Kino hər kəs üçün

 

   Layihə çərçivəsində “Dolufilmi tiflo tərcümə-şərhlə nümayiş olundu

  

   Mayın 7-də Nizami Kino Mərkəzində görmə imkanları məhdud şəxslər üçünDolufilminin nümayişi keçirildi.

   Nümayişdən əvvəl layihənin rəhbəri Reyhan Cəfərova filmin tiflo tərcümə-şərhlə təqdimatı haqqında məlumat verdi. Bildirdi ki, layihə Əlil Ziyalılar İctimai Birliyi, Azərbaycan Gözdən Əlillər Cəmiyyəti və Nizami Kino Mərkəzinin təşkilatçılığı ilə reallaşıb. Əlil Ziyalılar İctimai Birliyi üçüncü dəfədir ki, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi proqram ilə idman, incəsənət və xalq sənəti növlərinin öyrədilməsinə yardım göstərilməsi layihəsini icra edir. Birlik Gözdən Əlillər Cəmiyyəti ilə əməkdaşlıq edərək bədii və cizgi filmlərinin, teatr tamaşalarının tiflosurdo şərhlərini hazırlayaraq əlillərin istifadəsinə verməklə onların bərabər imkanlarla filmləri müşahidə etmək hüquqlarının təmin edilməsinə dəstək olub.

   Bildirildi ki, tiflo tərcümə ilə “Dolufilminin nümayişi 8 may - Şuşanın işğalı və 5 may - Əlillərin hüquqlarının müdafiəsi gününə həsr edilib. Azərbaycanda ilk dəfə Nizami Kino Mərkəzində “Kino hər kəs üçün” layihəsi çərçivəsində görmə və eşitmə qabiliyyəti məhdud olan insanlar üçün xüsusi tərcümə olunmuş filmlər təmənnasız və davamlı olaraq nümayiş etdirilir.

   Tədbirdə çıxış edən millət vəkili, “Dolufilminin ssenari müəllifi Aqil Abbas layihəni dəyərli addım kimi qiymətləndirdi. Cəmiyyətdə əlillərin bərabərhüquqlu şəkildə sənətin bütün növlərindən faydalanmaq imkanlarının yaradılmasına görə təşkilatçılara minnətdarlığını ifadə etdi. Bildirdi ki, insanlar gözdən kor, eşidə bilməmək kimi xəstəliklərə məruz qala bilərlər, amma təki qəlblər kor olmasın, mərhəmət və birlik bütün bu məhdudiyyətlərə qalib gəlməyə şərait yaratsın. Müəllif film haqqında da fikirlərini bölüşdü.

   Sonra film nümayiş olundu. “Dolufilminin tiflo tərcümə-şərhlə təqdimatı milli kinomuzda ilk addımdır. İnanırıq ki, bundan sonra başqa ekran əsərlərimizin də gözdən əlil insanlar üçün bu formatda nümayişi onların mədəni istirahəti üçün imkanlar yaradacaq.

  

   Lalə Azəri

   Mədəniyyət.- 2018.- 9 may.- S.13.