Sənətə və əməyə
verilən yüksək qiymət
Mədəniyyət və incəsənət xadimlərinə
orden və medallar, fəxri
adlar təqdim edildi
Mayın 10-da Muzey Mərkəzində Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə orden, medal və fəxri adlara layiq görülmüş mədəniyyət və incəsənət xadimlərinə mükafatların təqdimat mərasimi keçirildi.
Mədəniyyət naziri Əbülfəs Qarayev tədbirdə çıxış edərək mədəniyyət və incəsənət sahələrində xidmətləri olan şəxslərə dövlət qayğısından danışdı. Bildirdi ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasət ölkə başçısı İlham Əliyev tərəfindən davam etdirilir: “Mədəniyyət xadimlərinin yaradıcı əməyinin qiymətləndirilməsi ilə yanaşı, bu sahəyə aid dövlət proqramlarının qəbul edilməsi, qanunvericiliyin təkmilləşdirilməsi də bu diqqətin bariz nümunəsidir. Bu gün mədəniyyət işçilərinə ayrılan diqqət bütövlükdə Azərbaycan mədəniyyətinə diqqət deməkdir. Mədəniyyətimiz bu gün dünya səviyyəsində tanınır, təbliğ edilir, beynəlxalq qurumlar səviyyəsində qəbul olunur. Azərbaycan musiqisi dünyanın məşhur konsert salonlarında səslənir. Bütün bunlar dövlət başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu sahədə gördüyü misilsiz işlər sayəsində mümkün olmuşdur”.
Nazir qeyd etdi ki, mükafatların 10 may tarixində - mədəniyyət və incəsənətimizin həqiqi hamisi olmuş ulu öndər Heydər Əliyevin doğum günündə təqdim edilməsi ikiqat bayram ovqatı yaradır: “Xalqımızın şücaəti və ulu öndər Heydər Əliyevin müdrik siyasəti sayəsində Azərbaycan öz müstəqilliyini qoruyub saxlamağa nail olub. Danılmaz bir həqiqətdir ki, Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü ümummilli liderin adı ilə bağlıdır. Çünki bu dövrün özünü məhz Heydər Əliyev yaratmışdır. O, var qüvvəsini Azərbaycanın yüksəlişinə həsr etmiş, respublikamızın hər yerində nəhəng quruculuq işlərinin təşəbbüskarı və memarı olmuşdur. Dahi rəhbərin uzaqgörənliyi, mükəmməl bilik və bacarığı, digər sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də dərin və silinməz iz qoymuşdur. Bu gün isə Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycan dünya səviyyəsində nümunəyə çevrilib, regionun qabaqcıl dövlətləri sırasındadır”.
Əbülfəs Qarayev müstəqilliyimizin bərpasından sonra ölkəmizin keçdiyi inkişaf yolundan, qazandığı uğurlardan danışaraq Heydər Əliyevin həm sovet Azərbaycanına, həm də müstəqil Azərbaycana rəhbərliyi dövründə teatr, kino, musiqi xadimlərinə, təsviri sənət ustalarına, mədəniyyətin digər sahələrində çalışan insanlara göstərdiyi diqqətdən söz açdı. Vurğulandı ki, dövlət tərəfin göstərilən qayğı yaradıcı insanların fəaliyyətinə stimul verir.
Sonra mükafatlar təqdim edildi. Prezidentin sərəncamına əsasən “Şöhrət” ordeni ilə təltif edilənlər - xalq artistləri Rafiq Əzimov, Rauf Babayev, rəssam, Əməkdar incəsənət xadimi Arif Əziz, Milli Kulinariya Mərkəzinin prezidenti Tahir Əmiraslanov, Heydər Əliyev Sarayının direktoru Fərhad Babayev, yazıçı, Əməkdar incəsənət xadimi Mövlud Süleymanlı və “Şərəf” ordeni ilə təltif edilən Xalq artisti Aleksandr Şarovski çıxış edərək ulu öndərin ad günü ərəfəsində onlara təqdim edilən mükafatın ikiqat bayram olduğunu və böyük məsuliyyət hissi yaratdığını vurğuladılar. Çıxışlarda mədəniyyət işçilərinə göstərilən diqqət və qayğıdan söz açılaraq ölkə başçısına və Mədəniyyət Nazirliyinə minnətdarlıq ifadə olundu.
Mərasimdə həmçinin nazirliyin döş nişanlarına layiq görülən şəxslər də təltif edildi.
Sonda nazir Əbülfəs Qarayev ölkəmizin tərəqqisi və təbliğində mədəniyyət və incəsənət xadimlərinə uğurlar arzuladı.
Lalə
Mədəniyyət.- 2018.- 11 may.- S.3.