Avropa günü münasibətilə konsert proqramı
Mayın 7-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Opera studiyasında Avropa gününə həsr edilmiş bayram konserti olub.
Avropa günü tədbirləri ənənəvi olaraq 5 mayda (1949 - Avropa Şurasının yaradılması) və 9 mayda (1950 - gələcək Avropa İttifaqının təməlinin qoyulması) qeyd olunur.
Tədbirin əvvəlində Opera studiyası uşaq xorunun ifasında Azərbaycanın himni səsləndirilib.
Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin səfiri Kestutis Yankauskas çıxış edərək ölkəmizlə əlaqələrin dinamik inkişafından söz açıb. O, 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin, həmçinin Aİ-nin Azərbaycandakı nümayəndəliyinin 10 illiyinin qeyd olunduğunu bildirərək deyib ki, bu tədbir Azərbaycan və avropalılar arasında mədəni müxtəliflik və anlaşmanı təmsil edir.
Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev avropalıları bayram münasibətilə təbrik edib, Avropa ölkələrinə sülh və tərəqqi arzulayıb. Qeyd edib ki, Azərbaycan ilə Avropa ölkələri arasında siyasi, iqtisadi və mədəni sahələrdə sıx əməkdaşlıq mövcuddur və bu əlaqələrin daha da genişlənəcəyinə əmindir.
Sonra
Əməkdar artist Fuad
İbrahimovun dirijorluğu
ilə “Baku Chamber
Orchestra”nın ifasında V.Motsart, A.Vivaldi, Q.Qarayev, F.Bədəlbəyli
və digər bəstəkarların əsərləri səsləndirilib.
Konsert proqramı maraqla
qarşılanıb.
Mədəniyyət.- 2018.- 9 may.- S.8.