Şuşa teatrı Şəkidə Mirzə Fətəlinin
komediyasını təqdim edib
III Şəki Beynəlxalq Teatr Festivalının ikinci günü tamaşaçılar Şuşa Dövlət Musiqili Dram Teatrının hazırladığı Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” komediyasına baxıblar.
Şuşa teatrının repertuarında Azərbaycan milli dramaturgiyasının banisi M.F.Axundzadənin yaradıcılığına xüsusi yer ayrılıb. Yaradıcı kollektiv Şəkidə keçirilən birinci teatr festivalında da tamaşaçılara görkəmli dramaturqun “Sərgüzəşti-vəziri-xani Lənkəran” komediyasını təqdim etmişdi.
“Müsyö Jordan və dərviş Məstəli şah” tamaşasına teatrın baş rejissoru, Əməkdar artist Loğman Kərimov quruluş verib.
Birhissəli tamaşada rolları Teymur Məmmədov (Müsyö Jordan), Məmməd Məmmədov (dərviş Məstəli şah), Püstəxanım Zeynalova (Şəhrəbanu xanım), Hamlet Qənbərov (Hatəmxan ağa), Yaşar Muradov (Şahbaz) və başqaları oynayıblar.
Sonda
kollektivə festivalın təşkilatçıları
adından hədiyyə təqdim edilib.
Mədəniyyət.- 2018.- 16 may.-
S.8.