UNESCO-da Azərbaycan musiqisinin təntənəsi
Dahi bəstəkar Qara Qarayevin 100 illik yubileyi Parisdə qeyd edilib
Görkəmli
bəstəkar, tanınmış
alim-pedaqoq və ictimai xadim, SSRİ Xalq artisti, Sosialist
Əməyi Qəhrəmanı,
SSRİ və Azərbaycan
Dövlət mükafatları
laureatı, akademik Qara Qarayevin anadan olmasının 100 illik yubileyi UNESCO-nun və bu qurum
yanında Azərbaycan
daimi nümayəndəliyinin
təşkilatçılığı, Azərbaycan Respublikası
Mədəniyyət Nazirliyinin
dəstəyi ilə
UNESCO-nun Parisdəki mənzil-qərargahında
təntənə ilə
qeyd edilib.
Tədbirdə
Azərbaycanın xarici
işlər və mədəniyyət nazirləri
Elmar Məmmədyarov
və Əbülfəs
Qarayev, görkəmli
bəstəkarın qızı
Züleyxa Qarayeva, Parisdə akkreditə olunan diplomatik korpusun, Fransa ictimaiyyətinin təmsilçiləri,
xarici ölkələrin
UNESCO yanında daimi nümayəndəliklərinin əməkdaşları
iştirak ediblər.
Tədbir çərçivəsində
böyük bəstəkarın
həyat və yaradıcılığını əks etdirən fotolardan ibarət sərgi təşkil edilib. İştirakçılar
sərgi vasitəsilə
dahi musiqiçinin yaradıcılığı ilə
tanış olublar. Qara Qarayevin ömür
və sənət yolundan bəhs edən jurnal və əsərlərindən
ibarət disklər iştirakçılara hədiyyə
edilib.
Azərbaycanın UNESCO yanında daimi
nümayəndəliyinin rəhbəri
səfir Anar Kərimov tədbirdə çıxış edərək
Qara Qarayevin həyat və yaradıcılığı haqqında
ətraflı məlumat
verib, onun Azərbaycan xalq musiqisindən ilhamlandığını
vurğulayıb. Bildirib
ki, yaradıcılığı
boyu ayrı-ayrı klassiklərin, xüsusilə
Nizaminin və Füzulinin əsərlərinə
müraciət edən
bəstəkar “Leyli və Məcnun” simfonik poemasını, “Yeddi gözəl” baletini yazıb. Azərbaycan xalq musiqisinin əsaslarını Üzeyir
Hacıbəylidən öyrənən
Qara Qarayev sonralar Dmitri Şostakoviçin
sinfində təhsil alıb.
Vurğulanıb ki, müxtəlif
janrlarda 100-dən çox
əsər yazan bəstəkar milli musiqi tariximizdə dərin iz qoyub,
eyni zamanda dünya musiqi xəzinəsinə sənət
inciləri bəxş
edib. Bildirilib ki, ölkəmizdə görkəmli musiqi xadiminin xatirəsi əbədiləşdirilib, Azərbaycan
Prezidentinin sərəncamına
əsasən bu il 100 illiyi
geniş şəkildə
qeyd edilir.
UNESCO baş
direktorunun kommunikasiya və informasiya üzrə müavini Moez Şakşuk çıxışında Qara
Qarayevin əsərlərinin
xüsusiyyətlərindən danışıb. O, Qara
Qarayev musiqisinin xalqlar arasında dialoqun qurulmasına təkan verdiyini, keçmişdən gələcəyə
gedən yolu əks etdirdiyini vurğulayıb.
Yubiley tədbiri bəstəkarın
əsərlərindən ibarət
konsert proqramı ilə davam edib.
Fuad İbrahimovun dirijorluğu
ilə Qara Qarayev adına
Azərbaycan Dövlət
Kamera Orkestri böyük musiqiçinin
əsərlərini səsləndirib.
Orkestrin müşayiəti
ilə Fərhad Bədəlbəyli, Murad Hüseynov, Vurğun Vəkilov və Cəmil Sədizadənin fortepianoda, Elvin Xoca Qəniyevin skripkada virtuoz ifası gecəni rövnəqləndirib.
Konsert salonundakı böyük ekranda Qara Qarayevin
yaradıcılığını əks etdirən, o cümlədən “Yeddi gözəl”, “İldırımlı
yollarla”, “Leyli və Məcnun” əsərlərindən fraqmentlər
göstərilib.
Dahi bəstəkarın
möhtəşəm musiqisi
tamaşaçılar tərəfindən alqışlarla
qarşılanıb.
Mədəniyyət.- 2018.- 16 may.-
S.3.