Azərbaycan dilinə çevrilən Misir nağılları uşaqların gözü ilə

   “Əsrarəngiz Misir nağılları” kitabının təqdimatı və rəsm sərgisi

  

   Mayın 15-də 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin Təsviri sənət qalereyasında “Əsrarəngiz Misir nağılları” kitabının təqdimatı və nəşrə çəkilən rəsm əsərlərinin sərgisi keçirilib.

  

   Kitab Azərbaycan Tərcümə Mərkəzi, F.Köçərli adına Respublika Uşaq Kitabxanası və Bakıdakı Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin birgə layihəsi əsasında ərsəyə gəlib.

   Misir uşaq ədəbiyyatı” həftəsi çərçivəsində keçirilən tədbirdə kitabxananın direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova layihənin məqsəd və əhəmiyyətindən bəhs edib, kitabda yer alan rəsmlərin Misirdə də sərgiləndiyini diqqətə çatdırıb. Bildirib ki, layihənin məqsədi uşaqları gələcəyimiz naminə düzgün maarifləndirməkdir. Eyni zamanda, uşaqları antik sivilizasiyaların beşiklərindən hesab edilən qədim Misir mədəniyyəti ilə tanış etmək, nağıllar vasitəsilə uşaqların dünyagörüşünü artırmaq, dünya uşaq ədəbiyyatını mütaliəyə həvəsləndirmək və istedadlı uşaqları üzə çıxarmaqdır.

   Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev tədbirin əhəmiyyətini qeyd edib. O, son dövrlər bu sahədə həyata keçirilən layihələrdən bəhs edərək uşaq və yeniyetmələrin dünyagörüşündə, maariflənməsində, ümumiyyətlə, hərtərəfli inkişafında kitabxanaların mühüm rolunu vurğulayıb.

   Misirin ölkəmizdəki səfiri Adel İbrahim Ahmed layihədə zəhməti olanlara minnətdarlığını bildirib və Azərbaycanda Misir nağıllarının böyük rəğbət qazanmasından məmnunluğunu ifadə edib. Bildirib ki, kitab Misirin qədim mədəniyyəti, adət-ənənələri, tarixi və insanları haqqında maraqlı, zəngin təəssürat yaradır.

   Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid çıxışında layihənin uşaqların istedadlarının kəşf edilməsi və xüsusilə də təxəyyüllərinin daha da zənginləşməsi baxımından səmərəli olduğunu söyləyib.

   Tədbirdə diqqətə çatdırılıb ki, kitaba Misir xalq nağıllarının 30 nümunəsi daxil edilib. Nağılları ərəb dilindən Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin əməkdaşı Fərid Camalov tərcümə edib. Kitabın redaktoru Salam Sarvandır. Nəşrin tərtibçiləri Şəhla Qəmbərova və Zahirə Dadaşovadır. Layihənin maraq doğuran daha bir cəhəti isə Misir nağıllarına uşaqların çəkdikləri rəsmlərdir.

 

Mədəniyyət.- 2018.- 16 may.- S.4.