Əhməd Cavad
-
Ümumtale-tariximizdə ilk Milli Mənlik doğuluşumuzun
- Cümhuriyyətimizin Baş poetik vəsfkarı...
Bu şairi 1920-ci ilin 28 aprelindən 1991-in 18 oktyabrınadək əsasən “məxfi” fikir-zikrimizdə, ovaxtdan bəri isə bütün xəlqiyyət-rəsmiyyət törənlərimizdə böyük şərafət-fəxarətlə bayramladığımız, nəhayət, Yüzilliyini xüsusi “İL” nominasiyası ilə qutladığımız Azərbaycan Xalq Cümhuriyyətinin ədəbi-bədii Başqanı kimi də xatırlamaq olar...
Hərbi-siyasi xatırlama: yaranış elanını 1918-ci ilin 28 mayında Tiflisdə verib, ilkin fəaliyyətinə Gəncədə başlayan Cümhuriyyətimizin gündəmindəki əsas məsələlərdən biri - paytaxt! Lakin o dövr hərbi qüvvəmizin gücü işğal altında olan Bakını bolşevik-daşnak birliyindən azad etməkçün yetərli deyil. Bəs nə etməli?..
Qarı dövlətlər sırasına qoşulub yenicə müstəqil addımlar atmağa başlayan dövlətimizin rəhbərliyi qardaş Türkiyəyə müraciət edir və o ölkənin hərbi naziri Ənvər paşa qardaşı Nuru paşaya Azərbaycana doğru hərəkət etmək əmri verir.
Türkyə-Azərbaycan əsgərlərinin birgə ölüm-dirim savaşı sayəsində tarixi “Bakı qurtuluşu” ilə nəticələnən və tarixi sənədlərdə çox geniş ifadə olunan həmin olayların bu şairin qələmində necə şəkilləndiyini üçcə misrasından da bilmək olar:
Atıldı dağlardan zəfər topları,
Yürüdü irəli əsgər, Bismillah!
Bəkliyor bizləri zəfər, Bismillah!..
Və elə biz də;
“Bismillah”
deyib, bu analoqsuz Cümhuriyyət nəğməkarının bir səhifəlik təqdiminə başlayaq.
Sənədlərin verdiyi “xəbər”lərdən birinə görə, 1915-ci ilin Novruz bayramında iyirmi üç yaşlı bu cavan, ev-eşiyində heç bir bədbəxt hadisə olmaya-olmaya (çal-çəpərindən o yanaya yad kimi baxanlarımızdan fərqli olaraq), yasa batır. “Nə var-nə var” - həmin günlər rus və ermənilər işğal edib xarabazarlığa çevirdikləri Qarsda onun türk arkadaşlarını qılıncdan keçiribmişlər!..
Xatirələrə görə, “1900-cü illərin sonlarında sənət məktəbində oxuyan Əhməd Cavadın gözaltısı vardı. Ona xəlvəti şeirlər yazır, ancaq utandığından nə ünvanına çatdıra, nə də kiməsə oxuya bilirdi. Çox həyalı oğlan idi. Bir gün sevincək gəldi ki, ay Paşa, xeyir iş var, mütləq gəl. Əlbəttə, getdim və hələ çoxlarının tanımadığı bu gözəl şairin toyunda yığcam bir sağlıq da söylədim. Dedim ki, bu oğlanı yadda saxlayın; tezliklə onunla fəxr edəcəksiniz...”
“Cavad Batumda tanış olduğu acar türkü Süleyman bəyin Şükriyyə adlı qızına aşiq olmuşdu. Qız da onu bərk sevirdi.
Mətləbi açmağa ürək eləməyən Əhməd bunu yaxın dostu Əli Səbridən xahiş edir. Dostunun elçiliyini edən Ə.Səbri Süleyman bəydən soruşur: “- Cavad əfəndi nasıl biridi? - İyi, iyi! Gözəl şeirlər də yazıyor”. Bu cavabdan ürəklənən elçi məsələni açır, lakin Ə.Cavadın şiə olduğunu biləndə “mən qızılbaşa qız verməm” deyib-durur. Şükriyyə isə:
“Novruz ərəfəsi səhər-səhər bulağa təzəcə çatmışdım ki, Əhməd yanımda peyda oldu. “Mənimlə gedərsənmi?” sualından diksindim. Dedim, bir azdan atam yığıncağa gedəcək... Günortaya yaxın gəldim. O, çox həyəcanlı idi. Ayrı-ayrılıqda gedib çıxdıq şəhər kənarına. Faytonda yan-yana oturduq və birdən “deməli, mən bu doğma şəhərimi ömrüm boyu görməyəcəm” fikrilə məni dəli bir ağlamaq tutdu.
Gəncədə toyumuz oldu və Əhmədin ata yurdu Seyfəliyə yollandıq. Bizi görməyə gələnlər çəkilib gedəndən sonra Əhməd dedi, Şükrü, bunlar mənim qohum-əqrəbam, dost-tanışlarımdır. Xahiş edirəm, onlara hörmətlə yanaş. Ayaqqabıları palçıqlı bu adamların ürəkləri gül kimidir. Qoy bizim evin qapıları onların üzünə həmişə açıq olsun, uşaqlarını məktəbə, universitetə hazırlaşdıraq...
Mən Əhmədin sözlərini qulaqlarıma sırğa elədim. ...Hər ikimizin həbsindən sonra həmin adamlar neçə-neçə uşaq evi gəzərək, bizim övladlarımızı tapmış, ölüb-itməyə qoymamış, körpə Yılmazımıza ata-ana olmuşlar. Yaxşılıq yerdə qalmır...”
Şairin üçüncü həbsində bu xanımı çağırtdırıb deyirlər, “Ərizə yaz, ərindən imtina et və boşan. Əks təqdirdə...”
Onun cavabı: “Mən ata-anamdan Əhməd Cavada görə imtina etmişəm, indi deyirsiniz özümə görə ondan imtina edim? Mənim imtina məktubum sizin vuracağınız güllələrdən daha ağır olar Əhmədə...”
Və bu şairin “yaddaş” saxlanclı bir şeirinin -
Macərası...
Repressiyaların çağlar çağında şair, vaxtilə Kənd Təsərrüfatı İnstitutunda birgə işlədiyi müəllimlə Gəncə şəhər bağında gəzişirkən (1936) ondan bir xahiş edir: “İndi sənə bir şeir verəcəm, əzbərlədikdən sonra cırıb atarsan”. Müəllim bu məlul-“məchul” vəsiyyətə əməl edir. 1937-də Əhməd Cavadı tuturlar. Uzun ömür yaşayan müəllim 1988-ci ildə (özünün və... sovetlərin ölüm ayağında) oğlunu yanına çağırır və həmin şeiri əzbərləyib yaddaşında saxlamağı tapşırır. Və Fazil Məmmədov adlı o oğulun ovaxtadək hərdən bəzi məclislərdə dilə də gətirdiyi, 1991-də “Gəncəbasar” qəzetində çap etdirdiyi həmin “Susmaram!!!” şeirindən misralar:
Mən bir qulam, yük altında
əzilmişəm, qardaşım,
Sevinc bilməz bir məhkumam,
ahu-zardır sirdaşım...
Mənə “dinmə, sus!” - deyirsən,
nə vaxtacan susacam?
Böhranların, hicranların
məhbəsində qalacam?!
Süd verirkən
doğma anam
belə demişdir mənə:
Səni qurban bəsləyirəm
Türk
yurduna - Vətənə!
Azərbaycan Daxili İşlər Komissarlığının müstəntiqi
Klimençiç onun
həbs olunması üçün H.Zeynallı,
İ.Eminbəyli, B.Çobanzadə,
Ə.Qubaydullin və
(işgəncələrlə inlədilən yazıçı
Böyükağa Talıblıdan
başqa) bir çoxlarının “könüllü
ifadə”lərilə “zənginləşdirib”
şöbə rəisi
Çinmana təsdiqə
göndərdiyi arayışda
yazırdı: “Axundzadə
Əhməd Cavad
1918-1920-ci ilə qədər
“Müsavat”ın üzvü
olmuş və həmin partiya rəhbərlərindən M.Məmmədzadənin
xaricə qaçırılmasında
xüsusi fəallıq
göstərmişdir.”
Həmin Mirzəbala Məmmədzadə
sərhəddə ona:
“Cavad, başqa yolumuz yoxdur; sən də ailə-uşağını götür,
gəl Türkiyəyə”
dedikdə, bu şair belə bir milli ağrılı
ağı deyib: “Mirzəbala bəy, sən get, mən gedim, bəs bu binəva Azərbaycanı kimə tapşıraq?..”
Və tarixi epizodlardan: Azərbaycan Yazıçılar
İttifaqı rəhbərlərindən
bir qrupu şairin “Göygöl” əsərinə “əksinqilabi”
damğası vurduqdan
sonra müəllif həbsxanaya, həmin şeirin tərcümə
variantı isə Moskvaya göndərilir, paytaxt mütəxəssislərindən
“yüksək səviyyəli
poeziya nümunəsi”
rəyi gəldikdən
sonra azad edilir.
Hökm və xüsusi məqsədlə çağırılmış
növbəti plenumda Seyfulla Şamilov məruzə üçün
sözü (sonralar özü də repressiya qurbanı olası) şair Ağahüseyn Rəsulzadəyə
verir: “Ə.Cavad kimi bir kontrrevolyusenerin
Yazıçılar İttifaqına
qəbul olunması bilavasitə R.Axundovun göstərişi və təhriki ilə olmuşdur. O, bununla “Əhməd Cavad avtoriteti” yaratmış oldu!”
Sonra söz S.Vurğuna verilir: “...Sənin üçün hər bir şərait yaradıldı, səni böylə bir mötəbər təşkilatın
üzvü etdik. Bu vaxta qədər
yoldaşlar sistematik olaraq sənin nöqsanını göstərdilər.
Fəqət sən fikrini
dəyişmək istəmədin
və biz 17 ildən sonra məcburuq ki, sənə son sözümüzü deyək”.
Ə.Cavad çıxışında S.Şamilovu
vicdana, haqqa dəvət etsə də, plenum iştirakçıları
gözləri qarşısındakı
bu canlı haqq-vicdanın taleyini bitirəsi qərar qəbul edir, ardınca, adları heç bir protokola düşməyən
bir siyasi “mavr” tərəfindən hansısa bir restorana dəvət olunurlar...
Və daha bir qranit
Vətəndaş Daş
17 il əvvəl
uçurulmuş müqəddəs
Milli Cümhuriyyət
sarayımızın “xərabəliklərindən”
beləcə düşürülür...
Nə qədər ki hakimlik var,
məhkumluq
var - mən varam!
Zülmə qarşı üsyankaram,
əzilsəm
də, Susmaram!!!
Uzun illər könlündən
bu sayaq poetik üsyanlar püskürmüş belə
bir şairin sonu, əlbəttə, -
Dövrün “siyasi lava”sı...
Dövrün “boyuna biçilmiş”
ənənəvi “təsvirat”la
desək, gecənin müdhiş qaranlığı.
İçərişəhərin dar küçələrilə
hərəkət edən
“M-1” Böyük Qala döngəsinin qarşısında
dayanır. Maşından düşənlər qarşılarındakı
evin qapısını
döyür və içəridən eşitdikləri
“kimsən” sorğusuna
cavab vermədən, yenidən taqqıldadırlar.
Ev sahibi qapını açır
və qarşısında
meşin plaş geyinmiş iki iri cüssəli adam görür.
“- Axundzadə
sizsiniz?
- Hə.
- Bizimlə getməlisiniz!..”
Həmin gecədən bir neçə ay sonra Şükriyyə xanım
“xalq düşməni”nin həyat yoldaşı kimi həbs edilir. Oğlanları Aydın, Tukay və Yılmaz
uşaq evlərinə,
sonralarsa müxtəlif
əmək koloniyalarına
göndərilir.
Ömrü uzunu milli oyanış,
ümumtürk birliyinə
çağırış duyğuları ilə yaşamış bu böyük ziyalı Quba Xalq Maarif
Şöbəsinin müdiri,
Gəncə Kənd Təsərrüfatı İnstitutunun
professoru, kafedra müdiri, Azərbaycan Dövlət Nəşriyyatında
redaktor, “Azərbaycanfilm”
studiyasında sənədli
filmlər şöbəsinin
müdiri olub. 1910-cu ildən başlayaraq
lirik şeirlər və tənqidi məqalələrlə müxtəlif
qəzet-jurnallarda çıxışlar
edib. “Mən
çeynənən bir
ölkənin haqq bağıran səsiyəm!”
deyib.
Əsrin əvvəllərində Türkiyənin
düşdüyü ağır
vəziyyətdən çox
ciddi narahatlıq keçirən, Abdulla Şaiqlə
birlikdə könüllü
əsgər kimi İstanbulda qurulan “Qafqaz könüllü hissəsi” sıralarına
qatılan, türk arkadaşları ilə
Balkan hərbində iştirak
edən, I Dünya müharibəsində ermənilərə
qarşı vuruşan,
1918-də müstəqil Cümhuriyyətimizlə
nəticələnən milli
Azadlıq naminə gecə-gündüz çalışmalar
yapan bu şairin yaradıcılığının
kəmiyyətindən çox,
keyfiyyətindən danışılmalıdır.
1916-cı ildə “Qoşma” adlı ilk kitabı Bakıda, “İstiqlal uğrunda şeirlər” kitabı isə 1928-ci ildə İstanbulda çap olunub.
Bu nəğməkarın
milli tariximiz, mənəvi dünyamızla
ilgili toxunmadığı
bir motiv, nüans çox az. “Olsun bizim bütün
ellər Qurban Türkün bayrağına!”
deyib qurban getmiş bu şərəfli qələm
əhli elə təkcə həmin can atributumuza dair 6 nəğmə yazıb! Hələ onun 1920-nin aprel işğalında Parlament binası üzərində bolşeviklərin
güllələrlə dəlmə-deşik
etdiyi üçrəngli
bayrağımızı çox
üzücü yollarla
əldə edərək
(və 70-ci illərdə
eşitdiyim bir xatirəyə görə,
qətlə çağırılacağına
bir həftə qalmış yaş dolu gözlərinə və dodaqlarına tutub öpərək) çox məxfi bir ünvanda qoruyub-saxlaması...
Bu Turan fədaisinin 1914-də yazdığı
“Çırpınırdın, Qara dəniz” şeiri, həm də onun bu
fədailiyinə qürur
və şərəf
sədalı -
Əbədi bir təziyə!
O, M.Müsfiq, H.Cavid və V.Xuluflu ilə eyni vaxtda (4 iyun 1937) həbsə alınıb, oktyabrın
12-də başlayan məhkəməsi
cəmi 15 dəqiqə
çəkib. Elə həmin
gecə işgəncələrlə
qətlə yetirilsə
də, sənədlərə
“güllələnmiş” tövsifi
ilə düşüb.
Bunu xalq cəlladlarımızın yerli
başçısı, “Sovet
hakimiyyətinə bu qədər sədaqətlə
xidmətdən sonra belə bir ittihama
məruz (?!)” qalan Mircəfər Bağırov
da öz məhkəməsində “üç
dəfə həbs olunmuş Ə.Cavad güllədən yox, işgəncə dözülməzliklərindən
öldü” deyə etiraf edib...
Zirzəmi “ağa”ları içərisindəki “satqın”ların sonralar deməyə bilmədikləri “çöl-bayır” xatirələrindən: “Əhməd orada bədahətən söylədiyi şeirlərində deyirdi ki, dindirilənlərdən öz kameralarına öz ayağıyla dönən olmur. Hər dəfə nəzarətçinin “Müstəntiq çağırır, qalx!” əmrini eşidərkən özünü ələ almaq üçün yüz fəhlə enerjisi işlədirmiş. Müstəntiq Qvozdyevi ən çox heyrətləndirən də məhz onun toxtaqlığı olurmuş. O, “Sənə bu sualı qüdrətli Sovet hökuməti verir!”, “Danış, müttəhim əksinqilabçı!”, “Məhəmmədəmin Rəsulzadə!” sözlərini dəfələrlə təkrar etsə də, “Mən heç nə bilmirəm!”, “Azərbaycan Milli Mərkəzinin üzvlərindən kimsəni tanımıram!” sözlərindən başqa heç nə eşitmirmiş. Müstəntiqin gözlərində “Bacardıqca əzişdirmək, qürurunu sındırmaq, ölümə də meydan oxuduğuna görə, diriliyinin bütün intiqamını almaq!”, Cavadın xəyalında isə ruhən azad olduğu illərə uzanan yol...”
Tahir
Abbaslı
Mədəniyyət.- 2018.- 4 may.- S.12.