MUĞAMın Cabbar
MƏQAMı
Bu, düz yetmiş bir il canlı yaşanıb, hələlik ondan bir qədər çoxdur da ki, yaddaş, xatirə və efir-ekranlarda yaşanmaqda...
Bələk-şəllək “inqə”lərindən on-onbir il sonra sədalanıb bu sənət Səsi; hələ on üç yaşı tamamlanmamış. Heyrətamiz Səs-Avazla oxuya-oxuya qədimdən-qədim muğam ululuğumuzu əbədi məqam-oluluğumuza toxuyub - bu “növbəti Şuşa Möcüzəsi”! Ecazkar nəfəsi, bəni-adəm “cəh-cəh”lərilə ifaçılıq sənətimizə dünyəvi “bəh-bəh”lər yağdırıb - ilk bahar oğlu Qaryağdıoğlu...
Qeyri-adi vokal ustalığına B.Astafyev, Y.Braudo kimi akademiklərin, İppolitov, Qlier çəkili bəstəkarların heyran qaldığı, görkəmli musiqişünas G.Vinoqradovun “Qaryağdıoğlu aləminə bələd olmadan Azərbaycan musiqisinin tarixini yazmaq mümkün deyil” qənaətilə qiymətləndirdiyi, Şalyapinin “Əfsanəvi Şərqin möcüzəvi səsi”, Yeseninin “Şərq musiqisinin peyğəmbəri” adlandırdığı, bir italyan səyyahın “arıq bir boğazda yüzbir cür səs!” - deyə təzim etdiyi Cabbar Qaryağdıoğlu...
Anadilli qəzetlərimizdə yazılanlar bir yana, “Bakinski raboçi” böyük sənətkarımızın doğum günü ərəfəsində (27 mart 1938) öz rusdilli oxucularını belə müjdələyirdi: “Azərbaycan xanəndələrinin atası, respublikanın Xalq artisti Cabbar Qaryağdıoğlu xalq sənətkarlarının musiqi yaddaşının nə qədər zəngin olduğuna əyani nümunədir. Azərbaycan musiqi folklorunun bu canlı ensiklopediyasının yaddaşında 500-ə qədər müxtəlif mahnı və musiqi variasiyaları yaşayır...”
Yazısına pozu olmayan bir qəzetin “Azərbaycan xanəndələrinin atası” adlandırdığı bu sənətkarı məlum obyektiv və “naməlum” subyektiv səbəblərdən, dövrün “millət ataları” da yüksək qiymətləndirirmiş. Məsələn, Azərbaycan ədəbiyyatı və incəsənəti dekadasında Stalinin “Bəs, Qafqazın qoca qartalı hanı” sualını eşidən təşkilatçılar 15 saata C.Qaryağdıoğlunu Moskvada “hazır!” edirlər və bir neçə gün sonra “dahi rəhbər” onun “Şərəf nişanı” ordenilə təltif edilməsi barədə fərman imzalayır. Yerli “ellər atası” - M.C.Bağırov isə bu “Zər kişi”ni tez-tez nərd oynamağa dəvət etdirərmiş...
Bütün Şərq arealı mütəxəssislərinin fikirlərini ümumiləşdirmiş olsaq; yaşadığı dövrdə “vokal sənəti və dinləyici” tandemi məsələsində Cabbar Qaryağdıoğlu ilə müqayisə ediləsi ikinci bir müğənni yoxmuş. Adı “dünya vokalının yalnız və yalnız ən görkəmlilərilə yanaşı çəkilən bu sənətkar”ın çox güclü dramatik-tenor səsi həm də son dərəcə lirik-minor ruhu ilə seçilib. Lakin lent yaddaşlarındakı “antik nümunələr” şəhadət verir ki, mentallıqca, əsasən, ağrı-ağlaşma, mərsiyə-təziyə sədaları altında doğulmuş bu virtuoz sənətkar major muğamların, təsnif və mahnıların da mahir ifaçısı olub...
Bu fenomen öz unikal sənətkarlığı, dövrün “ən yüksək oktava sahibliyi” səbəbilə Avropanı belə heyrətə gətirərək özünü Varşavaya “apardıb” (1906), səsini qrammofon valına yazdırmış ilk azərbaycanlı xanəndə olub. Sədası İran şahının, Osmanlı sultanının açıq və “qapalı” məclislərindən gəlib...
Bura qədər “yad”lardan misallar gətirdik, yabançı olaylardan nümunələr verdik. Bir az da -
Özümüzünkülərdən
1913-cü ildə Tiflisdən Bakı milyonçusu Ş.Əsədullayevin qızının toyuna dəvət alıb, məclisi əzəldən axıra məftunluqda saxlayan və bax elə bu yazı qəhrəmanımızı hədsiz sevinc, həzz-feyzdən ağlatdıraraq, onun “aləmdə məşhur” qavalını özünə bağışlatdıran Seyid Şuşinski: “Cabbar oxuyanda, elə bil, qüvvətli bir dağ çayı daşaraq aləmi selə-suya bürüyüb qabağına qatırdı! Şükür ki, mən o seldən salamat çıxa bildim...”
Ayrı-ayrı söhbət, xatirə və yazılarında bu “yoxuşlar sənətkarı”nın yetmiş ilin hər birində bir zirvə fəth etdiyindən, fövqəladə istedad və füsunkar sənət ədaları ilə “musiqi tariximizin qızıl dövrünü yaratmasından”, səhnələrdəki ötərgi sükutu, oturuş-duruşu, adicə qaval vuruşuyla belə bənzərsiz sənət dramatizmindən bəhs etmiş Fikrət Əmirov: “Cabbar Qaryağdıoğlu xalq musiqisinin həm də düşünən beyni idi”.
Böyük müəlliminin öz universallığı ilə hər kəsin gözü qarşısında möcüzə yaratdığından bəhs edən Bülbül: “Azərbaycan musiqi tarixində C.Qaryağdıoğlu kimi “Heyratı”, “Mahur”, “Mənsuriyyə” ifa edən yoxdur”.
Saysız dostları içərisində ən yaxını Qurban Pirimov: “Bütün sənət ömrümü Cabbar Qaryağdıoğlu ilə keçirmişəm. Cabbar gözəl insan, əvəzedilməz xanəndə, zərif şair, məlahətli bəstəkar idi”.
Süleyman Ələsgərov: “Dünya vokal məktəbi tarixində heç bir müğənni 70 il oxumamışdır. Qaryağdıoğlunun təkrarolunmaz bir xüsusiyyətini də qeyd etmək istərdim ki, o, 84 yaşına kimi ancaq tarın do kökündə oxumuşdur. Bu isə ifaçılıq aləmində ağlagəlməz cəsarət, məharət və möcüzədir”.
Qızı Şəhla xanımın xatirələrindən isə, ən azı, Ustadın füsunkar “Rast”ının” “üşşaq”ı qədərincə:
“Mənim bir tərəfim şuşalıdır, bir tərəfim xızılı. Ailədə 8 uşaq olmuşuq; 6 bacı, 2 qardaş. Mən anadan olanda “Cabbar əmi” (biz də hamı kimi onu belə çağırırdıq) məni Şuşaya aparıb, İsa bulağında suya salıb, evə gətirəndə deyib ki, bu uşaq oldu tərtəmiz şuşalı...
Səsini göz bəbəyi kimi
qoruyardı. “Səs də Allah vergisidir” deyərdi. Muğamlara canından can verirdi. Eləsi vardı ki,
2-3 saat, bəzənsə,
ürəyindən olan
məclislərdə 4 saat
dayanmadan oxuyardı.
Mülayimdən də mülayim
idi atam. Bizi “dünyalar qədər!” istəyirdi. Təsəvvür
etməzsiz, ən çətin, hirsli məqamlarında da anama qarşı necə diqqətli idi! Qoy elə anamın
özündən eşitdiyim
“ilk əhvalat”ı da
deyim. Atam İçərişəhərdə ikimərtəbəli bir ev kirayələyibmiş.
Bir səhər aynadan həyətə baxarkən
bir qızın ağaclara su verdiyini görür və pəncərə ağzındakı koldan bir gül dərib
yerə atır.
Qız yuxarı baxanda atam bir könüldən
min könülə vurulur.
Demə, ev
sahibinin qızıymış.
Sabahısı dostlarını
elçi göndərir
və...
Günlərin birində Üzeyir
bəy atamı çağırıb deyir
ki, ekspedisiyalarda neçə-neçə el-ağız
nəğmələri toplamısan,
Konservatoriyada nə qədər mahnılar oxumusan, zümzümələrinlə
30-dan çox mahnı
nota köçürülüb. Bir sözlə, sənə
on min manat zəhməthaqqı
yazılıb. Get, kassadan
götür. Cabbar əmi
isə deyir, mən bu mahnıları
nə özümçün
yığıb-toplamışam, nə də pul üçün.
Hamısını bu xəzinənin öz sahibi üçün - xalq üçün etmişəm!..
1935-ci ildə Xalq artisti adına layiq görüldü atam.
Böyük qardaşımdan sonra bacımın da müharibəyə getdiyindən
xəbər tutan tanış-bilişlər “qız
uşağını da
müharibəyə yollayarlar?”
deyə atamı qınayanda, dedi, hamı necə, mən də elə...”
Vəfatından
bir gün əvvəl bizə dedi: “İnsan bu gün var,
sabah yoxdur. Nəbadə sabah
məndən ötrü
bir dövlət qapısına xahişə
gedəsiniz. Əgər
mən bu xalqa layiq bir
iş görmüşəmsə,
əvəzi gəlib məni də tapacaq, sizi də”.
Beş-on kəlmə də “özüm”dən:
1974-cü ildə
- bu azman muğam Ustadının vəfatının 30-cu ildönümündə
tələbə yoldaşlarımla
Filarmoniya bağından
keçərkən qulağım
bir dəstə sənət adamının
söhbətindən bu
sözləri çaldı:
“- Cabbar əmi uzun illər bu xalqın əsl toy-büsat dövranı olub... - Əşi, nəinki toy-büsat, həm də, bir-birindən geri qalmayan Nikolay-Lenin-Stalin
siyasi dövrlərinin
ictimai ovqatı, mənəvi məlhəmi,
ürək qutu da olub!”
Elə indi, qısaldılmış
variantı ilə tanış olacağınız söhbət
də ovaxtların yadigarı:
“Qoburnat”
(Filarmoniya) bağı
skamyalarının birində
“əyri oturub
(100-ü keçmələri səbəbilə) düz
danışan” iki qoca bir-birinin sözünə qüvvət
verə-verə “İrəvanda
xal qalmadı, ya xan?” mövzusunda
keçirdikləri “debat”da
ərz edirdilər ki, bu mahnını
Cabbar əmi İrəvanın toy məclislərinin
birində binələyib.
Qız atası sərpayı ilə xanəndəyə bir qızıl onluq göndərib buyurur ki, bu qəşəng
“bəy tərifi”nin ardınca bir gözəl “gəlin tərifi” də eləsin. “Köhnə kişilər”
onun iltimasına gülsələr də, Cabbar əmi madar qız atasının xətrinə
dəymək istəmir.
Amma bir şərtlə; gərək gəlini məclisə gətirsinlər
ki, o da, nişanələrinə baxıb
söz qoşa bilsin. Belə də olur.
Cabbar əmi gəlinin boy-buxununa baxıb, hərəkətlərini izlərkən
baxışları üzündəki
qoşa xalda ilişib qalır və tarzən Qurban Pirimova him edir ki, bəs,
“gəl dalımca”.
Haman mahnının məram-məğzi
isə bu olur ki, yəqin,
bu qoşa xala, bu ecazkar
gözəlliyə görə
bu mahalda çox dava-dalaşlar düşüb, qanlar tökülüb... və
güman ki, daha İrəvanda xan qalmayıb...
Belə deyilsə, onda,
əcəba, bəyəm
o gəlin İrəvan
boyda böyük bir mahalın xallarını yığıb
“üzünə düzdürüb”müşmü?
Beləliklə,
“bəy-xan” ifadələrindən
xoflanan sovetlərin qorxusundan xanəndələr
“xan”ı “xal” oxumağa başlayıblar...
Və bir az da -
bu
qədər sənət-həyat
gələnəkləri olmuş
sənətkarın mənşə-mənbə
keçənəyindən.
1861-ci il baharının ilk ayının son günündə - martın 31-də məmləkətimizin baharvari şəhərində (əlbəttə, Şuşada!) doğulub bu möcüzəvi Səs mücəssəməsi.
Bu “böyük körpə səs”dən xəbərdarlar onu lap kiçik yaşlarından musiqi-sənət ünvanlarına yönləndirirlər. Lakin “səsilə çıraq söndürən” bu oğlanın boyaqçı atası Cabbarı öz davamçısı etmək istəyirmiş. Qonşuluqda yaşayan Smirnov soyadlı bir həkimin məsləhətilə o özünü xəstəliyə vurur, uzun müddət “sağalmır” və nəhayət, “hörmətdi doxdur” “tərs ata”ya bildirir ki, uşağın xəstəliyi çox ciddidir, əgər ona oxumağa icazə verilməsə, xiffətdən tələf ola bilər. Beləliklə, işlər düzəlir; o, Şuşanın incəsənət məşhurlarından Xarrat Qulunun məktəbində oxuyur, el mahnılarını, təsnif və dəsgahları məharətlə mənimsəyib, ovaxtadək heç kimin vara bilmədiyi toy-mağar şöhrətlisinə çevrilir. Bənzərsiz zəngulə-qədəmlərilə günü-gündən sənət zirvələrinə ucalır və çox çəkmir ki, xanəndəlik sənətində yeni mərhələ açır. İlk olaraq, öz milli müəlliflərimizin şeirlərindən istifadə edərək, buna qədərki “farsdilli təsniflər ağalığı”nı aradan qaldırmağın bünövrəsini qoyur. On altı yaşında - o dövrədək heç bir zil xanəndənin qalxa bilmədiyi “Şüştər” zirvəsini, “Türkü-Şahnaz” qalasını necə fəth edirsə, qalalılar aylarla bu “səs hadisəsi”ndən danışırlar. Sonra məşhur tarzən Sadıqcan ona təklif edir ki, “Xandəmirovun teatr salonu”ndakı xeyriyyə gecəsində çıxış etsin və oradakı “Heyratı”sının səsi elə ertəsi gün Gəncə, Şamaxı, Bakı və digər şəhərlərdə əks-səda verir. 1905-ci ildə tarzən Q.Pirimov, kamançaçalan S.Oqenazaşvili ilə trio yaradır, sorağı Qafqazın hər bucağından gəlir. Tezliklə onu Orta Asiyaya, İrana dəvət edirlər.
Musiqi-ifaçılıq tariximizdə səsi qrammofon valına yazılan (1906) ilk azərbaycanlı xanəndə, peşəkar təşəkkülünə 11-cə il qalmış milli opera sənətimizin ilk ifaçısı (1897-də Şuşada hazırlanan “Məcnun Leylinin qəbri üstündə” səhnəciyində Məcnun) olub. Yaradılmasının əsas təşkilatçılarından olduğu Azərbaycan Dövlət Konservatoriyasında uzun illər klassik musiqidən dərs deyib, Azərbaycan Radiosunun, Dövlət Filarmoniyasının solisti olub.
İstərdim, hörmətli oxucularımız bu yazının lap son cümləsini sənətkarın cismani yoxluğundan bəri bütün Azərbaycan dinləyicisini hələ də sənət-mədəniyyət ovxarında saxlayan heyrətamiz “Heyratı”sı üstündə oxusunlar: Bu ölməz sənətkar 1944-cü il aprelin 20-də dünyasını dəyişib...
Tahir
Abbaslı
Mədəniyyət.- 2018.- 30 mart.-
S.13.