Seulda Azərbaycan-Koreya dəfiləsi keçirilib

 

   Seulda Azərbaycan və Koreya milli geyimlərinin dəfiləsi keçirilib. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan tədbir ölkəmizin Koreya Respublikasındakı səfirliyinin və Azərbaycanın Mədəniyyət Nazirliyinin dəstəyi, Koreya Mədəniyyət Assosiasiyasının təşkilatçılığı ilə gerçəkləşib.

    Dəfilədə Bakı Milli Geyim Evinin modelyeri Könül Vəlibəylinin hazırladığı milli geyimlərimiz, modelyer Ham Yun-Conqun hazırladığı Koreya milli geyimləri nümayiş etdirilib.

   Tədbirdə çıxış edən səfir Rəmzi Teymurov bu il dövlətçilik tariximizdə əlamətdar hadisə olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinin qeyd olunduğunu bildirib, ölkəmizin müasir inkişafından söz açıb.

   Diplomat ölkəmizin Koreya Respublikası ilə əlaqələrindən, qarşılıqlı mədəniyyət tədbirlərindən bəhs edərək Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Seulda bir sıra tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb. Bildirib ki, bu tədbir Azərbaycanın zəngin mədəni irs nümunəsi olan milli geyimlərinin Koreya ictimaiyyətinə tanıdılması üçün mühüm bir imkandır.

   Koreya Mədəniyyət Assosiasiyasının prezidenti Ce-min Conq Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Azərbaycan dövlətini və xalqını təbrik edib. O, assosiasiyanın Koreya mədəniyyətinin dünyada, dünya mədəniyyətinin isə Koreyada tanıdılması və təbliğinə xidmət etdiyini qeyd edərək bu baxımdan birgə dəfilənin əhəmiyyətini vurğulayıb.

   Seulun ən çox ziyarət edilən sərgi mərkəzi olan COEX-də təşkil olunan dəfilədə Azərbaycan milli geyimləri ilə yanaşı, Azərbaycana dair təbliğat videosu, Ermənistanın işğalı altında olan ərazilərimizdəki tarixi abidələr - Şuşa qalası, Ağdam məscidi, eləcə də ölkəmizin tarixi və mədəniyyət abidələrinin fotoları nümayiş etdirilib.

   Sonda azərbaycanlı və koreyalı modelyerlərə təşəkkür diplomları təqdim edilib.

 

Mədəniyyət.- 2018.- 9 may.- S.16.