18 may Beynəlxalq
muzeylər günüdür
Paytaxt və bölgələrdəki muzeylərdə
"açıq qapı" aksiyaları, müxtəlif tədbirlər
keçiriləcək
40 ildən artıqdır ki, hər il mayın 18-i dünyada Beynəlxalq muzeylər günü kimi qeyd olunur. Bu əlamətdar gün UNESCO yanında Beynəlxalq Muzeylər Şurasının (İnternational Council of Museums - ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis edilib. Bu günün geniş şəkildə qeyd olunmasının əsas məqsədi muzeylərin cəmiyyətin həyatında tutduğu önəmli rola diqqət çəkməkdir.
Əlamətdar gün bu il "Hiperkommunikasiya dövründə muzeylər: yeni yanaşmalar, yeni auditoriyalar" mövzusuna həsr olunub. Məqsəd muzeylərin ənənəvi auditoriyasını genişləndirmək üçün yüksək texnologiyaların rolunu vurğulamaqdır.
Beynəlxalq muzeylər günü ənənəvi olaraq bu il də Azərbaycanda "açıq qapı" aksiyaları, müxtəlif tədbirlərlə qeyd olunur.
Azərbaycan Xalça Muzeyində Beynəlxalq muzeylər günü münasibətilə "Öz ilməni toxu" adlı interaktiv instalyasiya keçiriləcək. Muzeyin foyesində quraşdırılan çərçivə-hanada hər bir ziyarətçi zövqünə görə rəng seçərək bir və ya daha çox ip sırası xalça toxuya bilər.
Azərbaycan Milli İncəsənət Muzeyində təşkil olunan "Undeqraund. Yeni həyat" adlı sərgidə ötən əsrin 50-80-ci illərində böyük məhdudiyyətlərlə qarşılaşan və sovet dövrünün rəsmən qəbul edilmiş ideoloji xətti ilə üst-üstə düşməyən Cavad Mircavadov, Tofiq Cavadov, Rasim Babayev, Kamal Əhməd, Əşrəf Murad, Qorxmaz Əfəndiyev, Mirnadir Zeynalov və digər rəssamların əsərləri nümayiş olunacaq.
C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi peşə bayramında öz qonaqlarının qarşısına konsert proqramı və sərgi ilə çıxacaq. Sərgi ümummilli lider Heydər Əliyevin mədəniyyətə olan diqqət və qayğısından bəhs edəcək.
Konsert proqramında isə Azərbaycan Milli Konservatoriyasının tərkibindəki Musiqi Kollecinin tələbələri çıxış edəcək.
Beynəlxalq
muzeylər günü münasibətilə
şəhər və rayonlarımızın muzeyləri öz profillərinə uyğun
tədbirlər təşkil edəcəklər.
Mədəniyyət.- 2018.- 18 may.-
S.2.