Şəxsiyyət, missiya, irs...
Heydər Əliyev Mərkəzində Azərbaycan-Rusiya
sərgisi açılıb
Mayın 10-da Heydər Əliyev Mərkəzində “Heydər Əliyev: şəxsiyyət, missiya, irs” Azərbaycan-Rusiya tarixi sənədli sərgisinin açılış mərasimi olub.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Rusiya Federasiyası Prezidentinin Administrasiyası və Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil olunan sərgidə rəsmilər, Azərbaycanın və Rusiyanın ictimai-siyasi xadimləri, ziyalıları iştirak ediblər.
Rusiya ilə dostluq münasibətlərinin qurulmasında, iki ölkə arasında strateji tərəfdaşlığın əsaslarının qoyulmasında ulu öndər Heydər Əliyev mühüm rol oynayıb. Buna görə də Heydər Əliyev Mərkəzində əlamətdar yubileyə - Azərbaycan xalqının ümummilli liderinin anadan olmasının 95 illiyinə həsr edilən tarixi-sənədli sərginin açılması təsadüfi deyil.
Mərasimdə Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov sərgi haqqında məlumat verib.
Rusiya Federasiyası Prezidentinin xarici ölkələrlə regionlararası və mədəni əlaqələr idarəsinin rəisi Vladimir Çernov Rusiya Prezidenti Vladimir Putinin tədbir iştirakçılarına müraciətini oxuyub. Müraciətdə Azərbaycan xalqının ümummilli liderinin siyasi müdrikliyi və uzaqgörənliyi qeyd edilir, Heydər Əliyevin nəinki həmvətənləri, bütün dünyada böyük nüfuza malik olduğu vurğulanır.
Azərbaycan Prezidenti İlham Əliyevin tədbir iştirakçılarına müraciətini Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov oxuyub.
Müraciətdə bildirilir ki, Heydər Əliyev təkcə postsovet məkanında deyil, bütün dünyada yüksək nüfuz qazanmış görkəmli dövlət xadimi və siyasi xadimdir. Müasir mərhələdə strateji münasibətlər kimi səciyyələnən Azərbaycan-Rusiya münasibətlərinin möhkəmlənməsində Heydər Əliyevin xüsusi xidməti olub. Müraciətdə bu layihənin təşəbbüsçüsü olan Rusiya tərəfinə, həmçinin hər iki ölkənin tarixçilərinə və arxiv mütəxəssislərinə minnətdarlıq bildirilir, sərginin xalqlarımız arasında dostluğun möhkəmlənməsinə öz töhfəsini verəcəyinə əminlik ifadə olunur.
Tədbirdə daha sonra Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədr müavini İlyas Umaxanov, Rusiya Federasiyası xarici işlər nazirinin müavini Qriqori Karasin çıxış ediblər.
Sonra
sərginin açılışı olub.
Sərgi altı bölmədən ibarətdir. Hər bir bölmə ulu öndərin
həyatının müəyyən mərhələsinə
həsr edilib. Sərgidə
Heydər Əliyevin həyat və fəaliyyətini əks
etdirən 300-dən çox eksponat - fotolar, sənədlər
və videomateriallar nümayiş
olunur. Ümummilli liderin siyasi müdrikliyi və uzaqgörənliyi, ən
mürəkkəb məsələlərin mahiyyətinə varmaq bacarığı, böyük
təşkilatçılıq istedadı ona
həmvətənləri arasında və xaricdə yüksək
nüfuz qazandırıb. Heydər
Əliyev Azərbaycanın uğurlu
inkişafının mühüm şərtlərindən
birini Rusiya ilə dostluq, mehriban qonşuluq əlaqələri
yaradılmasında, qarşılıqlı faydalı əməkdaşlığı
və ölkələrimiz arasında konstruktiv
tərəfdaşlığı möhkəmlətməkdə
görürdü. Dövlətlərimiz
çoxsaylı nəsillərin topladığı mehriban qonşuluq və
qarşılıqlı faydalı əməkdaşlıq ənənələrini
müstəqillik illərində nəinki qoruyub
saxlamağa, həm də artırmağa nail olublar. Bu
genişmiqyaslı sərgi tarixçilərin, arxiv mütəxəssislərinin və
dövlət nümayəndələrinin birgə səylərinin
nəticəsidir. Sərgidə həm Heydər Əliyev
şəxsiyyətinin çoxşaxəliliyini görmək,
eyni zamanda onun irsi ilə təmasda olmaq imkanı verən çoxsaylı arxiv sənədləri və fotoşəkillər
təqdim edilir.
Mədəniyyət.- 2018.- 11 may.-
S.5.