Osmanlı miniatürləri Bakıda sənətsevərlərə
təqdim edildi
Martın 28-də Azərbaycan Milli İncəsənət Muzeyində Mədəniyyət və Turizm Nazirliyinin, Bakı Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə Osmanlı imperiyası dövründə miniatür ustaları tərəfindən çəkilmiş əsərlərdən ibarət sərginin açılış mərasimi keçirildi.
“Tarixi prosesdə Osmanlı miniatürləri” adlı sərgiyə toplaşanları salamlayan Bakı Yunus Əmrə İnstitutunun əməkdaşı Nuranə Tağıyeva sərginin mahiyyəti haqqında bilgi verdi.
Yunus Əmrə İnstitutunun direktoru Cihan Özdəmir söylədi ki, yarandığı çağdan dünyada ən böyük mədəniyyətlərdən sayılan Osmanlı dövləti mədəniyyəti təkcə tarix və ədəbiyyata deyil, eləcə də yetişdirdiyi miniatür ustaları ilə bəşəriyyətə böyük töhfələr verib. XV yüzildən başlayan Osmanlı miniatür sənəti imperiyanın süqutundan sonra da bəzi miniatürçü rəssamlar tərəfindən yaşadılıb.
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral sərginin təşkili üçün zəhmət çəkənlərə sayğısını ifadə edərək Osmanlı miniatürlərinin Azərbaycanda ilk dəfə sərgilənməsindən məmnunluğunu dilə gətirdi.
Tədbirdə vurğulandı ki, türk mədəniyyət tarixində Səlcuqlar, Teymurilər, Ağqoyunlu və Qaraqoyunlular, Səfəvilər, eləcə də Osmanlı dövlətində sənət fəaliyyətində miniatürün ayrıca yeri olub. Özəlliklə Osmanlı zamanında hər yüzildə böyük miniatür ustaları yetişib, onlar imperiyanın son çağlarına kimi gözəl əsərlər yaradıblar.
Qeyd edək ki, Milli İncəsənət Muzeyindəki sərgidə 40 tarixi miniatür nümayiş olunur. Sərgi martın 30-da yekunlaşacaq.
S.Qaliboğlu
Mədənityyət.- 2018.- 30
mart.- S.7.