“Mənəvi yenilənmə və mədəni irs: keçmişdən gələcəyə türk dili

 

   Parisdə keçirilən beynəlxalq forumun bir paneli Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunub

  

   Aprelin 30-da Parisdə, UNESCO-nun mənzil-qərargahında Beynəlxalq Türk Akademiyası (TWESCO) və UNESCO-nun birgə təşkilatçılığı ilə “Mənəvi yenilənmə və mədəni irs: keçmişdən gələcəyə türk dilimövzusunda Beynəlxalq forum keçirilib.

   Forumun açılışında Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Anar Kərimov Prezident İlham Əliyevin iştirakçılara təbrik məktubunu oxuyub.

   Məktubda qeyd edilir ki, 20 ölkədən alim, türkoloq və rəsmi şəxslərin bir araya gəldikləri forumun işi türkdilli dövlətlər və xalqlar arasında münasibətlərin dərinləşməsinə töhfə verəcək. Əlamətdar haldır ki, “Mənəvi yenilənmə və mədəni irs: keçmişdən gələcəyə türk dilikimi aktual mövzuya həsr olunan bu forum UNESCO-nun mənzil-qərargahında keçirilir. Bu cür forumlar xalqlar arasında təmasların artması, alimlərin və müvafiq elm mərkəzlərinin əməkdaşlığının genişlənməsi üçün yaxşı imkanlar açır. Azərbaycan türkdilli dövlətlər və xalqlar arasında bütün sahələrdə əlaqələrin inkişafını daim dəstəkləyir və bu işə hər zaman töhfələr verməyə çalışır. Məktubda belə bir inam ifadə olunur ki, forum çərçivəsində aparılacaq fikir mübadiləsi və müzakirələr türk dillərinin aktual problemlərinin həllinə, bu sahədə əməkdaşlığa, bütövlükdə isə əlaqələrimizin daha da möhkəmlənməsinə xidmət edəcək. Azərbaycan Prezidenti türkdilli dövlətlər və xalqlar arasında elm və təhsil sahəsində əməkdaşlığı təşviq edən Beynəlxalq Türk Akademiyasının fəaliyyətini və təşəbbüsünü təqdir edib.

   Sonra Qazaxıstanın və Qırğızıstanın səfirləri ölkələrinin prezidentlərinin foruma ünvanladıqları təbrik məktublarını oxuyublar.

   Türkdilli ölkələrin UNESCO yanında daimi nümayəndələrinin rəhbərləri çıxış edərək forumun əhəmiyyəti haqqında danışıblar.

   Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva çıxışında forumun türk dillərinin qorunmasına və türk dilində danışan xalqlar arasında mədəni əlaqələrin inkişafına töhfə verəcəyini bildirib. O, mədəniyyətin inkişafında, milli dəyərlərin, eləcə də xalqların mənəvi dəyərlərinin qorunmasında və zənginləşməsində, mədəniyyətin, ədəbiyyatın nəsildən-nəslə ötürülməsində, xalqların birliyində dilin böyük rol oynadığını diqqətə çatdırıb. Bildirib ki, dilin təhlükə altında olması mədəniyyətin ən vacib parçasını itirməsi deməkdir. Dil milli dəyərlərin formalaşması, yayılması baxımından böyük əhəmiyyət daşıyır.

   Forumun açılışından sonra mükafatlandırma mərasimi keçirilib.

   Tədbir işini panel iclaslarla davam etdirib.

   Forumun bir paneli Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunub. AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu iclasda çıxış edərək Cümhuriyyət dövründə aparılan dil siyasəti, əlifbanın formalaşması haqqında ətraflı məlumat verib. Bildirib ki, Şərqdə ilk demokratik respublikanın qurucusu olan dövlət xadimləri Azərbaycanın başqa görkəmli ziyalıları ilə birlikdə bütün fəaliyyətləri ərzində Azərbaycan dilinin hüquqları uğrunda mübarizə aparıblar. O zaman türk dili adlanan Azərbaycan dili 1918-ci il iyunun 27-də dövlət dili elan olunub.

   Bildirilib ki, bugünkü müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Ümummilli lider Heydər Əliyev dil siyasətinə hər zaman xüsusi önəm verib. Bu gün həmin siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Konstitusiyamızda Azərbaycan dili dövlət dili elan edilib. Azərbaycan dili və əlifbası günü təsis edilib, dövlət dili haqqında qanun, dövlət proqramı qəbul edilib.

 

Mədəniyyət.- 2018.- 2 may.- S.9.