Baharın gəlişinə sevinmədiyimiz tarix

 

     Azərbaycanlıların soyqırımı 100

 

 

 

   Mart qırğınları haqqında “Şeypur” jurnalından (1918) iki yazı  

   Daşnak-bolşevik ermənilərin 1918-ci ilin martında Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımından bir əsr ötür. Erməni silahlı dəstələrinin Bakıda, Qarabağda, Şamaxı, Quba, Lənkəran, Gəncəbasar, Naxçıvan və başqa bölgələrimizdə dinc əhaliyə qarşı törətdiyi misli görünməmiş kütləvi qırğınlar zamanı on minlərlə soydaşımız qətlə yetirilib. Yaşayış məntəqələri dağıdılıb, talan edilib, yandırılıb. 30-31 mart və 1 aprel tarixlərində təkcə Bakıda 12 minədək insan bu soyqırımının qurbanı olub.    

   Ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli fərmanına əsasən, 31 mart Azərbaycanlıların soyqırımı günü elan edilib. Prezident İlham Əliyev 18 yanvar 2018-ci il tarixində “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, qanlı mart qırğınlarının ildönümü ölkəmizdə müxtəlif tədbirlərlə qeyd olunur.    * * *

   Qanlı-qadalı hadisələr o dövrdə Bakıda və Tiflisdə nəşr olunan müxtəlif mətbuat orqanlarında da əksini tapıb. “Açıq söz”, “Bəsirət”, “İstiqlal”, “El həyatı”, “Azərbaycan” və s. qəzetlərdə mart qırğınları haqqında yazılar dərc olunub.

   1918-1919-cu illərdə Bakıda tanınmış publisist Məmmədəli Sidqinin (1888-1956) redaktorluğu və görkəmli şair, publisist Səməd Mənsurun (1879-1927) naşirliyi ilə çap olunanŞeypur” jurnalında da mart qırğınlarına geniş yer verilib.

   Qeyd edək ki, cəmi 14 nömrəsi işıq üzü görən jurnalın bütün sayları Əməkdar elm xadimi, professor Hüseyn Həşimli tərəfindən transliterasiya edilərək latın əlifbası ilə çapa hazırlanaraq 2014-cü ildə nəşr olunub. Jurnalda M.Sidqi, S.Mənsurla yanaşı, Cəfər Cabbarlı, Salman Mümtaz, Əliabbas Müznib, Əmin Abid, Məmmədəli Nasir və digər tanınmış ədiblərin aktual mövzularda bədii və publisistik əsərləri dərc edilib.

   Səməd Mənsurun jurnalın ilk sayında (5 oktyabr 1918-ci il) nəşr olunanQaçmaq günüdür!” taziyanəsi və Məmmədəli SidqininŞeypur” imzası ilə çap edilən “Altı ay” məqaləsində Bakının işğalına və mart qırğınına toxunulur.

   Satirada Qafqaz İslam Ordusunun Bakını işğalçılardan azad etməsindən doğan məmnunluq aşkar duyulur. Redaktorun oxuculara ünvanlanan “Altı ay” yazısında isə mart soyqırımının ağrılarının hələ də yaşandığına işarə edilir: “Bəli, altı ayda çox şeylər görmüsən. Bu altı ayda başına çox işlər gəlmişdir. Bir çox tarixi vəqəələr seyr etmisən... Altı aydır ki, gülməmisən. Mart hadisatından, bolşeviklərin təbirincə, vətəndaş müharibəsindən sonra suya batmış toyuq kimi suyu süzülə-süzülə büzülmüş bir tərəfdə qalmışdın. Öz şəhərində, öz evində özgə yerdən gəlmişlərin əli altında əzilirdin...

   O vaxtlar, doğurdan da, səni güldürmək olmazdı. Amma yeri gəlmişkən, qoy burasını da sənə deyim ki, indiyə qədər başımıza gələn fəlakətlərin hamısı elə bu gülməgimizdən olmuşdur. Bizim bir pis adətimiz var ki, hər bir şeyi gülməyə, zarafata salıb, öz başımıza əngəl açırıq. Bundan belə gülməyin və zarafatın yerini bilib, ciddi olmalısan...”.

   Göründüyü kimi, “Şeypur” dərgisinin əsas məramının ifadə olunduğu bu məqalədə müəllif M.Sidqi xalqımızı tarixin acı sınaqlarından düzgün nəticə çıxarmağa, taleyinə biganə olmamağa çağırır.

   Tariximizin bu qanlı səhifəsinin 100-cü ildönümü ərəfəsində “Şeypur” jurnalından iki yazını - S.Mənsurun “Pampuşalı” imzalı “Qaçmaq günüdür!” satirasını və M.SidqininŞeypur” imzası ilə dərc olunan “Nə istəyirlər?” məqaləsini təqdim edirik.

  

   Qaçmaq günüdür!

  

   Top nərəsi, qurşun səsi, at kişnəməsindən,

   Köylər dağılar, evlər uçar qülqüləsindən,

   Türk ordusu buysa ki, onun nərə səsindən

   Aləm dağılır, vaz keç hökumət həvəsindən.

   Qaçmaq günüdür, ingilis, Osman gəliyor. Arş!

   Qaçmaqda Mıkırtıç sənə, Hartun sənə yoldaş.

   

   Deyirdin Bakı, Dərbənd, Dağıstan sənin olsun,

   Tiflis sənin, Qars da sənin, Van sənin olsun.

   "Hayrik" olasan, cümlə Hayastan sənin olsun,

   Türk qoymadı, əfsus, bir ovdan sənin olsun.

   Qaçmaq günüdür, ingilis, Osman gəliyor. Arş!

   Qaçmaqda Mıkırtıç sənə, Hartun sənə yoldaş.

   

   Ey vah, o gözəl nəşəli xülya, o əməllər,

   Kim, can kimi bəslərdin onu sən neçə illər.

   oldu, hara getdi o təşəbbüs, o əməllər?

   İndi tüpürürlər sənə hər yerdə hər ellər

   Qaçmaq günüdür, ingilis, Osman gəliyor. Arş!

   Qaçmaqda Mıkırtıç sənə, Hartun sənə yoldaş.

   

   Bildin ki, əvaxirdə xətakar olacaqsan,

   Arvad-uşağın qatili, Bozzdar olacaqsan,

   Sonra gəbərib tövlədə murdar olacaqsan,

   Neyçün dedin, aləmlərə sərdar olacaqsan?

   Qaçmaq günüdür, ingilis, Osman gəliyor. Arş!

   Qaçmaqda Mıkırtıç sənə, Hartun sənə yoldaş.

   

   Əvvəl Bakıya gəlcək, a kirvə, havalandın,

   Xülyalara, röyalara əzbəs ki, inandın.

   Hər yerdə soxuldun işə, qızdın, havalandın,

   Top nərəsini lapdan eşitdin , oyandın.

   Qaçmaq günüdür, ingilis, Osman gəliyor. Arş!

   Qaçmaqda Mıkırtıç sənə, Hartun sənə yoldaş.

   

   Bəs ki, burada olmadı qalmaq sənə məqdur,

   Get Zəngəzura, Hində, o yerlərdə otur, dur!

   Qəm çəkmə, maraq etmə, unutmaz səni "Şeypur",

   Zira gələcək Hində qonaq ləşkəri-Mənsur.

   Qaçmaq günüdür, ingilis, Osman gəliyor. Arş!

   Qaçmaqda Mıkırtıç sənə, Hartun sənə yoldaş.

  

   Şeypurjurnalı, 5 oktyabr 1918-ci il

 

 

 

   istəyirlər?

  

   Erməni kirvələrin qədimdən bəri bir adətləri vardır ki, bir şey olan kimi elə bağırardılar ki, səsləri birbaş Yevropaya gedərdi. Yevropanın başı qarışıq olduğuna görə indi də Ermənistanın Tiflisdə olan vəkili Camaliyan əlini qulağının dibinə qoyub Kiyev komissarına qışqırır ki;

   - Adə, ay dığa! Qoyma, Gürcüstanda olan erməni qaçqınları soyuqdan, aclıqdan qırıldı.

   Qəzetlərin verdiyi xəbərlərə görə, Camaliyanın səsindən Tiflis yaxınlığında olan bir körpü bir balaca şikəst olmuşdur. Bundan əlavə, Tiflisdə çıxan erməni qəzetləri bütün Qafqaziyanın Ermənistana verilməsindən ötrü müharibə edib, qırılan ermənilərin tələf olmasından şikayət edib, Gürcüstan hökumətini bu qırğının qabağını almağa məcbur etmək üçün uzun-uzun məqalələr yazmaqdadırlar.

   Gürcüstan parlamanı da keçən günlərdə iclas qurub, Gürcüstanda olan ermənilərin Gürcüstan hökumətindən nə istədiklərini müzakirəyə qoymuşdur. Erməni qəzetlərinin şirin dilli məqalələrindən bəzi parçaları dəxi parlamanda oxumuşdur.

   O gün Gəncədən iki teleqraf gəlib ki, erməni saldatları Göyçə sərhədini keçib müsəlmanlara hücum etmişdilər. Altmış min müsəlmanın irzü-namusu, həyatı, malı və mülkü təhdid edilir. İndi Tiflisdə olan Camaliyana və erməni qəzetlərinə deyəsən ki, balam, bu, nə əhvalatdır? Özlərini eşitməməzliyə vurub deyəcəklər ki, qoymayın, erməni milləti qırıldı, qurtardı. Bu işlərdən belə görünür ki, ermənilər Ermənistana qənaət etməyib Rey havasına düşmüşdürlər.

   Xülasə, erməni kirvələr ərköyün bəslənmişlər. Onlar deyir ki, biz hər nə eləsək, siz danışmayın. Ancaq siz bir balaca əl tərpətsəniz, qiyamət qopardarız.

   Başını ağrıtmayım. Bu axır vaxtlar ermənilər özləri də bilməyir, nə istəyir?

  

   Şeypur” jurnalı, 16 noyabr 1918-ci il

  

   Hazırladı: Fariz Yunisli

 

Mədəniyyət.- 2018.- 30 mart.- S.11.