Türk dünyası ziyalılarının xatirəsi yad edilib

 

   Parisdə keçirilən “Mənəvi yenilənmə və mədəni irs: keçmişdən gələcəyə türk dilimövzusunda Beynəlxalq forumun iştirakçıları Sen Klu şəhər qəbiristanlığında Türk dünyasının görkəmli ziyalısı, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədri olmuş Əlimərdan bəy Topçubaşovun məzarını ziyarət ediblər.

   Ölkəmizin UNESCO yanında daimi nümayəndəsi Anar Kərimov forum iştirakçılarına Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarından biri olan Ə.Topçubaşovun ictimai-siyasi fəaliyyəti barədə məlumat verib. Bildirib ki, onun rəhbərliyi ilə Paris Sülh Konfransına gələn Azərbaycan nümayəndə heyətinin səyləri ilə 1920-ci ilin yanvarında Cümhuriyyət beynəlxalq səviyyədə tanınmışdı.

   Beynəlxalq Türk Akademiyasının prezidenti, professor Darhan Kıdırali və Qazaxıstan mədəniyyət nazirinin müşaviri Talqat Valiyev də Əlimərdan bəy Topçubaşovun Türk dünyasına töhfələrindən danışıblar. Qeyd edilib ki, Ə.Topçubaşov Rusiya Dumasının üzvü olarkən təkcə Azərbaycan, Qafqaz üçün deyil, Rusiyadakı bütün müsəlmanlar və türklər adından çalışıb. O, mühacirətdə olarkən hər il Fransa paytaxtındakı müsəlman türklərini toplayaraq “Xəzər bizi ayırmır, birləşdirir” deyərmiş.

   Tədbir iştirakçıları Cümhuriyyətin görkəmli ziyalılarından olmuş Ceyhun Hacıbəylinin məzarı üzərinə də gül dəstəsi qoyaraq xatirəsini yad ediblər.

   Beynəlxalq forumun iştirakçıları həmçinin Parisdə Orta Asiya türklərinin milli azadlığı uğrunda mübariz, Türkistan muxtariyyətinin rəhbəri olmuş, sovetləşmədən sonra isə mühacirət həyatı yaşamış qazax ictimai-siyasi xadimi Mustafa Şokayın (1890-1941) məzarını ziyarət ediblər.

 

Mədəniyyət.- 2018.- 2 may.- S.9.