər bu ismə və
bu səsə yaxşı bələddirlər.
Bu mövsümdən Musiqili Teatrda çalışmağa başlamış
A.Ferşdant rus bölməsində "Silva" tamaşasında Ferri obrazı ilə səhnəyə çıxdıqdan
sonra Azərbaycan dilində tamaşa oynamaqla maraqlı debüt etdi. Belə bir fikir də
irəli sürmək
olar ki, aktyor rusdillidir və onun Azərbaycan
dilində əcnəbi
kimi təhriflərlə
danışması təbiidir.
Lakin unutmayaq ki, məhz
fransız ləhcəsi
və fransız ədası danışmaq,
üstəlik, yüksək
çinli məmur qılafında səhnəyə
çıxaraq tamaşaya
rəng qatmağı
bacarmaq A.Ferşdantın
nailiyyətidirsə, solistin
daxilindəki dram aktyoru
istedadını hiss etmək
quruluşçu rejissorun
uğurudur.
Dram aktyoru
demişkən, tamaşadakı
digər əsas rolları elə teatrın öz aktyorları ifa edirlər. Üzeyir bəyin obrazı
Elçin İmanovun ifasında gözləntiləri
o qədər də doğrultmadı. Tamaşadakı üç qadın obrazında - Ceyhunun anası Şirinbəyim, Ceyhunun arvadı Zöhrə və bacısı Zayad rollarında Xalq artisti Fatma Mahmudova,
aktrisalar Gülnarə
Abdullayeva və Ülviyyə Əliyeva çıxış edirdilər.
İş orasındadır
ki, bu teatrda
janr xüsusiyyətindən
hər üç aktrisa indiyədək komik əsərlərdə
çıxış ediblər
deyə, onları dramatik rolda "həzm etmək" təkcə seyrçi üçün deyil, həm də aktrisaların özləri
üçün də
çətin idi. Baxmayaraq ki, xaraktercə deyib-gülən,
ya da obrazın
özü üçün
dediyi kimi, “arsız olan” Şirinbəyim rolu həvalə edilmiş Fatma Mahmudova bütün qabiliyyətini
səfərbər edib
qürbətdə qalan
övladının həsrətini
çəkən ana,
üzü gülüb
qəlbi ağlayan qadın obrazı yaratmağa çalışdı,
müəyyən səhnələrdə
bu istəyinə nail oldu da. Digər iki
aktrisa da pyesdə obrazlarının
bir xətt üzrə inkişaf etməsi üzündən
qarşılarında qoyulan
tələblərə öz
ifaları ilə cavab verə bildilər. Zöhrənin ən böyük
faciəsini pyesin finalında yaşayan Gülnarə xanımın
tamaşa bitdikdən sonra, premyera qaydalarına uyğun olaraq, daha uzun
sürən alqışlanma
mərasimində hələ
də obrazda olduğu, göz yaşlarını saxlaya bilmədiyi salondan aydın görünürdü.
"Nuri-didə
Ceyhun" tamaşasında
tamaşaçını sarsıdan,
əsərin məğzini
açan çox uğurlu yanaşmalar diqqəti çəkir, səhnə və musiqi tərtibatında maraqlı tapıntılar
var. Sadə səhnə
quruluşunda podiumun vəziyyətini dəyişməsi,
zaman və məkan fərqini silən, diyircəklər
üzərində quraşdırılmış
boş qapı çərçivəsindən keçmişə və gələcəyə xəyali
səyahət tamaşaçını
da səhnədə baş verən hadisələrin içinə
aparır.
Tamaşaçını ən çox sarsıdan məqamlardan biri birinci hissənin sonunda Azərbaycanın Avropada müstəqil dövlət olaraq tanıdılmasından ötrü Parisə ezam edilmiş nümayəndə heyəti üzvlərinin (aktyorlar - Nadir Xasıyev, Firuz Məmmədov və Şaban Cəfərov) Ceyhun Hacıbəyli ilə birlikdə ilk diplomatik uğurlarının sevincini yaşadıqları zaman Cümhuriyyətin süqutu xəbərini alması və bu hadisənin keçmiş SSRİ-nin himninin oxunması ilə müşayiət edilməsi oldu.
* * *
"Nuri-didə Ceyhun" tamaşasının təhvil verildiyi gündən heç bir ay keçməyib. Musiqili Teatrın artıq formalaşmış imicinə ilk baxışda yad görünən tamaşa ilə bağlı artıq mətbuatda bir-birindən fərqli fikirlər yer almaqdadır. Onu ilin tamaşası kimi qiymətləndirənlər də var, bu səhnə əsərinə bir qədər köhnədəbli yanaşma tərzi ilə münasibət bəsləyənlər də var. Məsələn, Bakıdan ayrılmaq istəməyən, körpə uşaqla Fransada ana-bacıdan uzaq yaşamaqdan qorxan Zöhrəni getmək üçün dilə tutan Ceyhunun Paris həyatını təsvir edərkən kafe-şantan qızlarının səhnədə rəqsinin belə ciddi əsərə yaraşmadığı, Şirinbəyimin sırf qadın, ana, qayınana düşüncəsinin məqbul sayılmadığı barədə fikirlər həmin yazılarda yer alır. Belə düşünənlər inciməsinlər, amma bu cür fikirlərin kökündə sovet dövrünün partiya-sovet liderləri, inqilabçılar, qəhrəmanlar haqqında çəkilən filmlərdə, qoyulan tamaşalarda təlqin edilən tam müsbət və ciddi, həm də adi insani hislərdən məhrum obrazlar yada düşür. Yenidən süni qəhrəmanların səhnədə, ekranda görünməsi kimə və nəyə lazımdır?
Tamaşa üçün çox gözəl musiqi parçaları seçilib (quruluşçu dirijor və musiqi tərtibatçısı - Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev), Üzeyir bəyin, həmçinin digər böyük Azərbaycan bəstəkarlarının əsərlərindən seçmələr bir-birini uğurla tamamlayır. Quruluşçu rejissordan və tamaşanın janrından - metafora konsepsiyasından irəli gələn fikirlərin bədii tərtibatla (quruluşçu rəssam - Vüsal Rəhim) tamamlanması nöqsanları ört-basdır edir.
Olsun ki, nə vaxtsa "Nuri-didə Ceyhun" pyesinin təkrar quruluşları da səhnəyə vəsiqə alacaq. Əslində Mehriban Ələkbərzadənin bu quruluşunu təkcə Musiqili Teatrın tamaşası kimi yox, daha çox antrepriz (konkret quruluş üçün yığılan yaradıcı heyət) tamaşası kimi görmək də maraqlı olardı. O zaman paytaxtın müxtəlif teatrlarının truppasına yaxşı bələd olan rejissor aktyor heyəti baxımından daha uğurlu tamaşa təqdim etmiş olardı.
Gülcahan
Mirməmməd
Mədəniyyət.- 2018.- 28 mart.-
S.11.