İstanbulda “Azərbaycana
musiqi estafeti” davam edir
Muğamsevərlər
“Qarabağ şikəstəsi”ni alqışlarla qarşılayıblar
Xəbər verdiyimiz kimi,
Azərbaycan Respublikası
Mədəniyyət Nazirliyinin
Türkiyə nümayəndəliyinin
təşkilatçılığı ilə İstanbulda “Azərbaycana musiqi estafeti” şüarı ilə konsert proqramları keçirilir.
Azərbaycanın dünya şöhrətli
bəstəkarı Qara
Qarayevin anadan olmasının 100 illiyinə
həsr olunan tədbirlər çərçivəsində
aprelin 28-də İstanbulun
“Grand Pera” teatr salonunda muğam gecəsi təşkil olunub.
Konsert proqramında Əməkdar
artist Səbuhi İbayev
və gənc xanəndə Nigar Şabanova məlahətli
ifaları ilə musiqisevərlərin zövqünü
oxşayıblar. Xanəndələri əməkdar artistlər
Sahib Paşazadə (tar), Çinarə
Heydərova (qanun), Toğrul Əsədullayev
(kamança) və başqaları müşayiət
ediblər.
Nazirliyin Türkiyə nümayəndəliyinin
rəhbəri Nurlana Çakmak, tarzən Sahib Paşazadə və digər çıxış
edənlər Azərbaycanda
qədim muğam musiqisinin inkişafına göstərilən diqqət
və qayğıdan,
dərin və bitkin təfəkkür, bədii həyəcan ifadə edən muğamın özünəməxsusluğundan
danışıblar.
Proqramda Səbuhi İbayevin
və Nigar Şabanovanın birgə ifa etdikləri “Qarabağ şikəstəsi”
musiqisevərlər tərəfindən
hərarətli alqışlarla
qarşılanıb.
Tədbir çərçivəsində
Azərbaycan tarixini, mədəniyyətini, müasir
inkişafını və
füsunkar təbiətini
əks etdirən fotosərgi açılıb.
Xatırladaq ki, bu silsilədən ilk konsertdə
Azərbaycan Dövlət
Akademik Opera və Balet Teatrının solistləri - Xalq artisti Samir Cəfərov
və Əməkdar
artist Afaq Abbasovanın
ifasında klassik musiqilər səslənmişdi.
“Azərbaycana
musiqi estafeti” devizi altında daha bir konsert
mayın 2-də keçiriləcək.
Bu dəfə proqram caz musiqisindən
ibarətdir. “Grand Pera”dakı etno-caz gecəsində Elçin Şirinovun kvarteti, Xalq artisti Ənvər
Sadıqov, Arslan Növrəsli öz musiqi qrupları ilə çıxış
edəcəklər.
Mədəniyyət.-
2018.- 2 may.- S.8.