Dünyadan Novruz mənzərələri

 

   2009-cu ildə UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilən, 2010-cu ildə BMT Baş Assambleyasının qəbul etdiyi qətnaməyə əsasən beynəlxalq gün statusu qazanan Novruz bayramı artıq bütün bəşəriyyətin mədəni mirası, dünyanın dörd yanında qeyd edilən bayramdır. Builki bayram da Azərbaycanın, eləcə də Novruzu bayram edən digər ölkələrin xaricdəki səfirliklərinin, habelə diaspor təşkilatlarımızın ortaq səyləri ilə dünyanın bir çox yerlərində şənlik və mərasimlərlə qeyd olundu.

  

   Pekində Novruz şənliyi

  

   Azərbaycanın, Qazaxıstanın, Özbəkistanın, Türkmənistanın, Qırğızıstanın və Tacikistanın Çindəki səfirliklərinin birgə təşkilatçılığı ilə Pekində Novruz şənliyi keçirilib.

   Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı xalqımızın ən əziz bayramlarından olan Novruzun ölkəmizdə təntənəli şəkildə keçirildiyini diqqətə çatdırıb. Novruz bayramı adət-ənənələrinin dünya mədəni irsinin mühüm tərkib hissəsi olduğunu deyən səfir bildirib ki, dünyada 300 milyondan çox insan tərəfindən qeyd edilən, sülh, dostluq və tolerantlıq ideyalarını özündə birləşdirən Novruz BMT ideallarını tam əks etdirir.

   Mərasimdə iştirakçı ölkələrin milli yeməklərindən və şirniyyatlarından ibarət xüsusi guşələr təşkil olunub. Azərbaycan guşəsində plov, kabab, dolma, kükü ilə yanaşı, təqdim olunan Novruz şirniyyatları qonaqların xüsusi marağına səbəb olub.

   Gənc xanəndələr Hüseyn Məlikov, Nigar Şabanova, tarzən Kamal Nuriyevkamança ifaçısı Ceyhun Muradovun təqdimatında Azərbaycan musiqisi səslənib.

  

   Vaşinqtonda bayram havası

  

   Vaşinqton şəhərinin tarixi Meridian Beynəlxalq Mərkəzində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan səfirliklərinin təşəbbüsü ilə Novruz bayramı geniş şəkildə qeyd olunub. Tədbirdə diplomatik korpusun nümayəndələri, Amerika ictimaiyyətinin üzvləri, Konqresin rəsmiləri iştirak ediblər.

   Mərkəzin rəhbəri Stüart Holidey Novruzun qədim adət-ənənələrə malik olduğunu qeyd edərək bu bayramın ümidin, təbiətin yeniləşməsinin, eləcə də dostluğun, sülh və əməkdaşlığın təzahürü olduğunu deyib.

   Sonra Azərbaycan və Orta Asiya ölkələrinin incəsənət ustalarının iştirakı ilə milli rəqslər ifa olunub, konsert verilib. Azərbaycanı təmsil edən “Silk Road” rəqs qrupu “Arşın mal alan” rəqsini milli geyimdə ifa edib. İştirakçı ölkələrin milli mətbəx nümunələri təqdim olunub.

  

   Meksika Senatında təntənəli mərasim

  

   Meksika Senatının binasında Beynəlxalq Novruz Günü qeyd olunub. Tədbir Meksika Senatının Xarici Əlaqələr Komissiyasının təşkilatçılığı, Azərbaycan, İran, Pakistan, Türkiyə və Gürcüstan səfirliklərinin dəstəyi ilə keçirilib.

   Senatın prezidenti Ernesto Kordero tədbirdə iştirak edən qonaqları salamlayaraq baharın gəlişi və torpağın oyanmasından xəbər verən Novruz bayramının birgə qeyd edilməsindən məmnunluğunu bildirib.

   Azərbaycanın Meksikadakı müvəqqəti işlər vəkili Məmməd Talıbov çıxış edərək bu bayramın qonaqpərvərlik, qarşılıqlı hörmət, səmimiyyət, dostluq, mərhəmət və bərabərlik kimi dəyərlərinin xalqımızın mənəvi həyatına nüfuz etdiyini söyləyib, Novruz bayramı ilə bağlı Azərbaycanda mövcud olan adət-ənənələrdən söz açıb.

   Tədbir zamanı ölkəmizin mədəniyyəti, mətbəxi və tarixinə aid materiallar paylanılıb, qonaqlara ənənəvi Novruz süfrəsinin şirniyyatları təqdim olunub.

  

   Ər-Riyadda “Bahar şənliyi və Xeyriyyə bazarı”

  

   Ər-Riyadda Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Tacikistanın Səudiyyə Ərəbistanı Krallığındakı səfirliklərinin birgə təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuşBahar şənliyi və Xeyriyyə bazarı” adlı tədbir keçirilib.

   Ölkəmizin Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayev xalqımızın Novruz adət-ənənələrindən, bu qədim bayramın Azərbaycanda necə qeyd olunmasından danışıb. Daha sonra səfirlər türk dünyasının birliyinin simvolu olan “dəmir döyülməsi” mərasimində iştirak edibNovruz tonqalının üzərindən tullanıblar.

   Tədbirdə musiqilərimiz səslənib, rəqslərimiz nümayiş olunub. Səfirliyimiz tərəfindən ölkəmiz üçün ayrılmış guşədə xalqımızın adət-ənənələrini, tarix və mədəniyyətini əks etdirən jurnallar, Azərbaycanın görməli yerlərinin fotoşəkilləri, milli geyim və suvenirlər nümayiş etdirilib, qonaqlara milli mətbəximizin ləziz təamları təqdim olunub.

  

   Belçikada dostluq şənliyi təşkil olunub

  

   Belçikanın Ham şəhərində Belçika-Azərbaycan Dostluq Cəmiyyəti və Ham Bələdiyyəsi tərəfindən ənənəvi Novruz şənliyi təşkil olunub.

   Ham şəhərinin meri Dirk De Vis, Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ayxan Dəmirçi çıxış edərək bu qədim bayramın önəmindən bəhs ediblər. 2017-ci ildə Ham şəhərinin bələdiyyə binası qarşısındakı mərkəzi meydanda ucaldılmış “Qarabağ atı” abidəsinin AzərbaycanBelçika arasında sıx dostluq əlaqələrinin rəmzi olduğu vurğulanıb.

   Sonra Azərbaycan xalqının bayram adət-ənənələri ilə bağlı iştirakçılara məlumat verilib. Azərbaycanlı müğənni Çingiz Mustafayev tərəfindən musiqilərimiz ifa olunub. Milli şirniyyat və mətbəx nümunələrindən ibarət bayram süfrəsi açılıb.

 

   İsraildə Novruzu səbirsizliklə gözləyirlər

  

   Azİz” Beynəlxalq Assosiasiyası tərəfindən İsraildə keçirilməsi artıq ənənə halını almış Novruz bayramı ölkədə bir hadisəyə çevrilib. Vaxtilə Azərbaycanda yaşayıb, sonra İsrailə köçmüş ölkə vətəndaşları bu bayramı səbirsizliklə gözləyirlər. Onlar Novruzu qeyd etmək üçün bu dəfə Kiryat-Yam şəhərində assosiasiyanın şəhər bölməsinin rəhbəri Sevin Hanukayevin sahibi olduğuDel Mar” restoranında bir araya gəliblər.

   Kiryat-Yam şəhərinin meri David Even Sur belə təntənəli tədbirdə iştirakından məmnun olduğunu bildirib. Merin müavini, vaxtilə Azərbaycanda yaşamış Adam Amilov Novruz bayramının onun uşaqlıq xatirələrində necə qalmasından danışıb.

   Qonaqlar Azərbaycan xalq musiqisinin, həmçinin müğənnilər - Sarit YosefTomer Əliyevin ifasında səslənən mahnıların sədaları altında rəqs ediblər.

 

Mədəniyyət.- 2018.- 28 mart.- S.16.