Tanınmış muğam ifaçısının xatirəsi
anılıb
AMEA-nın N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional şöbəsi və Kürdəmir Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə mayın 3-də Kürdəmir rayon Mədəniyyət mərkəzində muğam sənətimizin görkəmli nümayəndəsi Eynulla Cəbrayılovun xatirəsinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib.
Gecənin qonaqları mərkəzin foyesindəki sərgidə Şirvan muğam və aşıq sənətinin görkəmli nümayəndələri haqqında yazılmış kitablar, vaxtilə onların verdiyi konsertlərin afişaları, lent yazıları və xatirə şəkilləri ilə tanış olublar.
Tədbiri Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı açaraq Şirvan musiqi mühitində yetişən Eynulla Cəbrayılovun muğam və aşıq sənətinin sirlərinə yiyələnməsindən, ifalarında bu iki sənətin xüsusiyyətlərini qovuşdurmasından danışıb.
Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Elman Məmmədov çıxışında E.Cəbrayılovun həyat və sənət yolundan söz açıb. Əməkdar elm xadimi, akademik Vasim Məmmədəliyev, Xalq artisti, professor Mirnazim Əsədullayev, Əməkdar artist, tarzən, professor Vamiq Məmmədəliyev, Göyçay Uşaq incəsənət məktəbinin direktoru Rövşən Zamanov, yazıçı-publisist Yusif Cəfərli mərhum sənətkar haqqında xatirələrini məclis iştirakçıları ilə bölüşüblər.
Tədbirdə tanınmış xanəndə və aşıqların ifasında canlı musiqilər, eləcə də E.Cəbrayılovun lent yazıları səsləndirilib.
S.Qaliboğlu
Mədəniyyət.- 2018.- 9 may.- S.11.