Sumqayıt teatrında “Zülmətdə nur”
Sumqayıt Dövlət Dram Teatrında Nizami Muradoğlunun mənzum pyesi əsasında hazırlanan “Zülmətdə nur” tamaşasının premyerası keçirilib.
Azərbaycan Xalq Cümhuriyyətinin 100, Hüseyn Cavidin anadan olmasının 135 illiyi münasibətilə səhnələşdirilən əsərə teatrın baş rejissoru, Əməkdar artist Firudin Məhərrəmov quruluş verib. Tamaşanın quruluşçu rəssamı Mustafa Mustafayev, musiqi tərtibatçısı Telman Qəniyevdir. Obrazları əməkdar artistlər İlahə Səfərova, İzaməddin Bağırov, Rauf Ağakişiyev, Cəlal Məmmədov, aktyorlar Oqtay Mehdiyev, Habil Xanlarov, Sədaqət Nuriyeva, Şəhla Məmmədova, İlham Səfərli, Dağlar Rüstəmov, İlahə Səfərova, Şəmistan Süleymanlı və başqaları canlandırırlar.
Əsər repressiya qurbanı olmuş böyük mütəfəkkir şair Hüseyn Cavid ailəsinin faciəsinə həsr olunub. Eyni zamanda bu ailənin timsalında istiqlal şairləri Əhməd Cavadın və Mikayıl Müşfiqin də mənəvi-fiziki işgəncələri, zindan həyatları təsvir olunur. İnsan donuna girmiş İblis obrazı da demək olar ki, bütün tamaşa boyu qəhrəmanları qarabaqara izləyir. Rejissor Hüseyn Cavidin İblis obrazına verdiyi mizanlarla tamaşaçıları düşünməyə vadar edir.
Premyerada Milli Məclisin sədrinin birinci müavini Ziyafət Əsgərov, akademiklər - AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli, AMEA Əlyazmalar İnstitutunun direktoru Teymur Kərimli, Folklor İnstitutunun direktoru Muxtar İmanov, ziyalılar, təhsil, mədəniyyət işçiləri, şəhər İcra Hakimiyyətinin əməkdaşları iştirak ediblər.
Mədənityyət.- 2018.- 30
mart.- S.6.