Tarixi faciə
Mart soyqırımından 100 il keçir
1918-ci il
martın birinci yarısında Bakı Soveti ilə birləşən
daşnaklar hakimiyyəti bütünlüklə ələ
keçirmək üçün silahlı hücuma
hazırlaşmağa başladılar. Dövrün
tanınmış ictimai xadimi, yazıçı-publisist Mirzə
Bala Məmmədzadənin qeyd etdiyi kimi, “Qafqazda rusların elə
belə bir fərli-başlı qoşunu, təşkilatı
qalmamışdı ki, onları bölgədə
güclü hakimiyyətlə təyin edə bilsin. S.Şaumyanın Tiflisdə üsyan təşkil etmək
ciddi-cəhdi puç çıxdı. O, gürcü əsgərlərini
Seymə qarşı qaldıra bilmədi. Bu
hadisədən sonra onun qərargahının yeri dəyişib,
Bakıya köçdü və burada öz əməllərini
davam etdirmək üçün əlinə yaxşı girəvə
düşdü”.
Azərbaycan əleyhinə
hərbi-siyasi əməllərin cizgiləri get-gedə daha
aydın şəkil alırdı. Erməni
siyasi təşkilatlarının qarşıdakı hadisələrə
münasibəti birmənalı olmasa da, onların
hamısı mümkün qədər daha çox azərbaycanlını
öldürmək vəzifəsini irəli sürürdü.
Sol daşnaklar “mötədil planlar”a daha
çox meylli idilər. Bu planlar Bakı və
Bakı quberniyasını əhatə edirdi. Sağ daşnaklar isə bütün Azərbaycanda
əhalinin məhv edilməsini və burada öz siyasi hakimiyyətlərinin
qurulmasını zəruri sayırdılar. Erməni
Milli Şurası sağ daşnakların fikrini ifadə
edirdi.
Hadisələrin əsl mənası
və xarakteri hələ heç kəsə bəlli
olmadığı bir vaxtda ermənilərin aksiyaya necə
hazırlaşdığını şahidlərdən biri
sonralar belə xatırlayırdı: “Mart hadisələrindən
iki-üç ay əvvəl mən vaxtaşırı
S.Taqianosov və A.Arakelovlar ailəsinə gedib-gəlirdim. Rusiyadakı söhbətlərlə bağlı həmişə
deyirdilər ki, Bakıda vəziyyət daha da dəhşətli
olacaq”. Hücumdan az əvvəl, demək
olar, bütün ermənilər şəhərin müsəlmanlar
yaşayan hissəsindən köçmüşdülər.
“Daşnaksütyun”
partiyasının Mərkəzi komitəsi və onun rayon
bölmələri həmin gündən sui-qəsd qərargahlarına
bənzəyirdi. Bölmələr
şübhəli silahlı şəxslərlə
dolmuşdu. Çox vaxt digər erməni
siyasi partiya nümayəndələrinin, habelə bitərəf
ermənilərin və millətçilikdə
daşnakların özündən qat-qat betər olan tələbələrin
iştirak etdikləri gizli yığıncaqlarda
qarşıdakı aksiyanın bütün aspektləri
götür-qoy edilir, hadisələrin əsas qurbanları
müəyyənləşdirilirdi. Şəhərə
bir-birinin ardınca ermənilərin yeni-yeni dəstələri
gəlirdi.
İlk insident Bakıya gəlmiş
Azərbaycan ordu qərargahı üzvlərinin həbsi nəticəsində
baş verdi. Bu hadisə əhalinin
etirazına və qəzəbinə səbəb oldu, bazar və
dükanlar bağlanmağa başladı. “Müsavat”
partiyasının üzvləri xalqı sakitləşdirə
bildilər. Daşnaklar isə həbs
edilmiş zabitləri azad etməyə məcbur oldular. Şəhərin ayrı-ayrı rayonları həmin
vaxt azərbaycanlılar üçün təhlükəli idi.
Erməni siyasi partiya
və təşkilatları azərbaycanlı əhalinin
soyqırımını həyata keçirməyə
hazırlaşırdı. 1905-1906-cı
illərdə olduğu kimi, bu dəfə də erməni təşkilatlarının
terror əməllərinə inqilabi don geyindirilirdi. Bunu bolşevik Amiryanın sözləri də təsdiq
edir. O, açıq bəyan etmişdi ki,
“Daşnaksütyun” indi hətta bir qədər inqilabi rol
oynayır”.
Beləliklə,
bundan sonra baş verən hadisələr pillə-pillə
şəklini dəyişmiş və erməni təşkilatlarının
terrorçu fəaliyyəti 1918-ci ilin martında
özünün ən yüksək zirvəsinə
çatmışdı.
Martın 17-də
(köhnə təqvimlə) şəhərin ermənilər
yaşayan hissəsində erməni əsgərlərindən
ibarət iri-iri dəstələr peyda oldu. Onlar səngərlər qazır, daş-kəsək
və qumdan təpələr düzəldirdilər. Keçmiş Bakı şəhər rəisi
Ter-Mikaelyan ictimaiyyətin suallarına cavab verərək
bildirmişdi ki, ermənilər səngərləri
özünümüdafiədən ötrü qazırlar.
Martın 18-də daşnak-bolşevik
qoşunları Velikoknyajeski, Olginski və Vorontsovski
küçələrini tutdular.
Martın 19-da
sübhçağı silahlı erməni hissələri
şəhərin müsəlman məhəllələrinə
hücuma başladılar. Sonralar Azərbaycan Xalq
Cümhuriyyəti hökuməti yanında yaradılan Fövqəladə
İstintaq Komissiyası öldürülənlərin və
yaralananların sayını aydınlaşdırmaq istərkən
çox çətinlik çəkdi, çünki neçə-neçə
ev hələ də bomboş idi və
qırğından əvvəl orada yaşayan sakinlərin
sayını dəqiqləşdirmək üçün bir
kimsə tapmaq mümkün deyildi. Ermənilərin
şəhərin digər rayon və məhəllələrinə,
evlərinə hücumu zamanı pulemyotlardan istifadə
olunurdu. Qurbanların nə zənəninə,
nə kişisinə, nə də yaşına məhəl
qoyulurdu. Onlar artıq
“müsavatçıları” yox, ümumiyyətlə, müsəlmanları
qırır, nə sosial vəziyyətlərinə, nə də
partiya mənsubiyyətinə baxırdılar.
Daşnaklar vəziyyətdən
istifadə etməyə başladılar və müsəlman
mövqelərinə hücuma keçdilər, erməni əsgərləri
də onlara qoşuldular. Hadisənin şahidi olmuş vəkil,
Bakı şəhər rəisi Yakov Smirnovun dediyinə
görə, daşnaklar Bakıda yaşayış
binalarının kütləvi şəkildə
yandırılmasını təşkil edir və
yanğınsöndürmə dəstələrinin hadisə
yerinə gəlməsinə hər vasitə ilə mane
olurdular.
Erməni əsgərləri
“Kaspi” qəzetinin binasını, habelə “İsgəndəriyyə”
və “Dağıstan” mehmanxanalarını
yandırmışdılar. Həmin mehmanxanalarda qalan
müsəlmanların, demək olar, hamısı
öldürülmüş və yandırılmış,
“Karvansara” talan edilmiş və ona od
vurulmuşdu. Hərbi gəmilərdən şəhərin
müxtəlif rayonlarına bir neçə mərmi
atılmışdı.
Faciəni görənlər
nəql edirdilər ki, həmin günlər şəhərin
küçələri eybəcər şəklə
salınmış meyitlərlə dolu idi. Ermənilər nə uşaqlara, nə qocalara, nə
də qadınlara rəhm etmir, ucdantutma hamını
qırırdılar. Şəhərin
küçələrində görünməmiş vəhşilik
törədilirdi.
Əsir
alınmış bütün azərbaycanlıları
amansızcasına güllələmişdilər. Şahid Mirzə Əhməd Hüseynzadə
Vaçiyants adlı bir erməninin vəhşiliklərindən
söz açaraq deyirdi ki, o, azərbaycanlıların evlərinə
soxulur, onları əsir götürmək adı ilə yolda
öldürürdü.
Geniş sosial-iqtisadi
spektrə malik fəallar, təşkilatçılar və
erməni siyasi partiyalarının rəhbərləri qatil, cəllad
və talançı bandaların fəaliyyətini tənzimləmək
vəzifəsini son dərəcədə dəqiq yerinə
yetirirdilər. Daşnakların siyasi xadimləri
hətta talançılığı təşviq edirdilər.
Hadisələrin gedişi zamanı erməni təşkilatlarının
fəaliyyəti əslində kriminal səciyyə
daşıyırdı. Bu dəfə onlar
partiya mənsubiyyəti ilə yox, qanlı cinayət əməlləri
ilə bir-birinə daha çox bağlı idi. Baş vermiş hadisələrə görə,
şübhəsiz, Şaumyan və erməni millətçilərini
şirnikləndirən bolşevik liderləri tam məsuliyyət
daşıyırdılar.
Beləliklə,
bütün hakimiyyət Şaumyanın və onun
“komanda”sının əlində cəmlənmiş və əslində
müdafiəsiz qalmış şəhər, erməni
şovinistlərinin ixtiyarına verilmişdi. Mahiyyət etibarilə ermənipərəst Bakı
Sovetinin siyasi, sosial-iqtisadi və mədəni “dəyişdiricilik”
fəaliyyəti qanlı xaosla və hədsiz-hüdudsuz
özbaşınalıqlarla sona çatdı. Erməni siyasi təşkilatları tərəfindən
hazırlanmış və açıq-aydın hərbi
üstünlük səbəbindən müsəlman əhalisinin
məhvi ilə nəticələnmiş hadisələri
Bakıda hakimiyyətin hərbi yolla ələ alınması
cəhdi kimi də qiymətləndirmək olar.
Azərbaycan əhalisinin
nümayəndələri martın 20-də (yeni təqvimlə
1 aprel) müdafiəsiz müsəlmanların
qırğınına son qoymaq məqsədilə Bakı
Sovetinin rəhbərliyinə, daha doğrusu, Şaumyana
müraciət etdilər. Lakin qırğınlar
martın 21-dək ara vermədi. Həmin günlər minlərlə Azərbaycan
sakini məhv edildi, şəhərin iri məhəllələri
yerlə-yeksan olundu.
Bakı Sovetinin 20 mart 1918-ci il tarixli iclasında qeyd edildi ki, hadisələr
“Dikaya diviziya” dəstəsinin tərk-silah edilməsinin nəticəsi
kimi yox, Zaqafqaziyanın taleyini həll etmək naminə
taleyüklü aksiya oldu. Burada daşnakların
məqsədi açıq-aydın göstərilir. Bu məqsəd bolşeviklərin
havadarlığı ilə Cənubi Qafqazda erməni siyasi təşkilatlarının
hakimiyyətinin birinci mərhələsini təmin etmək
idi. Daşnak Nuricanyan bəyan etmişdi
ki, “Bakı şəhərində başlanmış əsl
inqilab bütün Zaqafqaziyaya yayılacaq”. O,
daşnakları hər vasitə ilə bolşevikləri dəstəkləməyə
çağırırdı. Sol eser Ter-Saakyan
“Bakı şəhərində ümumi demokratiyanın
aparıldığı güclü mübarizəni” cani-dildən
alqışlayırdı.
* * *
Azərbaycan
Respublikasının arxivlərində bu qanlı hadisələrlə
bağlı çoxlu sayda sənədlər, şahid və
zərərçəkmiş insanların ifadələri
saxlanılır.
Azərbaycan hökuməti
yanında Fövqəladə İstintaq Komissiyasının
istintaq protokolunda Bakı şəhər sakini Kərbəlayı
Səməd İsmayıl oğlunun istintaqa verdiyi ifadə: “Həmin
il martın 20-si idi. Ermənilərlə
bolşeviklər Bazar və Vrangel küçələrinin
tinindəki 4 N-li evdə yerləşən dükanımı
yarmışdılar”.
Ermənilərin vəhşilikləri
barədə Həmidulla Hacı Nifalı oğlu Əlibəyov
belə ifadə vermişdi: “Martın 20-də erməni əsgərləri
mənim Bazar və Kolyubyakinin küçələrinin tinindəki
“İsgəndəriyyə” adlı mehmanxanamı talan
etmiş, sonra da yandırmışdılar. Erməni əsgərləri
mehmanxanada beş nəfərdən
başqa qalanların hamısını nömrələrindəcə
öldürmüşdülər. Qətlə
yetirilənlərin hamısı müsəlman idi. Onların meyitləri mehmanxana binası ilə bir
yerdə yanmışdı”.
Ələkbər
Tağı oğlu ermənilərin “Dağıstan”
mehmanxanasındakı vəhşiliklərinin şahidi
olmuşdu. O, ifadəsində bildirirdi: “...erməni əsgərləri
mehmanxananı qarət etdikdən sonra ona od vurdular, 50-dən
çox müsəlman yandı. Karvansaranı da odladılar,
orada 100-dən çox müsəlmanın cəsədi
külə döndü...”
Dinc müsəlman əhlinə
qarşı görünməmiş vəhşilik və
barbarlıq əməlləri törətmiş daşnaklar
üstündən bir il keçdikdən
sonra həmin hadisələrdə “Müsavat”ı
suçlamışdı. Bu, tipik, sırf erməni
xislətinə xas olan bir hərəkət, həyasızlıq
idi. Guya “Müsavat”ın tutduğu mövqe üzündən
Bakıda siyasi vəziyyət gərginləşir, bu partiyanın
sovet hakimiyyəti ilə toqquşmasının
labüdlüyü hiss olunur.
Belə vəziyyət 17 mart
axşam saat 6-dək davam edir...” (“Vperyod” qəzeti -
“Daşnaksütyun” partiyasının orqanı, 6 aprel 1919-cu il).
Hələ Xalq
Cümhuriyyəti dövründə “Daşnaksütyun”
partiyasının mart hadisələrində məşum əməlləri
sənədlər əsasında sübuta yetirilmişdi.
Xüsusilə vurğulanmışdı ki, yerdə
qalan bütün erməni siyasi partiyaları və təşkilatları
həmin dövrdə daşnakların göstərişlərini
yerinə yetirirdilər. “Daşnaksütyun”
həmin qanlı sui-qəsdə rəhbərlik edirdi. Bütün vasitələr onun əlində idi.
Bu erməni partiyasının mənzil-qərargahı
vardı, orada orderlər verilirdi və oğurluq malla dolu
çoxlu sayda avtomobillər yüklərini onun anbarlarına
boşaldırdılar.
Erməni Milli
Şurası da qırğında azğıncasına rol
oynamışdı. Onun pul vəsaiti, ciddi
hərbi qüvvəsi vardı, halbuki Müsəlman
İctimai Təşkilatlar Şurası Bakıda vur-tut bir
praporşiklər məktəbinə və bir kiçik dəstəyə
malik idi.
Faciəli hadisənin şahidlərindən
A.Kvasnik adlı birisi sonralar, 1919-cu ilin yanvarında istintaq
komissiyasının üzvü Novatskiyə demişdi ki, həmin
hadisələrə vicdan əzabı çəkmədən
belə ad vermək olar: “Müsəlmanları məhv etmək
üçün əvvəlcə Bakıda, sonra da onun ətraf
rayonlarında daşnakların sui-qəsdlər törətməsi,
müsəlmanların bütün əmlakını zəbt
etməsi və onların bütün maddi və siyasi
üstünlüklərini yavaş-yavaş təbii şəkildə
öz əllərinə keçirməsi”.
* * *
Dəhşətli
hadisələr Qubada da baş vermişdi. Tarixi
araşdırmalar və arxiv materialları əsasında
müəyyən edilmişdir ki, 1918-ci il aprel ayının
sonlarında Şaumyan və Korqanovun xüsusi
tapşırığı ilə əsasən ermənilərdən
təşkil edilmiş 2000 nəfərlik silahlanmış dəstə
Quba qəzasına göndərilir: “Cəza dəstəsi”
adlandırılan bölməyə erməni generalı Amazasp
rəhbərlik edirdi. Bu erməni millətçisi müsəlmanlara
qarşı nifrətini gizlətmir və bildirirdi: “Hər bir
müsəlman düşməndir, yalnız ona görə ki,
o, müsəlmandır”. Erməni-daşnak
silahlı dəstələri Qubada sakitlik yaradılması
adı ilə milliyyətindən asılı olmayaraq, bölgədəki
bütün əhaliyə qarşı kütləvi
qırğınlar törətmişlər.
Bunu Amazaspın Quba əhalisi
qarşısında çıxışı da təsdiq
edir: “Mən bura göndərilmişəm ki, bütün
müsəlman xalqını qanına qəltan edim, Qubadan
Şahdağa qədər olan ərazini düm-düz edim”. David Gelovaninin Fövqəladə İstintaq
Komissiyasına verdiyi məlumatdan aydın olur ki, Amazaspın
silahlı dəstəsi siyasi məqsəd üçün
deyil, müsəlmanlardan “intiqam” almaq üçün göndərilmişdi.
Dəstə Quba qəzasında minlərlə kişi,
qadın və uşağı qətlə yetirmiş, əmlaklarını
mənimsəmiş və ya yandırmışlar.
Amazaspın yaxın silahdaşı Sergo Martıkyan
yazırdı: “Bizim dəstəmiz Qubanı tutmuşdur. Dəstənin bir hissəsi şəhərə
soxularaq qoca, qadın, kişi və uşaqları qəddarlıqla
öldürmüş və bu barədə heç bir yerdə
məlumat verməmişdir”.
Qırğınlardan sonra Amazasp
yazır: “Yoldaş Şaumyan, biz artıq vəzifəmizi
yerinə yetirdik, Quba qəzasında 10 mindən çox adam qırmışıq”.
Fövqəladə İstintaq Komissiyasının üzvü Novatski öz məlumatlarında yazırdı: “1 may 1918-ci il səhər tezdən general Amazaspın rəhbərliyi altında iki mindən artıq silahlı dəstə Quba şəhərini mühasirəyə aldı. Bu işdə ona köməkçisi Nikolay dəstək verirdi. Səhər tezdən “Cəza dəstəsi” şəhərə soxuldu. Onlar qabaqlarına çıxan hər bir insanı öldürür, evlərinə girərək bütün ailələri qəddarcasına qətlə yetirirdilər. Onların bu cinayət işləri nəticəsində 2000-dən çox dinc əhali, o cümlədən uşaq, qadın və kişilər müxtəlif ağlasığmaz üsullarla qətlə yetirilmişdir. Bu amansız soyqırımın başında Bakı XKS-nin komissarı Şaumyan və hərbi komissar Korqanov dururdu: “Ermənilər şəhəri dörd hissəyə bölərək, hər hissədə hərbi qərargahlar yaradırlar. Həmin qərargahlar ayrı-ayrılıqda mayın 1-i günortadan sonra qanlı qətllərə başlayırlar. Amansız qətllər mayın 9-na qədər davam edir. Mayın 9-da hərbi komissar Korqanov A.Ağacanyana teleqram göndərir: “Təcili şəhəri qaydaya salıb, adamlarınızı aradan çıxardın, Türk ordusu Qubaya yaxınlaşır”.
...2007-ci il aprel ayının 1-də Quba şəhərində, Qudyalçayın ətrafında torpaq işləri görülərkən kütləvi məzarlıq aşkarlandı. XX əsrin əvvəllərinə aid olan bu məzarlığın üzə çıxması tam təsadüf nəticəsində baş vermişdi. Qazıntı sahəsində insan cəsədləri ilə doldurulmuş 2 quyu və 2 arx aşkar edilmişdi.
500 kvadratmetrlik ərazidə aparılan qazıntılar bir çox faktları üzə çıxarmışdır. Aşkar edilmiş insan cəsədlərinin hamısının soyuq silah və küt alətlərlə xüsusi qəddarlıq və müxtəlif vəhşi üsullarla öldürüldüyü müəyyənləşdirilmişdir. Burada azərbaycanlılarla bərabər Qubada yaşayan ləzgilər, tatlar, avarlar və s. millətlərin nümayəndələri amansızcasına qətlə yetirilərək basdırılmışdır. Məzarlıqdan təxminən 400-dən artıq insan cəsədi aşkar edilmişdir. Onlardan 50-dən çoxu uşaq, 100-dən çoxu qadın, qalanları əsasən yaşlı kişilərdir.
Tədqiqatlar zamanı məlum olub ki, ermənilər dinc əhaliyə divan tutan zaman odlu silahdan istifadə etməyiblər. Buradakı insanların kəllə və digər sümüklərində bir dənə güllə yeri yoxdur. Onları balta, xəncər və digər küt alətlərlə vəhşicəsinə öldürüblər. Gözəçarpan faktlardan biri də heç bir bəzək əşyasının tapılmamasıdır. Bu isə göstərir ki, ermənilər bu insanları qarət edib, sonra isə işgəncə verərək öldürüblər.
Ermənilər Bakı quberniyasının müsəlmanlarını qıraraq, bütün Cənubi Qafqazda müsəlman əhlinin qətliamına başlamağı qarşılarına məqsəd qoymuşdular. Onlar öz məkrli məqsədlərinin bir hissəsini reallaşdıra bildilər. Lakin insanlığa qənim kəsilənlərin vandalizmi, Bakı əhalisi üzərində “qələbəsi” nəticə etibarilə istər ermənilər, istərsə də bolşeviklər üçün məğlubiyyətlə sonuclandı.
Lətifə Məmmədova
Mədəniyyət və Turizm
Nazirliyi Kitab dövriyyəsi sektorunun müdiri, dosent
Mədəniyyət.- 2018.- 30 mart.-
S.10.