Sabaha əmin-arxayın nəzərlə baxan lider

 

   Heydər Əliyevportretinin təqdimat mərasimi olub

  

   Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə mayın 7-də Bakıda tədbir keçirilib. Tədbirdə ulu öndərin tanınmış rəssam Sakit Məmmədov tərəfindən çəkilən portretinin təqdimatı olub.  

   Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov tədbirdə çıxış edərək bildirib ki, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətlərinin miqyası çox böyükdür. Xalqımız hər zaman onun xatirəsini uca tutur, hər an onu xatırlayır. Ölkəmizin qazandığı hər bir uğurun təməlində Heydər Əliyevin əsasını qoyduğu siyasət dayanır. Azərbaycan bu gün ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi yolla irəliləyir.

   Diqqətə çatdırılıb ki, Azərbaycan vətəndaşları dahi rəhbərə məhəbbətlərini müxtəlif formalarda ifadə edirlər. Azərbaycan gəncləri Heydər Əliyev ideologiyasını, onun müəyyənləşdirdiyi yolu mənimsəməklə onun xatirəsinə öz hörmət ehtiramlarını bildirirlər. Sənət adamları, yaradıcı insanlar ulu öndərlə bağlı sənət əsərləri, tablolar yaratmaqla Heydər Əliyev şəxsiyyətinə öz hörmət ehtiramlarını göstərirlər. Azərbaycanın çox görkəmli sənətkarlarından olan rəssam Sakit Məmmədov tərəfindən yaradılan bu portret ulu öndər Heydər Əliyevin müdrikliyini, qüdrətini özündə ifadə edir.

   Sonra portretin üzərindəki örtük götürülüb.

   Çıxış edən Əməkdar memar, Dövlət mükafatı laureatı Rasim Əliyev bildirib ki, Heydər Əliyev xalqımız qarşısındakı misilsiz xidmətləri, xilaskarlıq missiyası ilə Azərbaycan tarixinə öz adını qızıl hərflərlə yazıb. O, ümummilli liderlə bağlı xatirələrini bölüşərək bildirib ki, Heydər Əliyev hələ gənc yaşlarından elmə böyük marağı ilə diqqət çəkən vətənpərvər bir insan idi.

   Heydər Əliyevportreti münasibətilə Sakit Məmmədovu təbrik edən Rasim Əliyev deyib: “Bu əsərdə rəssam ulu öndər Heydər Əliyevin daxili aləmini çox böyük ustalıqla ifadə edə bilib. Əsərdə Sakit Məmmədov Azərbaycan xalqının xilaskarını, dövlətimizin qurucusunu çox böyük məharətlə təsvir edib. Bu, tarixi əsərdir. Xalqımız bu əsəri daim qoruyacaq”.

   Daha sonra sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevil Kərimova çıxış edərək təqdim olunan portretin rəssam Sakit Məmmədovun yaradıcılıq nailiyyətlərinin parlaq zirvəsi olduğunu vurğulayıb. Kompozisiyanın məntiqi nəzəri mərkəzi olan ümummilli lider Heydər Əliyevin obrazı əsərin daxili əhval-ruhiyyəsini müəyyən edir. Rəssam əsərdə ulu öndərin xüsusi ruh yüksəkliyi ilə aram rahat vəziyyətdə oturuşunu təsvir edib. Bu rahatlıq əminlik onun böyük tarixi fərdi missiyasının parlaq nəticəsidir. Ümummilli liderin müdrik baxışı əsərin mühitinə tamaşaçısına daxili nikbinlik qürur bəxş edir.

   Əməkdar rəssam Sakit Məmmədov çəkdiyi əsərə verilən yüksək qiymətə görə təşəkkürünü bildirib.

 

Mədəniyyət.- 2018.- 9 may.- S.2.