“Azərbaycanın
özü qədər əbədi...”
Milli Kitabxanada ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi ilə əlaqədar “Azərbaycanın özü qədər əbədi olan şəxsiyyəti” adlı kitab sərgisinin açılış mərasimi keçirilib.
Milli Kitabxananın direktoru, professor Kərim Tahirov tədbirdə çıxış edərək ulu öndərin dövlətçiliyimizin inkişafındakı tarixi rolundan danışıb. Vurğulanıb ki, Azərbaycan mədəniyyətinin və zəngin tarixi irsimizin inkişaf etdirilməsi, dünyaya tanıdılmasında Heydər Əliyevin misilsiz xidmətləri var. Direktor Milli Kitabxana tərəfindən dahi şəxsiyyət ilə bağlı biblioqrafiyanın hazırlandığını, ulu öndərin yubileyi ilə əlaqədar tədbirlərin təşkil edildiyini deyib.
Bakı Dövlət Universiteti Kitabşünaslıq və nəşriyyat işi kafedrasının dosenti Rasim Süleymanov çıxışında ümummilli liderin kitaba, kitabxanaya, təhsil və mədəniyyətə olan diqqət və qayğısından bəhs edib, onun dəfələrlə Milli Kitabxanada və BDU-da olmasını bunun təzahürü kimi diqqətə çatdırıb.
Milli Kitabxananın direktor müavini Ədibə İsmayılova qeyd edib ki, Heydər Əliyevin 1993-cü ildə xalqın çağırışı ilə hakimiyyətə qayıdışı Azərbaycan mədəniyyətinin də tərəqqisinə yeni təkan verib.
Sonra
iştirakçılar sərgi ilə tanış olublar. Sərgidə 300-dək kitab,
müxtəlif dillərdə nəşrlər yer alıb.
Mədəniyyət.- 2018.- 9 may.- S.10.