Dramatik,
epik, lirik bir ömür
Bu “mozaik” taleyin yazanı Tanrı,
“avtorejissor”u isə - adiliklərin ən maraqlısına belə
qail olmayan bu “faili-muxtar”ın özü
Mehdi Məmmədov
- 100
Altmış yeddi il
ömürlü bu ünlü
rejissor-aktyor-teatrşünas-pedaqoq-tənqidçinin sənət
yaşamında yuxarıdakı rəqəmdən də
çoxmiqdarlı “qeydetmələr” olub; quruluş verdiyi,
ifa-iştirakçısı olduğu hansısa bir tamaşa,
yaxud tənqidi məqalələrilə bağlı: “ - 100, 150, 200” və s.
Deməmək olmur ki, böyük
sənət eşqli bu səhnə-ekran adamının şəxsi-həyati
sevgilərilə bağlı simpatik-statistik rəqəmlər
də az olmayıb; dörd rəsmi nikah,
neçə-neçə “adıçıxma”, leqal
ismarışlar (və s.)
“Nə etməli”;
bu qədər
çoxistedad-çoxyaraşıqlılığı bu sənətkarı
çoxYARlılığa da “məhkum” etməliymiş (?)...
Yazımın sonunda, bu “teatral
era-adam”ın “şəxsi həyat pərdələri”ndən
də bəzi “şəkil”ləri tamaşalamağa
çalışacam, amma hələlik onun “rəsmi-işgüzari”
-
Sənət pərdələrindən...
Haqqında oxuduqlarıma,
çağdaşlarından eşitdiklərimə görə,
o, elə ilk gəncliyindən öz qeyri-adi “fərd”liyilə
ətraf “ümumi”yə nümunə olub. Canlı
müşahidələrimə görə isə, -
bütün tərzi-hərəkət, oturuş-duruş, gəliş-gediş,
dinləmə-dillənmə təmrinlərilə əlahiddə
bir bəndə, bütöv bir estet, orijinal bir teatral, gəzəri
bir universitet...
Yuxarıdakı “təyin”i
sadalamamdakı “dinləmə-dillənmə” ifadələri
heç də gəlişigözəl “neologizm” cəhdi
deyil; Moskva Teatr İnstitutunun tələbəsiykən,
yaxşı bilmədiyi rus dilində sürəkli
yazıb-oxuma ritmikası (digər versiyalara görə,
atasının xəstəliyi, ya... kim bilir, bəlkə
növbəti bir “nakam” sevgi əhvalatı) ilə
bağlı keçirdiyi kompleksdən əsəbləri
pozulur, möhlət götürüb, xəstəxanada
müalicə almalı, sonralar, nitqində
yanılmamaqçün hər cavabında xeyli fikirləşib
danışmalı olur və bu, get-gedə vərdişə
çevrilir. Aktyor dostu Mirzağa Əliyev isə onun (öz
aləmində) “sənət jesti” kimi təlqin-təqdim etməyə
çalışdığı bu “xarakterik” keyfiyyətini
“Mehdi qədeşə salamı bu gün versən, əleyksalamı
sabah alarsan” zarafatıyla daha da məşhurlaşdırır.
Sovetlərin
ictimai-siyasi havalarını bütün ünvanlarda layiqincə
(ən azı, “neytral-internasional”casına) oynayan bu sənətkara
1960-da Milli Dram Teatrı kimi vacib bir ideo-obyektin baş
rejissorluğunu tapşırırlar. O burada anşlaq
tamaşalar (“Əliqulu evlənir”, “Şadlıq
sorağında”, “Alov” və s.) hazırlayır, “Kəndçi
qızı”nasa elə bir teatral dirilik bəxş
edir ki, əsərin müəllifi (Mirzə İbrahimov) də
Lenin mükafatına layiq görülür.
Bu böyük sənətkarı
canlı və ya kino-tele lentlərdə görənlər bu
an onun boy-buxun böyüklüyünü də göz
önünə gətirsinlər ki, növbəti cümləmin
fərqinə daha dərindən vara bilsinlər.
Bəli, doğulduğu (22 may 1918)
“təbii konservatorial-teatral Şuşa”dan ailəvi olaraq
Bakıya köçən (1922) və 15 yaşında ikən
Teatr Texnikumuna daxil olmaq istəyən Mehdini, “can-cəsəd zəifliyi”
səbəbindən qəbul etmirlər. Bu çəlimsiz
candakı qədərsiz sənət eşqi isə...
Yaxın gələcəkdə fəth
edəcəyi, sağkən ömürlük, ruhkən əbədi
sakini olacağı böyük teatr-sənət məbədinin
ilk pilləsindən qaytarılan Mehdi elə həmin il Bakı Türk İşçi
Teatrının yardımçı heyətinə qəbul
edilir və burada elə bir sürətlə (həm mədəni,
həm “bədən”i cəhətdən) inkişaf edir ki,
növbəti il səhnə-sənət yönətmənləri
ona “sənədlərini Bakı Teatr Texnikumuna verməlisən”
təkidi edirlər. Burada təhsilini uğurla
başa vuran gənc Moskvaya - sonralar portreti Teatr
Akademiyasının foyesində “teatr korifeyləri” ilə bir
sırada asılası SSRİ paytaxtına) gedib, Teatr Sənəti
İnstitutuna daxil olur.
Bir müddətdən sonra daha onun
qarşısında heç bir maneə dura bilməyəcək
və hətta bəzi məqamlarda (ümumən “yeni teatr fəlsəfəsi”lə
ilgili müddəalarıyla) onun özü “köhnə”lərçün
“maneə”yə çevriləcək. Məsələn;
“aktyorun hər obraza analitik baxış-təhlili mütləq
əsas prinsip kimi götürülməlidir”, “səhnədəki
pauzalar, “bədii sükut” kimi daxili psixologizm elementləri belə
tamaşanın akkorduna işləməlidir”, “hətta ailə-məişət
mövzulu əsərlərin də səhnə həllində
ictimai motivlər fəlsəfi dərinlik
işığıyla ziyalandırılmalıdır” və
s.
Bu kimi
erudik-professional konsepsiyalar irəli sürən M.Məmmədov
hər şeyə “özündən başlamaq” prinsipilə
yanaşıb. O, sənətin qəbul etdiyi (hətta bəzən,
qəbul etmədiyi) hər bir komponentə mütləq yeni
mizan qapısı açmağa çalışıb. Janr-mövzu, müəllif-rejissor, zaman-məkan “tərəf-müqabil”liklərinə
heç bir fərq, “camaat, rəhbərlik buna necə reaksiya
verər”, “tənqid nə yazar” kimi tabu-baxışlara
çox da bənd olmayıb. Hamısında da - əbədiyyət
bəstəli lirizm, psixoloji-mizani zəriflik, irfani-fəlsəfi
düşüncələr, həyati-dinamik ritmlər,
klassik-etnoqrafik ləngərlər, müasir-sivil rənglər...
Mehdi Məmmədov əl
qatdığı bütün tamaşalarda susqun zərifliklə
dramatik coşqunluğun qovuşuğunu, emosional
çalarlarla psixoloji qatqarlardan şirələnən ahəngdar
cazibənin vəhdətini yaradırdı.
Tamaşanın ali məqsədini əqli-psixoloji
münasibətlərin, özünəməxsus ədəbi
sənət sehrilə aylar-illər uzunu cəlb etdiyi
parter-amfiteatr dolu insanlardakı əbədi əxlaq-əqidəvi
ziddiyyətlərin mahiyyət dərkində
axtarıb-tapır və bunları böyük sənətin
işvəkar-cilvəkar tandemində təqdim edirdi. Bəzən
kəskin, bəzən sadə, hərdən də həzin-hüzn
epizodlarda verdiyi mizanlarda da dinamik musiqi taktlarına, ümumən
poetik-sentimental ritmlərə əsaslanan bu rejissor ən
“antik” mövzuları belə, çağının
ictimai-sosial problemləri, mənəvi-əxlaqi durumu ilə əlaqələndirə
bilirdi.
Teatr tənqidi və
haqqında yazılmış monoqrafik mənbələrdə
sənətə yeni baxışı, kompleksal rejissurası
ilə bütövlükdə realist monumentallığa, habelə
fəlsəfi dərinliyə geniş meydan açmaq
çabaları ilə səciyyələndirilən M.Məmmədov
işgüzar həyat, mübariz mülahizə-müzakirə
səhnələrindəki prinsipiallıqlarını sənət
səhnələrinin hamısında həyata keçirib.
Həmin səhnələrdən -
Anonsvari özəklər;
1940-cı ildə
Akademik Milli Dram Teatrında rejissor. İki il
ötməmiş bədii rəhbər. 1956-cı
ildə Opera-Baletdə baş rejissor. 1960-da
yenidən Dram Teatrına qayıdış - baş rejissor
kimi. Görkəmli teatr ustadı bu illərdə
“dövrün teatral hadisələri” kimi vurğulanan 12 səhnə
əsərinə quruluş verib: “Od gəlini”, “Oqtay
Eloğlu”, “Şeyx Sənan”, “İblis”, “Hamlet”, “Xəyyam”,
“Canlı meyit”, “Müfəttiş”...
Üç il
sonra isə... paytaxtın teatr aləmi üçün
sensasiya; Mehdi Məmmədov elmi işlə (teatrdakı
intriqant duruma görə; “guya”, nəticələrə
görəsə; həqiqətən) əlaqədar olaraq,
teatrdan uzaqlaşır!
Mötərizədəki
ikinci versiyanın açması bu ki, o, xeyli
küskünlük və inciklik yaşadığı teatrdan
neçə-neçə sanballı teatrşünaslıq və
monoqrafik əsərlər yazmağa gedibmiş. Məsələn,
əfsanəvi çağdaşı Hökumə
Qurbanovanın sənət dünyasını
başdan-başa portretləşdirdiyi “Onun sənət ulduzu”
kitabı, sənətşünaslıq mövzulu monumental “Azərbaycan
dramaturgiyasının estetik problemləri” və s.
Bu “elmi fasilə” 10
ilədək çəksə də, sənətsevərlərin
də “yoluxduğu” sənət hicranı 1974-də yeni
vüsala yetişir. Ancaq Opera və Balet
Teatrında. Burada quruluş verdiyi operalar - “Toska”, “Lakme”,
“Sevil”, “Koroğlu” və ilk dəfə romantik-modernistik vəhdətdə
ərsəyə gətirdiyi “Leyli və Məcnun”
iştirakçıların ifalarında ayrı sayaq,
tamaşaçıların müzakirə-mülahizə ifadələrində
alayı cür (əlbəttə, hər ikisində
yaxşı mənada) səslənir! Baş rejissoru olduğu
S.Vurğun adına Rus Dram Teatrının
1978-82-ci illəri bu tələbkar-elitar teatrın “mükəmməl
dövr”ü kimi yaddaşlara yazılır. Onun burada
hazırladığı “Həyatın dibində”, “Mənim
Nadejdalarım” və digər tamaşalar “hədəfləri
dirildən atəşlər”, “çərçivəli sənətkar
təxəyyülü ilə azad tamaşaçı gözləntisinin
üst-üstə düşməsi” kimi təbirlərlə
dəyərləndirilir...
Və bütün bu
işlərin, neçə-neçə digər görəvlərin
paralellərində ömrünün sonuna qədər pedaqoji
fəaliyyətlə də məşğulluq.
Özü də (“aşiqi-sadiq”lik ayağından) tək elə
Teatr İnstitutunda (indiki ADMİU) yox, öz məxsusi təşəbbüs-layihəsi
olan xüsusi “Etika və estetika kursu” ilə, bu seçkin
“ali-bəndə müəllim”lə pedaqoji ünsiyyət
arzulu ADU (BDU) və (müəyyən fasilələrlə) digər
ali məktəblərdə.
Səhnədə
yaratdığı saysız, ekranda əbədiləşdirdiyi
(məsələn, “Onu bağışlamaq olarmı?”da
Qaya) sayca az, sanbalca saz obrazlar. Böyük sənət
uğurlarına görə, Azərbaycan (1958) və SSRİ
(1974) Xalq artisti fəxri adları, H.Cavidin “İblis” faciəsinə
verdiyi unikal quruluşa görə Azərbaycan Dövlət
mükafatı (1984).
Bütün bunlar 1985-ci il
yanvarın 28-də dünyasını dəyişmiş bu
cismən mərhumu ölümsüzləşdirmirmi?..
Və yuxarıda vədlədiyim -
“Pərdə”lərdən...
Onun xeyli “mozaikal”
“MƏN”ində cəmlənmiş (bir parası doğal, bir
düjünü “modal”) bioloji-kulturoloji-intimoloji əlamət
və keyfiyyətlərdən arif oxucularçün iki xatirə-xatırlatma.
Deməli, vaxt gəlir ki, Lope de
Veqanın “qaş-göz”edi bir pyesinin (“Nə yardan doyur, nə
əldən qoyur”) tamaşasını reklamlayan
afişalarda... gözlərə intimitik nüanslar saçan
qoşa ad da düşür. Biri tamaşanın rejissoru Mehdi
Məmmədov, o biri - iştirakçılar sırasına hər
mənada (lap başda yazılmağı, şrift iriliyi və
s.) başçılıq edən Barat Şəkinskaya! Və
“salon əhli”ləri (elə premyeradanca) bu tamaşanı
“özəl rejissorla gözəl aktrisanın roman-dramı”
kimi “təfsir” etməyə başlayırlar...
Onlar evlənirlər.
Lakin, illər
keçir, Barat xanım aktrisaların “gözdən
qoymadıqları” bu rejissoru qısqanır, qısqanır və
nəhayət, boşanırlar. Barat
xanım onunla səhnə-mizan münasibətlərinin hər
fürsətində ironik yanaşma
“yaradıcılığı”ndan da qalmır. “Dəli yığıncağı”nın məşqləri
zamanı rejissorun aktyorları (əsərin psixo-məntiqini
tam anlamaları üçün) dəlixanaya aparmaq qərarı
isə bu sabiq cütlük arasındakı “duel”ə
maraqlı bir yumor qatır. Belə ki, Barat xanım dəlixanaya
getməkdən imtina edir və avtobusda aktyorlardan birinin “Bəs,
Barat xanım hanı” sualını o, Otellovari bir əda ilə
cavablandırır: “Barat xanımın dəlixanaya getməyə
ehtiyacı yoxdur...”
Bunu sabahısı eşidən Barat xanımsa, aktyorların birindən xahiş edir ki, məşqin qızğın çağında dünən dəlixanaya getmədiyinin səbəbini soruşsun. Belə də olur və o: “Mənim dəlixanaya getməyə ehtiyacım yoxdur, düz yeddi il bir dəli ilə bir evdə yaşamışam...”
Heç biri öz imza-izindən xali keçməyən o illər tamaşaya qoyduğu və həm “əleyh”inə, həm “leh”inə “nişan”ələşən “Dəli yığıncağı”ndan sonra “Azdram”ın 60-70-ci illərini qapsayan “böyük sənət epoxası” dövründə teatrda anşlaqa, həyatda səngiməz marağa səbəb olmuş “Canlı meyit” tamaşası. Dahi Tolstoyun qələmindən çıxmış Protasovu öz bənzərsiz quruluşunda Mehdi Məmmədov özü, Maşanı isə bütün dövrlərin təkrarsızı Şəfiqə Məmmədova oynayır! Və bu möcüzə səhnə cütlüyü haqda o dövr tamaşaçıları və tənqidçilərinin kitabasığmaz tərif-təqdirlərini yalnız “konspekt”ləşdirmək mümkün; onlar obrazlardan çox, özlərini oynayırdılar...
Deməli, sənət - tək elə “qurban”lıq yox, əfsanələrə çevriləsi vurğunluq da tələb edirmiş...
Tahir Abbaslı
Mədəniyyət.- 2018.- 16 may.-
S.12.