Azərbaycan ədəbiyyatı Berlində təqdim olunub

 

 

   Azərbaycan Tərcümə Mərkəzinin ədəbiyyatımızın dünyada tanıdılması və təbliği istiqamətində həyata keçirdiyi layihələrdən olan "Sirr" (Azərbaycan hekayələri) kitabı Berlində təqdim olunub.

   Mərkəzdən verilən məlumata görə, Almaniyanın “Hans-Yürgen Maurer” nəşriyyatında çap edilən kitabın təqdimat mərasimi Berlin Poeziya Evində baş tutub.

   Tədbirin moderatoru, filologiya elmləri doktoru Maykl Hess giriş sözündə kitabı XX əsr Azərbaycan ədəbiyyatı, mədəniyyəti, adət-ənənəsi və Azərbaycan xalqı ilə yaxından tanış olmaq üçün ədəbi pəncərə kimi səciyyələndirib. Bildirib ki, toplu ölkə və onun xalqı, milli mənəvi dünyası və düşüncəsi haqqında geniş təsəvvür yaradır.

   Kitabın Almaniya və Azərbaycan ədəbiyyatı arasında körpülərin yaradılmasında əhəmiyyətli rolundan danışan nəşrin ön söz müəllifi, Almaniyanın Vürtsburq Universitetinin professoru, Osvald fon Volkenştayn cəmiyyətinin sədri Ziqlinde Hartmann bu layihənin hər iki ölkənin söz mədəniyyətinə öz töhfəsini verəcəyini bildirib.

   Təqdimat mərasimində Tərcümə Mərkəzinin direktoru Afaq Məsud Azərbaycan ədəbiyyatının tarixindən, müasir mənzərəsindən, rəhbərlik etdiyi qurumun son illərdə həyata keçirdiyi layihələrdən söz açıb.

   Daha sonra topluda yer alan əsərlərdən parçalar oxunub. Almaniyalı aktrisa Nina Vestin ifasında Maqsud İbrahimbəyovun, Mövlud Süleymanlının Afaq Məsudun hekayələri təqdim olunub.

   Qeyd edək ki, müasir Azərbaycan ədəbiyyatının Cəlil Məmmədquluzadə, Mir Cəlal, İsa Hüseynov, Sabir Əhmədli, İsi Məlikzadə, Maqsud İbrahimbəyov, Yusif Səmədoğlu, Anar, Elçin, Mövlud Süleymanlı, Afaq Məsud kimi ədəbi simalarının hekayələri toplanmış kitabı alman dilinə almaniyalı və avstriyalı tərcüməçilər - Luts Engel, Helqa Pabl, Sena Doqan, Hilda Tanik, Marion Kubin-Semyonova, ValtrautVolfram Şröderlər çeviriblər.

 

Mədəniyyət.- 2018.- 30 mart.- S.15.