“Biz öz təcrübəmizi başqaları ilə
bölüşməkdən qürur duyuruq”
San-Marino Respublikası Azərbaycanla
mədəniyyətlərarası dialoqa
töhfə vermək üçün əməkdaşlığa
maraq göstərir
Mayın 3-də mədəniyyət naziri Əbülfəs Qarayev San Marino Respublikasının xarici işlər üzrə dövlət katibi Nikola Renzinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi.
Qonaqları salamlayan Əbülfəs Qarayev ölkəmizin mədəniyyəti, həyata keçirilən beynəlxalq mədəniyyət tədbirləri haqqında məlumat verdi. Qeyd etdi ki, qədim tarixə və zəngin mədəniyyətə malik Azərbaycan xalqı əsrlər boyu özünün böyük mədəni irs nümunələrini yaradıb, gələcək nəsillərinə ötürüb. Bu mədəni irs nümunələri xalqımızın tarixini təcəssüm etdirməklə yanaşı, ölkəmizə gələn xarici qonaqların da diqqətini cəlb edir.
Əbülfəs Qarayev Avropa İttifaqının Tvinninq layihəsindən söz açaraq bildirdi ki, layihənin məqsədi mədəni irslə bağlı ehtiyaclara diqqət yönəltmək və Avropa ölkələrinin müvafiq təcrübə nümunələrini uyğunlaşdırmaqla mədəniyyət sektorunda daha strateji idarəetmə modeli yaratmaqdır.
Daha sonra nazir Bakıda ənənəvi təşkil olunan Dünya Mədəniyyətlərarası Dialoq Forumu haqqında qonaqları məlumatlandırdı. Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə 2008-ci ildə irəli sürülən “Bakı Prosesi” haqqında danışan nazir bu təşəbbüsün beynəlxalq səviyyədə mədəniyyətlərarası dialoqa töhfələrini və əməkdaşlığın gücləndirilməsi istiqamətində əhəmiyyətini vurğuladı. Bildirdi ki, Azərbaycan bu sahədə San Marino ilə də əməkdaşlığın genişləndirilməsinə önəm verir: “Əsrlər boyu Azərbaycanda insanlar müxtəlif mədəniyyətlərin daşıyıcıları kimi mehriban və qardaşlıq şəraitində yaşayıblar. Multikulturalizm, etnik və dini müxtəliflik bizim xalqımızın sərvətidir. Bu gün də Azərbaycanda müxtəlif etnik qrupların və dinlərin nümayəndələri dinc şəraitdə yaşayırlar. Biz öz təcrübəmizi başqaları ilə bölüşməkdən qürur duyuruq. Bunun üçün “Bakı Prosesi” önəmli platformadır”.
Əbülfəs Qarayev ölkəmizin San Marino ilə mədəni əlaqələrini gücləndirmək, təcrübə mübadiləsini təşkil etmək üçün böyük perspektivlərin olduğunu diqqətə çatdırdı.
San Marino Respublikasının xarici işlər üzrə dövlət katibi Nikola Renzi nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirdi. Vurğuladı ki, San Marino iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən mədəniyyət sahəsində də əməkdaşlığın inkişaf etdirilməsində, qarşılıqlı təcrübə mübadiləsinin aparılmasında maraqlıdır.
Qeyd olundu ki, San Marino da mədəniyyətlərarası dialoqa xüsusi önəm verir, bu istiqamətdə də bir sıra tədbirlərə ev sahibliyi edir.
Qonaq Azərbaycanla mədəni əlaqələrin, o cümlədən Bakıda keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumu ilə əməkdaşlığın gücləndirilməsi istiqamətində fəal işləməyə çalışacaqlarını bildirdi.
F.Hüseynov
Mədəniyyət.- 2018.- 4 may.-
S.2.