Görkəmli ədib, böyük alim, qayğıkeş pedaqoq

 

   Mir Cəlal. Biblioqrafiya” və “Mir Cəlalın milli idealları” kitablarının təqdimatı keçirilib

  

   Aprelin 30-da XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, nasir, ədəbiyyatşünas alim, professor Mir Cəlal Paşayevin anadan olmasının 110 illiyi münasibətilə Mədəniyyət NazirliyiMilli Kitabxana tərəfindən nəşr olunmuşMir Cəlal. Biblioqrafiya”, Nizami Cəfərovun “Mir Cəlalın milli idealları” kitablarının və “Mir Cəlal-110” elektron məlumat bazasının təqdimatı keçirilib.

   Milli Kitabxanada təşkil olunan tədbirdə rəsmilər, Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri iştirak ediblər.

   Milli Kitabxananın direktoru Kərim Tahirov çıxış edərək bildirib ki, “Mir Cəlal. Biblioqrafiya” kitabı görkəmli yazıçının həyat və yaradıcılığına aid zəngin materialları, habelə onun dünya kitabxanalarında saxlanılan nəşrlərini əhatə edir.

   Diqqətə çatdırılıb ki, ikinci dəfə çap olunan biblioqrafiyanın layihə rəhbəri mədəniyyət naziri Əbülfəs Qarayev, “ön söz” müəllifi Xalq yazıçısı Elçindir.

   Sonra tədbir iştirakçıları Mir Cəlalın ömür yolundan və zəngin yaradıcılığından bəhs edən filmə baxıblar. Filmdə ədibin yaradıcılığı 3 istiqamət üzrə - elmi, pedaqoji və yazıçı kimi işıqlandırılıb.

   Yazıçının 100 illiyi ilə bağlı UNESCO-nun baş qərargahında keçirilən möhtəşəm tədbiri xatırladan mədəniyyət naziri Əbülfəs Qarayev deyib ki, XX əsrin ədəbi-elmi fikrinin korifeylərindən sayılan Mir Cəlal Paşayev çağdaş Azərbaycan tarixində ədəbiyyatşünas-nəzəriyyəçi alim kimi də müstəsna və özünəməxsus yer tutub.

   Nazir deyib ki, ilk biblioqrafiyanın çapından ötən 12 il ərzində görkəmli ədiblə bağlı kifayət qədər əlavə materialların nəşr olunduğunu nəzərə alan Milli Kitabxana yazıçının 110 illiyi münasibətilə “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından daha mükəmməl və fundamental biblioqrafiya hazırlayıb. Oxuculara təqdim olunan bu biblioqrafiya daha da təkmilləşdirilib, yeni bölmələr və yarımbölmələr əlavə edilib. Burada ilk dəfə verilmişMir Cəlalın əsərləri dünya kitabxanalarında” bölməsində toplanan sənədlər ölməz sənətkarın irsinin bütün dünyada geniş yayılmasının əyani sübutudur.

   Vurğulanıb ki, Mədəniyyət Nazirliyi tərəfindən başlanılan “Azərbaycan kitabının dünyada tanıdılması” layihəsi çərçivəsində Mir Cəlal PaşayevinBir gəncin manifesti” romanı və “Füzuli sənətkarlığı” əsəri Türkiyədə çap olunub.

   Nazir Mir Cəlalın 1950-ci ildə Çexiyada çex dilində işıq üzü görən “Bir gəncin manifesti” romanının bərpa olunmuş nüsxəsini ədibin oğlu, ADA Universitetinin rektoru Hafiz Paşayevə təqdim edib. Qeyd edilib ki, bu, yazıçının rus dilindən sonra xarici dilə tərcümə olunmuş ilk əsəridir.

   Akademik Nizami Cəfərovun “Mir Cəlalın milli idealları” kitabının da ədibin irsinin daha geniş şəkildə öyrənilməsinə dəyərli töhfə olduğunu deyən Ə.Qarayev belə əsərlərin çapını həm ədəbiyyatımıza, həm də ədəbiyyatşünaslığımıza ən gözəl xidmət adlandırıb.

   Mir Cəlal. Biblioqrafiya” kitabının “ön söz” müəllifi, Xalq yazıçısı Elçin ədibi həm yazıçı, həm də ədəbiyyatşünas alim kimi xarakterizə edərək onun əsərlərinin əbədiyaşarlığından söz açıb: “Mir Cəlal müəllimi ilk dəfə nə zaman gördüyüm yadıma gəlmir, amma onu bir müəllim, bir professor kimi kəşf etdiyim gün dəqiq yadımdadır və heç zaman da yadımdan çıxmayacaq: 1 sentyabr 1960-cı il. Mir Cəlal müəllim qələmini iki istiqamətdə sınayıb - bədii ədəbiyyat və ədəbiyyatşünaslıq. O, hər iki sahədə böyük uğur qazanaraq, bunlar arasında çox gözəl vəhdət yaratmışdı. Bu, heç də hər istedadlı adama nəsib olan xoşbəxtlik deyil. Mir Cəlal müəllim nə qədər böyük yazıçı, nasirdirsə, o qədər də böyük ədəbiyyatşünasdır.

   O, xoşbəxt bir yazıçıdır. Ona görə ki, bütün yaradıcılığı sovet dövrünə düşməsinə baxmayaraq, əsərləri bu gün də aktualdır, sevilə-sevilə oxunur. Mir Cəlal müəllim tədqiqatçı, ədəbiyyatşünas kimi ideologiyaya yox, elmə xidmət edib”.

   Biblioqrafiyanın birinciikinci nəşrlərinə “ön söz” yazdığını söyləyən Xalq yazıçısı deyib ki, bu biblioqrafiya get-gedə böyüyür. Ona görə ki, o, bir yazıçı kimi yaşayır. Onun yaradıcılığı haqqında əsərlər, məqalələr yazılır, tədqiq olunur. Nə qədər Azərbaycan ədəbiyyatı var, Mir Cəlal müəllim yaşayacaq və hər zaman sevilə-sevilə oxunacaq.

   Akademik Nizami Cəfərovun “Mir Cəlalın milli idealları” kitabını ədibin irsinin araşdırılması və tədqiqi baxımından yüksək qiymətləndirən Xalq yazıçısı bu işdə əməyi olan hər kəsə təşəkkürünü bildirib.

   Təhsil nazirinin müavini Firudin Qurbanov böyük ziyalı haqqında söz deməyin çox şərəfli olduğunu, bu cür şəxsiyyətimizin olması ilə fəxr etdiyini söyləyib. Qeyd edib ki, görkəmli ədib, eyni zamanda, ömrünün sonunadək dərs dediyi Bakı Dövlət Universitetində (BDU) elmi-pedaqoji fəaliyyətlə məşğul olub, XX əsr Azərbaycan ədəbiyyatında, elmində müstəsna xidmətlər göstərib.

   BDU-nun rektoru, akademik Abel Məhərrəmov çıxış edərək söyləyib ki, XX əsrdə ədəbi fikirdə öz sözünü demək heçasan deyildi. Mir Cəlal məhz sözünü deyən böyük yazıçılardan olub. Özünəməxsus yaradıcı keyfiyyəti ilə seçilən yazıçı Azərbaycan ədəbiyyatında roman janrına yeni nəfəs gətirməklə bu sahədə özünəməxsus məktəb yaradıb. Ədibin əsərlərində irəli sürülən ideyalar bu günümüz üçün də kifayət qədər aktualdır. Onun həm elmi, həm də bədii yaradıcılığı tədqiqat mövzuları olaraq daim diqqətdədir və araşdırılır.

   Milli Məclisin deputatı, akademik Nizami Cəfərov bildirib ki, hər iki kitabın ərsəyə gəlməsi alimin yaradıcılığına verilən ən ali dəyərlərdən biridir: “Mir Cəlal Paşayev alim kimi tələbələrinə böyük dəstək olub, qayğı göstərib. Onun haqqında yazanda, ilk növbədə, insanın gözündə onun oriyentasiyası, səs tembri canlanır. Mir Cəlalın yaradıcılığı şəxsiyyətini tamamlayırdı. Təvazökar yaradıcılığa və xarakterə malik olan böyük alim hər zaman özünün xeyirxahlığı və insanpərvərliyi ilə ətrafdakıların sevimlisinə çevrilib. O, nə qədər təvazökar, sakit alim təəssüratı bağışlasa da, yaradıcılığı olduqca peşəkar və şedevr idi. Mir Cəlal yaradıcılığı bu gün bütün dünyada təbliğ və tədqiq olunur”.

   Xalq şairləri Fikrət Qoca, Nəriman Həsənzadə, akademik Vasim Məmmədəliyev, professorlar Təhsin Mütəllimov və Buludxan Xəlilov çıxış edərək böyük ədibin zəngin yaradıcılığından danışıb, onunla bağlı xatirələrini bölüşüblər.

   SonraMir Cəlal-110” elektron məlumat bazasının təqdimatı olub.

   Alimin ailəsi adından oğlu, ADA Universitetinin rektoru Hafiz Paşayev çıxış edərək belə bir tədbirin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirib. Atasının xatirəsinə göstərilən ehtiramdan məmnun olduğunu deyən Hafiz Paşayev vaxtilə onun tələbəsi olan insanları bir arada görməkdən məmnunluğunu ifa edib. O, atası ilə bağlı xatirələrini bölüşərək yaradıcılığından söz açıb, Mir Cəlal Paşayevin yaradıcılığının gələcək nəsillər üçün də örnək olduğunu vurğulayıb.

 

Mədəniyyət.- 2018.- 2 may.- S.3.