Nur dolu həyat və fəaliyyətin salnaməsi
Mayın 2-də
Azərbaycan Milli Kitabxanasında “Zərifə
Əliyeva. Biblioqrafiya” kitabı və
“Zərifə xanım
Əliyeva - 95” adlı
elektron məlumat bazasının təqdimat
mərasimi keçirildi.
Mədəniyyət Nazirliyi və
Milli Kitabxananın birgə hazırladığı
nəşr və kitabxana tərəfindən
ərsəyə gətirilən
məlumat bazası görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95 illiyinə
həsr edilib.
Milli Kitabxananın direktoru Kərim Tahirov çıxış edərək
görkəmli alimin keçdiyi həyat yolu haqqında məlumat verdi.
Biblioqrafiyanın əhəmiyyətindən danışan direktor qeyd etdi ki,
“Azərbaycanın görkəmli
şəxsiyyətləri” seriyasından oxuculara təqdim olunan biblioqrafiyaya yeni bölmələr və yarımbölmələr əlavə
edilib. Yeni nəşrdə son illərin materialları da öz əksini
tapıb. Biblioqrafiya alimin
1958-2018-ci illərdə Azərbaycan,
rus və ingilis dillərində nəşr edilmiş kitabları, elmi konqres, sessiya və konfrans materiallarında və dövri mətbuatda dərc edilmiş məqalələri haqqında
materialları əhatə
edir. Nəşrdə
“Görkəmli şəxsiyyətlər
Zərifə Əliyeva
haqqında”, “Həyat
və fəaliyyətinin
əsas tarixləri”,
“Zərifə Əliyevanın
xatirəsinin əbədiləşdirilməsi”
bölmələrinə ilk dəfə “Zərifə Əliyeva dünya kitabxanalarında” bölməsi
də əlavə edilib. Nəşrə daxil edilmiş
materiallar xronoloji ardıcıllıqla qruplaşdırılıb.
Kitabın sonunda biblioqrafiyadan
istifadəni asanlaşdırmaq
məqsədilə köməkçi
bölmələr - əlifba
göstəriciləri də
verilib.
Yüksək intellekt, vətənə məhəbbət və xeyirxahlıq
Tədbirdə çıxış edən mədəniyyət
nazirinin birinci müavini Vaqif Əliyev akademik Zərifə xanım Əliyevanın elmi fəaliyyətindən, onun
ömür-gün yoldaşı
ulu öndər Heydər Əliyevə olan böyük sevgisindən danışdı.
Qeyd etdi ki, Azərbaycan səhiyyəsinə böyük
töhfələr vermiş
bu insanı yada salanda göz
önündə mənəvi
kamilliyin ən uca zirvəsində dayanan, əziz xatirəsi milyonlarla insanın qəlbində yaşayan, insanların gözlərinə nur verən görkəmli elm
fədaisinin işıqlı
çöhrəsi canlanır:
“Biz Zərifə xanımın
timsalında nəcib Azərbaycan qadını,
böyük bir nəslin layiqli övladı, vəfalı
ömür-gün yoldaşı,
fədakar ana obrazını görürük.
Yüksək intellekt, geniş
erudisiya, zəngin mədəniyyət, dərin
bilik, insanpərvərlik,
vətənə məhəbbət
və xeyirxahlıq kimi keyfiyyətlər isə Zərifə xanımın portretini tamamlayır”.
Vurğulandı ki, Zərifə
xanım kövrək
çiyinlərində böyük
məsuliyyət və
fədakarlıqla ümummilli
liderlə yanaşı
addımlamaq, onun dayağı olmaq, qayğısına qalmaq və ağır günlərdə dərdinə
şərik olmaq yükünü daşıdı.
Övladlarını vətənin
layiqli vətəndaşları
kimi, öz nəslinin yüksək mənəvi dəyərlərinin
varisi kimi yetişdirdi: “Böyük
Əziz Əliyevin ailəsində tərbiyə
alan bir
xanım, əlbəttə
ki, bu mənəvi
tərbiyə və nümunəni ömrü
boyu davam etdirdi. Zərifə xanım bir
vətəndaş kimi
daim istehsalatda çalışan işçilərin
qayğısını çəkdi,
hər zaman onların yanında oldu. Təkcə həkim kimi
deyil, ölkənin ictimai-siyasi həyatında
da yaxından iştirak etməyə çalışdı. Azərbaycan qadınının
ən gözəl xüsusiyyətləri Zərifə
xanımın simasında
cəmlənmişdi”.
Biblioqrafiyanın əhəmiyyətindən söz açan Vaqif Əliyev nəşri gənc tədqiqatçılar üçün
qiymətli mənbə
kimi dəyərləndirdi,
onun ərsəyə gəlməsində əməyi
keçən hər kəsə təşəkkürünü
bildirdi.
Nəsillərə
örnək ailə timsalı
Ailə, Qadın və
Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova Azərbaycan
qadınının cəmiyyətdə
rolu ilə bağlı fikirlərini bölüşdü. Diqqətə çatdırdı ki, ailədə qadın və kişinin bərabərliyi, daim bir-birinə arxa-dayaq olması nümunəsi ulu öndər Heydər Əliyev və Zərifə xanımın timsalında
gənc nəslə bir örnəkdir. Onların bu ailə ənənəsi
bu gün ölkə rəhbəri İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın timsalında davam edir.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov, Azərbaycan Tibb Universitetinin prorektoru Rauf Əliyev, AMEA Əlyazmalar İnstitutunun
direktor müavini Aybəniz Kəngərli və Respublika Uşaq Kitabxanasının
direktoru Şəhla Qəmbərova çıxış
edərək görkəmli
alimin elmi yaradıcılığından, insani keyfiyyətlərindən
söz açdılar.
Bildirildi ki, Zərifə xanımın
milli səhiyyəmizin
inkişafında, mükəmməl
biliyə və bacarığa malik oftalmoloqların və ümumiyyətlə, tibb işçilərinin hazırlanmasında
müstəsna xidmətləri
var. Dünya oftalmologiya
elminə böyük
töhfələr vermiş
akademikin zəngin irsi, tibbin müxtəlif
sahələri üzrə
apardığı tədqiqatlar,
qazandığı nailiyyətlər,
yaratdığı fundamental əsərlər Azərbaycan
tibb elminin parlaq səhifələrini
təşkil edir. Görkəmli alimin keçdiyi
şərəfli ömür
yolu hər bir Azərbaycan vətəndaşı, hər
bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Azərbaycanda traxoma xəstəliyinin tüğyan etdiyi vaxtlarda Zərifə xanım dissertasiya üzərində işləyə-işləyə
minlərlə xəstənin
sağlamlığını özünə qaytardı.
Tədbir çərçivəsində
həmçinin Milli Məclisin deputatı, yazıçı-dramaturq Hüseynbala
Mirələmovun “Zərifə
Əliyeva” kitabının
yenidən çap olunmuş variantı da təqdim edildi.
Sonda “Zərifə xanım Əliyeva - 95” adlı elektron məlumat bazası təqdim olundu. Baza haqqında ətraflı məlumat verildi. Bildirildi ki, məlumat bazasında görkəmli oftalmoloq alimin həyat və fəaliyyətini əhatə edən bütün materiallar toplanıb. Bununla da dünyanın bir çox ölkələrində alimin elmi fəaliyyəti ilə maraqlanan tədqiqatçılar onun irsi ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.
Lalə Azəri
Mədəniyyət.- 2018.- 4 may.-
S.3.