Qazaxıstanda Zəlimxan Yaqubun xatirəsi anılıb

 

 

   Qazaxıstanın Almatı şəhərində Dünya Axıska Türkləri Birliyinin təşkilatçılığı ilə Azərbaycanın Xalq şairi Zəlimxan Yaqubun xatirəsinə həsr olunmuş gecə keçirilib.

   Birliyin sədri Ziyaetdin Kassanov söz ustadının təkcə Azərbaycanda deyil, Türk dünyasının hər yerində sevildiyini, milyonlarla oxucu sevgisini qazandığını bildirib. Qeyd edib ki, təşkilat tərəfindən yaxın zamanlarda Türkiyə və digər türkdilli dövlətlərdə şairin xatirəsinə həsr olunmuş silsilə tədbirlər keçiriləcək.

   Azərbaycanın Almatıdakı konsulu Ramil Rzayev, Qazaxıstan Azərbaycanlıları Assosiasiyası İctimai Birliyinin sədri Əbülfəz Müslümoğlu, Türkiyənin Almatıdakı konsulu Rıza Kağan Yılmaz və tanınmış alimlər çıxış edərək şairlə bağlı fikirlərini bölüşüblər.

   Milli Məclisin deputatı Adil Əliyev, Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu, “Kəpənəkçi” Xeyriyyə Cəmiyyətinin sədri Azər GöyüşovXalq şairinin oğlu Bəhlul Yaqublu çıxışlarında böyük söz ustadının xatirəsinin qardaş Qazaxıstanda əziz tutduqlarına görə minnətdarlıqlarını ifadə ediblər.

   Sonra şairin sağlığında çəkilmiş filmlərdən parçalar nümayiş olunub, şeirlər oxunubonun sözlərinə bəstələnmiş musiqilər səsləndirilib.

   Tədbirdə həmçinin şairin Almatıda bu günlərdə nəfis tərtibatla nəşr olunmuş “Borçalının bir tərəfi Axıska” adlı kitabı da təqdim olunub. Rövşən Məmmədoğlunun redaktorluğu ilə işıq üzü görən kitabda şairin yaradıcılığından seçmələr oxuculara Azərbaycan və rus dillərində təqdim olunur.

 

Mədəniyyət.- 2018.- 9 may.- S.15.