Parisdə dahi
bəstəkarın yubileyi qeyd olunub
Azərbaycanın Fransadakı səfirliyi və “Ulduz” Assosiasiyasının birgə təşkilatçılığı ilə Parisdə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində böyük bəstəkar Qara Qarayevin 100 illik yubileyi münasibətilə konsert təşkil edilib.
Konsertdən əvvəl “Ulduz” Assosiasiyasının prezidenti Aytən Muradova bəstəkarın həyat və yaradıcılığı haqqında məlumat verib. Bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 17 oktyabr tarixli sərəncamına əsasən dahi musiqiçinin 100 illiyi ölkəmizin hüdudlarından kənarda da qeyd olunur.
Sonra gənclər üçün Prezident mükafatı laureatı, Fransanın “Ecole Normale de Musique de Paris - Alfred Cortot” Musiqi Akademiyasının tələbəsi Vurğun Vəkilov Qara Qarayevin əsərlərini ifa edib. Konserti dinləyən fransalı musiqisevərlər gənc pianoçunun ifasını rəğbətlə qarşılayıblar.
“Gənc pianoçunun daxili alovlarını gördüm. Sanki bəstəkara baxıb onu hiss edir və ona uyğun ifa edirdi. Bəstəkar çox zəngin musiqi yazıb, gənc pianoçu isə onu böyük səylə, həssaslıq və istedadla ifa edirdi”, - deyə “Vinner Art” jurnalının direktoru Vera Bodey AZƏRTAC-a müsahibəsində qeyd edib.
Fransanın ölkəmizdəki səfirliyinin mədəniyyət işləri üzrə müşaviri Johan Şitterer deyib: “Qara Qarayevin bəstələrini çox sevirəm. Bu il Qara Qarayevin anadan olmasının və fransız bəstəkarı Klod Debüssinin vəfatının, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyidir. Gördüyünüz kimi üç yüzillik üst-üstə düşür. AXC-nin 100 illiyi münasibətilə Bakıda Qara Qarayevin və Klod Debussinin əsərlərindən ibarət konsert təşkil etmək və beləliklə bu üç əlamətdar yubileyi birlikdə qeyd etməyi planlaşdırırıq”.
Öz növbəsində gənc pianoçu Vurğun Vəkilov Parisdə dahi musiqiçinin 100 illiyinə həsr edilmiş tədbirdə onun əsərlərini ifa etməkdən çox şad olduğunu bildirib. Proqramda bəstəkarın “24 prelüd” fortepiano silsiləsindən bir neçə prelüdü, “Yeddi gözəl” baletindən vals, “İldırımlı yollarla” baletindən “Laylay” və “Ehtiraslı qızın rəqsi” parçaları səslənib.
Mədəniyyət.- 2018.- 2 may.-
S.8.