İlk istiqlal dövrümüzün ədəbi salnaməsi

 

 

Müstəmləkə zülmü görən, vətəni uzunmüddətli işğala məruz qalan xalqların ədəbiyyatında hürriyyət qayəli bədii nümunələrə tez-tez rast gəlinir. İmperializmin məhrumiyyətlərini çox yaşamış Azərbaycan xalqı da azadlığı hava kimi, məlhəm kimi arzulayıb.

  

   XIX əsrin ikinci yarısı və XX yüzilliyin əvvəllərində, xüsusilə də Çar Rusiyasının sütunları laxlamağa başlayanda Azərbaycan mətbuatı və ədəbi mühitində müstəqillik ab-havalı bədii və mətbu nümunələrin sayı çoxalırdı. Həmin dövrdə ədib və ziyalıların yaradıcılığına və ictimai fəaliyyətinə nəzər salanda aydın olur ki, xalqımızın azadlıq istəyi heç vaxt səngiməyib. Mirzə Fətəli Axundzadə və Həsən bəy Zərdabidən başlayaraq Əli bəy Hüseynzadə, Məhəmməd Əmin Rəsulzadə, Əhməd bəy Ağaoğlu, Məhəmməd Hadi, Abbas Səhhət, Abdulla Şaiq, Yusif Vəzir Çəmənzəminli, Firidun bəy Köçərli və başqalarının əsərlərində müstəqillik düşüncəsinin işartılarını buya digər səviyyədə görmək mümkündür.

   Məsələn, yazıçı-dramaturq Cəlil Məmmədquluzadə 1917-ci ildə qələmə aldığı “Cümhuriyyət” məqaləsi ilə xalqımızın müstəqilliyə necə yaxın olduğunu göstərməklə yanaşı, müasir respublika quruluşunun ideya-siyasi əsaslarını da ortaya qoymuşdu. Bu məqalənin əhəmiyyətini yüksək qiymətləndirən akademik İsa Həbibbəyli “Cümhuriyyət”i C.Məmmədquluzadə demokratizminin, milli-demokratik dövlət quruculuğunun nizamnaməsi kimi xarakterizə edir. Bildirir ki, ilk dəfə 1917-ci ildə Tiflisdə Müsəlman Milli Komitəsinin yığıncağında səsləndirilmiş bu məqalə “Cümhuriyyətin vacib əsasları”ndan yoğurulmuş proqramdır.

   İstiqlaliyyət uğrunda mübarizədən geri çəkilməyən vətənsevərlər azərbaycançılıq məfkurəsini məzmun və keyfiyyətcə yeni mərhələyə daşıdılar. Bu proses Xalq Cümhuriyyətinin qurulması ilə yüksək zirvəyə çatdı...

  

   Xalqın hüzn və ağrılarına

   Cümhuriyyət məlhəmi

  

   Cümhuriyyət elə bir vaxtda quruldu ki, 1918-ci ilin mart-aprelində erməni-bolşevik qatil dəstələrinin Azərbaycanın əksər bölgələrində həyata keçirdiyi soyqırımının ağrı-acısı hələ dinməmişdi. Mayın 28-də Tiflisdən gələn istiqlal müjdəsi milli matəmə qərq olan xalqımızın ağrı-acısına sanki məlhəm oldu. Bu qürur doğuran xəbərə ən çox sevinənlər isə, təbii ki, istiqlalı hamıdan artıq arzulayan yazıçı və şairlər idi.

   Cümhuriyyətin elan olunması ədəbi mühitdə də böyük canlanma yaratdı. Bu dövrün ideya-bədii baxımdan rəngarəng poeziyası, nəsri, dramaturgiyası formalaşdı. Professor Vaqif Sultanlının fikrincə, qısa bir dövr ərzində böyük milli ədəbiyyatın yaranması mümkün deyildi. Cümhuriyyətçilik bir məfkurədir və buna qədər gələn bir yol, ədəbi proses var. Cümhuriyyətin üçrəngli bayrağı və gerbinin daşıdığı simvollar milli poeziyamızdan və romantik nəsr nümunələri və publisistikadan keçərək gəlib.

   Mənbələrdə qeyd edilir ki, Cümhuriyyət dövrünün ədəbiyyatını ilk dəfə araşdıranlar elə bu respublikanı yaradanların özləri olublar. 1919-cu il avqustun 26-da “Yaşıl qələm” ədəbi birliyinin yığıncağının parlament binasında keçirilməsi, Rəsulzadənin orada iştirakı və çıxışı Cümhuriyyət rəhbərlərinin milli ədəbiyyatın inkişafında maraqlı olmasının göstəricisidir.

  

   “Millətin ülvi niyyət və

   məqsədlərini oxşayınız...”

  

   Dövrün tanınmış ədib və ziyalıları ədəbiyyatın, mətbuatın əsas inkişaf istiqamətlərini müəyyənləşdirən yazılarla çıxış edir, gənc ədəbi qüvvələri milli ruhlu əsərlər yaratmağa səsləyirdilər. Yazıçı və şairləri azərbaycançılıq məfkurəsini əks etdirməyə çağıran Rəsulzadə 1919-cu ildə “Azərbaycan” qəzetində yazırdı: “Mətbuatın, ədəbiyyatın millətin qəlbinə milliyyət və istiqlal toxumu saçan bir əməl olduğu məlumdur... Ey millətin lisanül-qeybi olan şairlər, ədiblər! Millətin əməllərini, ülvi niyyət və məqsədlərini oxşayınız, kəndisinə millət sevgisi, vətən məhəbbəti, hürriyyət eşqi təlqin ediniz”.

   Güneyli-quzeyli Azərbaycanın taleyini düşünən Mirzə Cəlil “Gəlin, əsrlərlə millətin ürəyində daş bağlayan dərdlərini açıb tökək”, - deyə çağırış edirdi. Cümhuriyyətin Ukrayna və Türkiyədə səfiri olan Y.V.Çəmənzəminli “Bu gün yazıçıya nə gərəkdir” sualına belə cavab verirdi: “Dil azadlığı, qələm azadlığı”.

   Milli intibah, hürriyyət düşüncəsi və istiqlal ovqatı görkəmli romantik şair M.Hadinin şeirlərinin leytmotivini təşkil edir. O, Cümhuriyyətin qurulmasını ruh yüksəkliyi ilə qarşılamış, xalqımızın tarixinə qızıl hərflərlə həkk olunan bu hadisəyə şeirlər həsr etmişdi. Müəllif “Məfkureyi-aliyyəmiz” şeirində xalqın milli istiqlal ruhunu və əzmini ifadə edərək yazırdı:

  

   Çıxsın dilərsə, qarşımıza həp məzarımız,

   Dönməz məzaridən bu dili-əzmkarımız...

   Vicdani-millətə yazılıbdır bu ayəmiz,

   Ən şanlı, ən şərəfli həyat iştə qayəmiz...

  

   Şair “Şühədayi-hürriyyətimizin ərvahına ithaf” şeirində “Sizinlə buldu bu millət şərəfli istiqlal”, - deyərək müstəqillik uğrunda mübarizədə şəhid olmuş vətən övladlarının xatirəsinə ehtiramını ifadə edirdi. O, “Əsgərlərimizə, könüllülərimizə” silsilə şeirlərində isə xalqı istiqlalımızı qorumağa çağırırdı.

   Şair-dramaturq Hüseyn Cavid o zaman “Yaşıl qələm” ədəbi birliyində təmsil olunurdu. 1919-cu ildə Abdulla Şaiqlə birgə ədəbiyyat nəzəriyyəsinə dair “Qəvaidi-ədəbiyyat” (“Ədəbiyyat dərsləri”) adlı dərslik nəşr etdirmişdi. A.ŞaiqTürk çələngi” (1919) dərsliyinə Cavidin tərcümeyi-halını, “Bakıda” (“Məsud və Şəfiqə”), “Kiçik sərsəri”, “Öksüz Ənvər”, “İlk bahar”, “Qız məktəbində”, “Çiçək sevgisi” şeirlərini də daxil etmişdi.

   İstiqlalımıza könül verən A.Şaiqİntizar qarşısında”, “Arazdan Turana”, “Yeni ay doğarkən”, “Vətənin yanıq səsi”, “Türk ədəmi-mərkəziyyət firqəsi” və s. şeirləri qələmə almışdı. “Birləşəlim, türk oğlu, bu yol millət yoludur!” - deyən şair hər kəsi milli birliyə kökləyir, vətənin istiqlalı naminə əzmkarlığa səsləyirdi:

  

   Ölüm” deyə, “Vətən” deyə coşarız.

   Bu torpaqlar qanımızla boyansa,

   Nəfəsimiz qalınca öc alarız...

  

   Şeirlərində müstəqil Azərbaycan, türkçülük, turançılıq ideyalarını tərənnüm edən Cəfər Cabbarlı “Yaşıl donlu, al yanaqlı, mavi gözlü sevdiyimdediyi bayrağımızın tarixi simvolikasını belə açırdı:

  

   Bu göy boya göy moğoldan qalmış bir türk nişanı,

    bir türk oğlu olmalı.

   Yaşıl boya islamlığın sarsılmayan inamı,

    ürəklərə dolmalı.

   Al boya da azadlığın, təməddünün gümanı,

    mədəniyyət bulmalı...

  

   Müəllifin “Sevdiyim”, “Sevimli ölkəm”, “Salam” şeirlərində istiqlalımızdan doğan sevincqürur hakimdir.

   Cümhuriyyətin ilk qadın şairi Ümmügülsüm istiqlalımıza əl uzatmaq istəyənlərə meydan verməməyi tövsiyə edirdi:

  

   Ey buzlu şimaldan qopan ruzigar,

   Toxunma qəlbimə, atəşi parlar.

   Saqın, gəlmə, səni nəfəsim boğar,

   Dəf ol, vətənimdə görəməm səni...

  

   Üçrəngli bayrağınla məsud yaşa!”

  

   Bu dövr poeziyasında özünəməxsus yer tutan, himnimizin sözlərinin müəllifi, “Cümhuriyyət şairiadlandırılan Əhməd Cavad istiqlalımızın həqiqi tərənnümçüsü idi. Onun həyat yaradıcılığının ən parlaq dövrü Cümhuriyyət illərinə təsadüf edir. Ə.Cavadın bu dövr şeirlərinin əsas atributları 28 May - istiqlal günü, milli ordu, türk birliyi, üçrəngli, səkkizguşəli ay-ulduzlu bayraqdan ibarətdir. Şairin işıq üzü görən ikinci şeirlər kitabıDalğa”da (1919) istiqlal ruhlu (“Azərbaycan bayrağına”, “Gəlmə s.) bədii nümunələr yer alıb.

   Yeni qurulan Cümhuriyyət üçün ən böyük təhlükənin şimaldan gəlməsindən ehtiyatlanan müəllif (təəssüf ki, bu ehtimal qısa zamanda gerçək oldu) xalqın iradəsinə qarşı gələn düşmənə qəzəbini ifadə edirdi:

  

   Könüllər bir dəniz, coşdurma onu,

   Coşqun könüllərin fırtına sonu.

   Sən ey şimal yeli, gəl etmə bunu,

   Yox isə əmrinə uyanlar, gəlmə!

  

   Milli istiqlalın bərqərar olmasından doğan duyğuların ifadəsi Əliabbas Müznib, Balaqardaş Mürşid, Əli Şövqi, Ümid Gəncəli, Əli Yusif başqalarının yaradıcılığında da özünü göstərirdi. Şair, ədəbiyyatşünas Ə.Müznib Cümhuriyyətin himni üçün elan olunan müsabiqəyə təqdim etdiyi Övraqi-nəfisəjurnalında (1919, ¹ 5) işıq üzü görənAzərbaycanşeirindəMəbudumuz üç boyalı bayrağı, Kəbəmizdir hər bir ovuc torpağıdeyərək vətənin necə müqəddəs bir yerə sahib olduğunu vurğulayırdı.

   ***

   İstiqlaliyyət illərində poeziya nümunələri ilə yanaşı, dövrün mürəkkəb ictimai-siyasi prosesləri bədii nəsrdə öz əksini tapırdı. Mirzə Cəlilin bu dövrdə qələmə aldığıKonsulun arvadı”, “Qəssab”, “Xanın təsbehi”, “Nigarançılıq”, “Rus qızı s. hekayələrində ənənəvi ailə-məişət mövzuları ilə yanaşı, vətənin, millətin taleyi məsələlərinə toxunulurdu. Əbdürrəhim bəy HaqverdiyevinŞairhekayəsində milli dövlət quruculuğu dövründə ziyalı problemi diqqət mərkəzinə çəkilirdi. A.ŞaiqinƏsrimizin qəhrəmanlarıromanında Azərbaycan gənclərinin həyatı, arzu amalları, dünyabaxışı əməlləri ön planda təqdim olunurdu.

   Yazıçı Ağababa Yusifzadənin romantik ruhluSınıq qanadromanı ənənəvi məhəbbət mövzusunda olsa da, əsərdə ictimai məsələlərə eyham vurulurdu. Müəllifin fikrincə, millətin müstəqilliyi xoşbəxtliyi hamının birliyindən, bir-birinə yardımından asılıdır. Bu mənada yazıçı, tənqidçi Seyid HüseyninHəzin bir xatirə. İsmailiyyəhekayəsi diqqətəlayiq nümunələrdəndir. Yazıçı xalqı erməni-bolşevik quldurlarının viran qoyduğu İsmailiyyə binasının timsalında öz taleyinə sahib çıxmağa səsləyirdi.

   ***

   Ədəbi prosesin canlanmasında dramaturgiyanın da özünəməxsus yeri vardı. Qələmə alınan pyeslərdə ölkəmizin həmin dövrdəki vəziyyəti, milli azadlıq hərəkatı, müstəqil dövlətçilik məsələləri, xalqın etnik-mədəni sisteminə yeni baxış aparıcı idi. Müəlliflər Azərbaycan, Turan, Qafqaz Türk dünyasını bədii obraz səviyyəsinə qaldırırdılar.

   C.Məmmədquluzadə (“Kamança”, “Anamın kitabı”), H.Cavid (“İblis”), C.Cabbarlı (“Bakı müharibəsi”, “Aydın”), M.B.Məmmədzadə (“Bakı uğrunda mübarizə”), İsa bəy Aşurbəyli (“Azərbaycan”) kimi ədiblər cəmiyyətdə baş verən hadisələrə öz münasibətlərini yüksək peşəkarlıqla ifadə edirdilər. Ümumiyyətlə, bu dövrdə qələmə alınan pyeslər ədəbi mühitə yeni nəfəs gətirməklə yanaşı, Azərbaycan səhnəsinin ideya-bədii cəhətdən maraqlı əsərlərlə zənginləşməsində mühüm rol oynamışdı.

   ***

   Cümhuriyyət dövründə ədəbiyyat tariximizin sistemli şəkildə araşdırılması da diqqətdən kənarda qalmamışdı. F.Köçərli, S.Hüseyn, S.Mümtaz Y.V.Çəmənzəminli qədim dövrlərdən üzü bəri ədəbiyyatımızın görkəmli nümayəndələrinin fəaliyyətinə işıq tuturdular. ÇəmənzəminliAzərbaycan ədəbiyyatı tarixinə bir nəzərkitabını yazır, S.Mümtaz klassik şairlərimizin həyat yaradıcılığını toplayırdı. Qələmə alınan bədii nümunələrsə əsasənAzərbaycan”, “Açıq söz”, “Müsavat”, “Bəsirət”, “İstiqlalqəzetlərində, “Övraqi-nəfisəQurtuluşjurnallarında dərc olunurdu. Milli şərqilər”, “Ordu marşlarıkimi toplularda istiqlal ruhlu əsərlərə geniş yer verilirdi.

   Ümumiyyətlə, xalqımızın istiqlal arzularının gerçəkləşməsi, milli dünyəvi dəyərlərə malik respublikanın qurulması mədəniyyət ədəbiyyatımızda da ayrıca mərhələnin yaranması ilə nəticələndi. Tariximizin bu şanlı səhifəsinin dərindən öyrənilməsi təbliği ədəbi-tarixi yaddaşın bütövləşməsinə xidmət edəcək, gənc nəsillərin iftixar mənbəyinə çevriləcək.

  

   Fariz Yunisli

 

Mədəniyyət.- 2018.- 16 may.- S.15.