“Heydər Əliyev və Azərbaycan
bəstəkarlıq məktəbi”
Elmi konfrans keçirilib
Mayın 4-də Bəstəkarlar İttifaqında müasir Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə “Heydər Əliyev və Azərbaycan bəstəkarlıq məktəbi” mövzusunda elmi konfrans keçirilib.
Tədbiri giriş sözü ilə açan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə bildirib ki, Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycan bəstəkarlarına diqqət və qayğı ilə yanaşıb, bu münasibəti ilə bütövlükdə musiqi sənətimizin inkişafına mənəvi zəmin yaradıb. Onun musiqimizə vurğunluğu bu sahədə çalışanları yeni yaradıcılıq axtarışlarına ruhlandırıb: “Dahi şəxsiyyətin Azərbaycan bəstəkarlarının və musiqişünaslarının əməyini yüksək fəxri adlar və mükafatlarla dəyərləndirməsi bilavasitə Bəstəkarlar İttifaqının fəaliyyətinə verilən qiymətin bariz təzahürüdür. Ümummilli liderin Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Müslüm Maqomayev kimi Azərbaycan musiqisinin korifeyləri ilə şəxsi dostluğu onlara yaradıcılıq axtarışlarında ilham verib”.
Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova 1975-ci ildə Üzeyir Hacıbəylinin ev-muzeyinin açılışı ilə bağlı xatirələrini tədbir iştirakçıları ilə paylaşaraq, ümummilli liderin Azərbaycan professional musiqisinin banisinin yaradıcılığına həsr etdiyi dərin məzmunlu çıxışının şahidi olduğunu bildirib.
Xalq artisti, bəstəkar Tofiq Bakıxanov ümummilli liderin görkəmli mədəniyyət və incəsənət xadimləri ilə olan dostluğundan, bu sənətə verdiyi qiymətdən danışıb, xatirələrini bölüşüb.
Daha sonra ABİ-nin katibi, Əməkdar incəsənət xadimi Cəlal Abbasov “Heydər Əliyev və Azərbaycan Bəstəkarlar İttifaqı”, ABİ-nin katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov “Heydər Əliyevə ithaflar”, professor Həcər Babayeva “Heydər Əliyevin məruzələrində estetik baxışlarının təcəssümü”, sənətşünaslıq üzrə elmlər doktoru Cəmilə Həsənova “Mədəni irsimizin qorunmasında Heydər Əliyevin rolu”, ittifaqın katibi Aliyə Məmmədova “Heydər Əliyev və gənclər”, bəstəkar, Əməkdar incəsənət xadimi Vasif Allahverdiyev “Heydər Əliyevin şəxsi təşəbbüsü ilə yaranmış əsərlər” mövzusunda məruzələrlə çıxış ediblər.
Tədbirin sonunda bəstəkar, Xalq artisti Oqtay Zülfüqarovun
“Bayram uvertürası”nın fonunda Heydər Əliyevin həyat və fəaliyyətini
əks etdirən kadrlar nümayiş
etdirilib.
Mədəniyyət.- 2018.- 9 may.- S.7.