“Yaşıl
qələm”dən keçən qara tale
Azərbaycan Xalq Cümhuriyyəti
qurulandan bir il sonra, 1919-cu ilin 26 avqust tarixində
yazıçı, tənqidçi Seyid Hüseynin (Sadiq) rəhbərliyi
ilə 35 nəfər ədib və naşirin iştirakı
ilə “Yaşıl qələm” cəmiyyəti təsis
olunur. Fəaliyyəti dövründə 80-dən çox qələm
sahibini ətrafında birləşdirən birlik dövrün
ədəbi prosesini yaxından izləmək, şərh etməklə
yanaşı, klassik Azərbaycan və dünya ədəbiyyatının
seçkin nümunələrini təbliğ etməyi də
qarşıya məqsəd qoymuşdu. Cəmiyyətin
üzvlərindən biri də ixtisasca hüquqşünas
olan publisist, nasir və dramaturq Mustafa bəy Əlibəyov
idi.
Mustafa bəy Cabbar bəy oğlu
Əlibəyov 1872-ci ildə Nuxa (indiki Şəki) şəhərində
anadan olub. Atası dövrünün tanınmış
ziyalısı, Şəki xanları sarayının mirzəsi
idi. Mustafa ilk təhsilini mədrəsədə alır, ərəb-fars
dillərini öyrənir. Sonra təhsilini şəhərdəki
rus-tatar məktəbində davam etdirir. O, Bakıda və
Tiflisdə təhsil alır, rus və fransız dillərini də
dərindən öyrənir. Bakı Şəhər Məhkəməsində
tərcüməçi işinə düzəlir. Gənc
hüquqşünas təkcə hüquqla deyil, ədəbiyyatla
da maraqlanır, bədii əsərlər və publisistik məqalələr
yazır. “Molla Nəsrəddin” jurnalının 4 avqust 1911-ci
il tarixli sayında M.Əlibəyov haqqında yazı dərc
edilir. Məqalədə o, “ədəbiyyatımızın
görkəmli nümayəndəsi və məşhur vəkil”
kimi təqdim olunur: “Mustafa bəy Əlibəyov dəfələrlə
Qorki ilə Andreyev arasındakı mübahisələri həll
etmiş. Tolstoyun özünə əxlaq haqqında moizə
oxumuşdur...”.
M.Əlibəyov Azərbaycanın
ilk ziyalı xanımlarından olan Xədicə Ələddinqızı
ilə ailə qurur. Xədicə xanım Tiflisdə rus
Qız gimnaziyasını, sonra şəhərdəki
Olqinskaya Mamalıq İnstitutunu bitirmişdi.
Araşdırmalarda göstərilir ki, bu ailənin mətbuat
tariximizdə böyük xidmətləri olub. Belə ki, o, həyat
yoldaşı Xədicə xanımla birlikdə Azərbaycanda
ilk dəfə olaraq “İşıq” adlı qadın məcmuəsi
nəşr etdirir. Azərbaycan və rus dillərində nəşr
olunan məcmuənin Tiflis, Moskva, İrəvan və Kiyevdə
də abunəçiləri vardı.
M.Əlibəyov Cümhuriyyət
dövründə “Yaşıl qələm” ədəbi cəmiyyətinin
tədbirlərində yaxından iştirak edirdi. 1920-ci ilin 28
aprelində Cümhuriyyət süqut etdikdən sonra məcmuənin
nəşri də dayandırılır. Mustafa bəy ailəsi
ilə birlikdə Şəkiyə köçür.
Araşdırıcı Fərrux Ağasıbəyli “Vəkil
Mustafa bəy Əlibəyov” adlı monoqrafiyasında ona hörmət
qazandıran bir çox əməllərdən söz
açır. Yazır ki, o, Şəkidə xalqın
”Yaşıllıq səltənəti”
adlandırdığı “Mustafa bəyin bağı” adlı
gözəl bir guşə yaradır. Sovetlər
dövründə bağın hasarları sökülərək
meşələrə qatılsa da, xalq indiyə kimi həmin
yerin əsl tarixini unutmayıb.
1920-ci ildən 1937-ci ilədək
Şəkidə yaşayan M.Əlibəyov 30-cu illərin
qanlı repressiya dalğasından yayına bilməyib. Onun
repressiya qurbanları siyahısına düşməsinin
başlıca səbəbi vətəninə və millətinə
olan dərin sevgisi olub. M.Əlibəyovun Azərbaycan Xalq
Cümhuriyyəti dövründəki fəaliyyəti milli
düşüncəyə qənim kəsilənlərin əlinə
fürsət verib və o, saxta ittihamlarla “xalq düşməni”
elan edilib. 8 il azadlıqdan məhrum edilən ədib Sibirə
sürgün olunub.
Mustafa bəy Əlibəyov 1945-ci
ildə, 73 yaşında dünyasını dəyişib. Həyat
yoldaşı Xədicə xanım isə uzun illər Şəkidə
səhiyyə sahəsində işləyib. Ömrünün
son illərində Bakıya köçüb və 1961-ci ildə
vəfat edib.
Savalan Fərəcov
Mədəniyyət.- 2018.- 2 may.-
S.12.