Cümhuriyyətin 100-cü ildönümü Əskişəhərdə
qeyd olunub
Prezident İlham Əliyevin 2017-ci il 16 may tarixində imzaladığı “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” sərəncamına uyğun olaraq, soydaşlarımızın yaşadıqları müxtəlif ölkələrdə tədbirlər keçirilir. Qardaş Türkiyənin şəhərlərində də Cümhuriyyətin 100-cü ildönümü qeyd olunur.
Əskişəhər Azərbaycanlılar Dərnəyi tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər hazırlanıb. Bu çərçivədə Türkiyənin tarixi şəhərindən biri və 2013-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” olmuş Əskişəhərdə Azərbaycan mədəniyyəti günü təşkil edilib.
Əskişəhərin Dədə Qorqud parkında baş tutan tədbirdə Azərbaycanın tarixini, xüsusilə Azərbaycan Xalq Cümhuriyyəti dövrünü, coğrafiyasını, mədəniyyətini, adət-ənənələrini əks etdirən stendlər qurulub. Stendlərdə Azərbaycana aid suvenirlər, qədim əşyalar, kitab və jurnallar, Azərbaycan mətbəxinin nümunələri sərgilənib. Tədbir Azərbaycan musiqiləri ilə müşayiət olunub. Ziyarətçilərə Azərbaycan bayraqları hədiyyə edilib, təşkilatın musiqi qrupunun ifasında milli rəqslərimiz nümayiş olunub.
Mehparə Sultanova
Ankara
Mədəniyyət.- 2018.- 2 may.- S.16.