Rumıniya səfirliyi Milli Kitabxanada sərgi keçirmək istəyir

 

   Mayın 3-də Rumıniyanın Azərbaycandakı səfiri Dan İancu (Dan İanku) Milli Kitabxanada olub.

   Milli Kitabxananın direktoru Kərim Tahirovla görüşdə diplomat Milli Kitabxanaya daha əvvəl də bir neçə dəfə gəldiyini vurğulayıb və ortaq bir layihə ilə bağlı təklif irəli sürmək istədiyini qeyd edib. Səfir bildirib ki, 2018-ci il Azərbaycan üçün əlamətdar bir il olduğu kimi Rumıniya üçünsimvolik bir ildir. 2018-ci ildə Rumıniyanın bütün əyalətlərinin birləşməsinin 100 illiyi qeyd olunur. 1918-ci il 1 dekabr tarixində Transilvaniya Rumıniya Krallığına birləşdirilib.

   Bununla bağlı olaraq səfir iyun ayında Milli Kitabxanada Rumıniyanın tarixi ilə bağlı fotosərginin təşkil edilməsi təklifini irəli sürüb.

   Səfir Rumıniya və Azərbaycan milli kitabxanaları arasında imzalanacaq memorandum layihəsinin də artıq Rumıniya tərəfi ilə tam razılaşdırıldığını və bu sənədin imzalanma üçün hazır olduğunu nəzərə çatdırıb.

   Kərim Tahirov səfirin sərgi barədə təklifini dəyərləndirdiyini bildirib, onun təşkili ilə bağlı məsələlərin qarşılıqlı müzakirəsindən sonra ortaq bir razılaşmaya gəlinə biləcəyini vurğulayıb.

   Azərbaycan Milli Kitabxanası ilə Rumıniya Milli Kitabxanası arasında əməkdaşlıq haqqında memorandumun Milli Kitabxanada payızda keçiriləcək beynəlxalq tədbir çərçivəsində və yaxud da Buxarestdə keçiriləcək beynəlxalq tədbir çərçivəsində imzalana biləcəyi qeyd olunub.

 

Mədəniyyət.- 2018.- 4 may.- S.2.