Tanınmış violonçel ifaçısı və pedaqoqun xatirəsi anılıb

 

   Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) Xalq artisti, tanınmış violonçel ifaçısı, professor Sabir Əliyevin 90 illiyinə həsr edilmiş tədbir keçirilib.

   BMA-dan bildirilib ki, tədbirdə xalq artistləri Rasim Abdullayev, Eldar İsgəndərov, əməkdar artistlər Aleksey Miltıx, Eyyub Əliyev, Əməkdar müəllim Kamal Paşazadə və digərləri çıxış edərək sənətkarın həyat və yaradıcılığından danışıblar.

   Vurğulanıb ki, Azərbaycan mədəniyyətinin parlaq simalarından olan S.Əliyev milli violonçel ifaçılığı məktəbinin təməlini qoyan sənətkardır. O, uzun illər Bakı Musiqi Akademiyasında Simli alətlər kafedrasının rəhbəri olub. Onun rəhbərliyi ilə professional səviyyəli musiqiçilər yetişib. Hazırda sənətkarın tələbələri ölkəmizdə və ölkəmizin hüdudlarından kənarda uğurla fəaliyyət göstərir. S.Əliyev hər zaman akademiyanın professor-müəllim və tələbələrinin yaddaşında yüksək nüfuza malik musiqiçi-müəllim kimi əbədi olaraq yaşayacaq.

   Tədbir konsert proqramı ilə davam edib. Konsertdə Azərbaycan Qərb bəstəkarlarının əsərlərinə müraciət olunub.

 

Mədəniyyət.- 2018.- 9 may.- S.4.