Cümhuriyyət
dövründə mədəni irsin
qorunması və tədqiqi
XIX əsrdən başlayaraq Şərq ölkələrinin arxeoloji və memarlıq abidələrinin tədqiqində Avropa alimlərinin rolu artıb. Ekspedisiyalar təşkil olunub, arxeoloji qazıntılar aparılıb, arxeoloji kəşflər edilib. Lakin bu işlər eyni zamanda Şərq xalqlarının mədəni irsinin qarət olunması, mədəni sərvətlərin Avropa muzeylərinə daşınması ilə müşayiət olunub.
Azərbaycan həmin prosesdən kənarda qalmayıb. Arxeoloji tədqiqatlar
nəticəsində əldə
olunan maddi-mədəniyyət
nümunələri ölkə
ərazisindən kənara
daşınırdı. Bəzi əcnəbi müəlliflər
isə Azərbaycanın
səciyyəvi orta əsr arxeoloji abidələrinin özgəninkiləşdirməyə
cəhdlər edirdilər.
Azərbaycan Xalq Cümhuriyyətinin
qurulması ilə bunun qarşısının
alınması üçün
ilk cəhdlər göstərildi.
AMEA-nın
Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru Tarix Dostiyev
bu barədə qələmə aldığı
məqalədə Cümhuriyyətin
mədəni quruculuğunda
mədəni irsin qorunması və tədqiqindən söz açır.
Alim qeyd edir ki, 1918-ci ildə Azərbaycanın müxtəlif
tipli arxeoloji abidələrini öyrənmək,
xalqın mədəni
sərvətinin talan edilib xaricə aparılmasının qarşısını
almaq məqsədilə
Bakıda Arxeologiya Cəmiyyəti təşkil
olunmuşdu. Lakin xalqımızın
mədəni irsinin xarici ölkələrə
daşınması davam
edirdi. 1919-cu il noyabrın 20-də
“Azərbaycan” qəzeti
bu barədə yazırdı: “Avropa missionerləri və tacirləri Azərbaycanın
şəhər və
kəndlərini dolaşaraq
əhalidən yazıçı
və şairlərin
əlyazmalarını, çini
qabları, qızıl
əşyalarını, qədim
paltarları və digər əşyaları
dəyər-dəyməzə alırdılar”.
1919-cu ildə Azərbaycanın tarixi irsini toplamaq
və qorumaq üçün yerli diyarşünaslar və şərqşünaslar Şərqin
arxeologiyası və tarixinin həvəskarları
dərnəyini təşkil
etdilər. Həmin ilin
dekabrında dərnək
üzvləri yeni açılan Bakı Dövlət Universiteti nəzdində “Müsəlman
Şərqini öyrənən
cəmiyyət” yaratdılar.
Müsəlman xalqlarının tarix və mədəniyyətinin
öyrənilməsini qarşısına
məqsəd qoymuş
cəmiyyət Azərbaycan,
Türkiyə, İran
və Türküstanın
tarixi, arxeologiyası,
etnoqrafiyası və linqvistikasının problemlərinin
araşdırmasına xüsusi
əhəmiyyət verirdi.
Cəmiyyətin gördüyü
işlərdə C.Rəfibəyli,
şərqşünas L.A.Zimin,
Qafqaz Tarix-Arxeologiya İnstitutunun üzvü Ş.A.Belyayev, Şərq
arxeologiyası üzrə
numizmat Y.A.Paxomov, A.Sübhanverdixanov, general-leytenant
M.B.Sulkeviç fəallıq
göstərirdilər. Elmi işlərə
L.A.Zimin rəhbərlik
edirdi.
Tarix Dostiyev bildirir
ki, cəmiyyətin iclasında L.A.Ziminin “Azərbaycanın arxeoloji,
etnoqrafik və linqvistik cəhətdən
tədqiqi üzrə
suallar tətbiq etmək haqqında” məruzəsi müzakirə
olunub. Toplantıda Azərbaycan Ordusunun
Baş Qərargah rəisi, general-leytenant M.B.Sulkeviç Bakı xan sarayının mühafizəsi üçün
tədbirlər görmək
məqsədilə təşkil
edilmiş komissiyanın
fəaliyyəti haqqında
məlumat verir. Həmin komissiyanın tərkibinə
general-leytenant M.B.Sulkeviç,
S.A.Belyayev və memar İsmayıl bəy Nəbioğlu daxil idi.
Cümhuriyyət
dövründə İçərişəhərdəki
Şirvanşahlar saray
kompleksinin mühafizəsi
və tədqiqi üzrə tədbirlərdə
Zivər bəy Əhmədbəyov, memar-texnik
İsmayıl bəy Nəbioğlu Qacar, mühəndis Məmməd
Həsən Hacınski
və Hacı bəy Axundov fəal iştirak edirdilər. 1918-ci ilin axırlarında memar-texnik İsmayıl bəy Nəbioğlunun Şirvanşahlar sarayı
ölçmə işləri
apararkən çəkdiyi
çertyojlar səviyyəsinə
görə hətta akademik A.M.Pavlinovun çəkdiyi çertyojlardan
da üstün idi. O, 1920-ci ilin əvvəllərində “Müsəlman
Şərqini öyrənən
cəmiyyət”in iclaslarında
bu barədə məruzələr edib.
“Müsəlman
Şərqini öyrənən
cəmiyyət” 1920-ci ilin
yayında aparılan elmi-tədqiqat işləri
üçün 102.625 rubl
kredit ayrılması barədə Maarif Nazirliyinə müraciət
edib. Müraciətdə Şabran şəhərinin
xarabalıqlarının axtarılması,
dahi Azərbaycan şairi Nizami Gəncəvinin qəbirüstü
abidəsinin tədqiqi
və Bakı ətrafındakı tarixi
abidələrin öyrənilməsi
ön plana çəkilib. Nəzərdə tutulan tədbirlər sırasında Gəncə
şəhərində Nizami
Gəncəviyə məqbərə,
Bakıda isə müasir üslubda abidə ucaldılması da öz əksini
tapmışdı.
Xalqımızın mədəni irsinin toplanılması, qorunması, tədqiqi və təbliği istiqamətində mühüm hadisələrdən biri də 1919-cu il dekabrın 7-də Azərbaycan Parlamentinin binasında İstiqlal Muzeyinin təşkili idi. “Azərbaycan” qəzeti əhalinin tarixi və etnoqrafik dəyərə malik materialları muzeyə təhvil verməsindən bəhs edərək 1919-cu il 9 dekabr nömrəsində yazırdı: “Tezliklə tarixi və etnoqrafik dəyərlərə malik əşyaların əhali tərəfindən muzeyə verilməsinə başlanıldı. Bu eksponatlar respublikanın müxtəlif guşələrindən gətirilir”.
İstiqlal Muzeyinin təsisçilərindən Məhəmməd Ağayevin 1920-ci ilin yanvarında Maarif Nazirliyinə təqdim etdiyi layihədə nazirliyin nəzdində arxeologiya şöbəsinin təşkili təklif edilirdi.
Üç
aydan sonra Cümhuriyyət
süqut etdi və başlanan bütün
işlər yarımçıq qaldı...
Mədəniyyət.- 2018.- 2 may.-
S.12.