Sənətkarla vida mərasimi

   Xalq rəssamı Tokay Məmmədov son mənzilə yola salındı

  

   Mayın 3-də Təzə Pir məscidində Azərbaycan heykəltəraşlıq məktəbinin görkəmli nümayəndəsi, Xalq rəssamı, SSRİ və Azərbaycan dövlət mükafatları laureatı, professor Tokay Məmmədovla vida mərasimi keçirildi. Mərasimdə dövlət rəsmiləri, mədəniyyət və incəsənət xadimləri, mərhumun ailə üzvləri iştirak edirdi.

   Sənətkarın tabutu önünə Azərbaycan Respublikasının Prezidenti adından əklil qoyulmuşdu.

   Mədəniyyət naziri Əbülfəs Qarayev mərasimdə çıxış edərək heykəltəraşın həyat və fəaliyyətindən söz açdı, onun dünyadan köçməsinin Azərbaycan mədəniyyəti üçün böyük itki olduğunu vurğuladı. Bildirildi ki, Tokay Məmmədovun müəllifi olduğu əsərlər Azərbaycan heykəltəraşlıq sənətinin çox uğurlu nümunələridir. O, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Üzeyir Hacıbəyli və başqa tarixi şəxsiyyətlərin heykəllərinin müəllifidir: “Biz hər dəfə Bakının küçələrindən keçəndə onun yaratdığı heykəllərlə qarşılaşacaq və onu xatırlayacağıq”.

   Nazir heykəltəraşın son əsərlərindən biri olan Koroğlu abidəsini mükəmməl yaradıcılıq nümunəsi kimi dəyərləndirdi.

   Diqqətə çatdırıldı ki, Bakıda və Rusiyada təhsil alıb, böyük müəllimlərdən sənətin sirlərini öyrənən Tokay Məmmədov özüuzun illər Azərbaycanda heykəltəraşlıq məktəbinin inkişafına töhfələr verib, pedaqoji fəaliyyət göstərib, bu sənətdə bir neçə sənətkar nəslinin yetişməsində yaxından iştirak edib.

   Tokay Məmmədovun yaradıcılığının hər zaman dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyini deyən nazir sənətkarın vəfatı ilə bağlı ölkə başçısı tərəfindən nekroloq imzalandığını dedi. Nazir çıxışının sonunda mərhuma Allahdan rəhmət dilədi.

   Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı, Bakıda Məhəmməd Füzulinin abidəsini mərhum sənətkarla birgə işləmiş Ömər Eldarov çıxışında qeyd etdi ki, Tokay Məmmədovun milli mədəniyyətimizin inkişafında böyük xidmətləri olub. Bildirildi ki, Pyotr Sabsay, Fuad Əbdürrəhmanov, Cəlal Qaryağdı, eləcə də anası Zivər Məmmədova kimi sənətkarların yaradıcılıq yolunun layiqli davamçısı olan T.Məmmədov yaratdığı əsərlərlə ölkəmizin heykəltəraşlıq tarixinə parlaq səhifələr yazıb. O eyni zamanda uzun illər sənətin sirlərini gənclərə öyrədib, qayğıkeş pedaqoq kimi sənətkarlar yetişdirib.

   Milli Məclisin deputatı, akademik Rafael Hüseynov sənətkarın yaradıcılıq məziyyətlərindən danışaraq Bakı Musiqi Akademiyasının qarşısında ucalan Üzeyir Hacıbəylinin heykəlini Tokay Məmmədovun şah əsəri kimi xarakterizə etdi.

   Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov, Milli İncəsənət Muzeyinin direktoru, Əməkdar incəsənət xadimi Çingiz Fərzəliyev görkəmli heykəltəraşın yaradıcılıq fəaliyyətindən danışdılar, xatirələrini bölüşdülər, onun insani keyfiyyətlərini və sənətkarlıq qabiliyyətini yüksək qiymətləndirdilər.

   Sənətkarın oğlu Cahangir Məmmədov atasının xatirəsinə göstərilən hörmət və ehtirama görə ailəsi adından Azərbaycan Respublikasının Prezidentinə və vida mərasiminə toplaşanlara təşəkkürünü bildirdi.

   Sonra mərhumun cənazəsi son mənzilə yola salındı. Tokay Məmmədov II Fəxri xiyabanda dəfn olundu.

  

   Savalan Fərəcov

Mədəniyyət.- 2018.- 4 may.- S.4.