"Azərbaycan - yurdum mənim"
Şuşa şəhər Uşaq incəsənət məktəbinin hesabat konserti Cümhuriyyətin 100 illiyinə həsr
olunmuşdu
Mayın 15-də Azərbaycan Dövlət Mahnı Teatrında Niyazi adına Şuşa şəhər Uşaq incəsənət məktəbi Xalq Cümhuriyyətinin 100 illiyinə və tədris ilinin yekununa həsr edilən “Azərbaycan - yurdum mənim" adlı tədbir keçirdi.
Dövlət himni səsləndirildikdən sonra Cümhuriyyətə həsr olunmuş videoçarx nümayiş olundu.
Məktəbin direktoru Mirkamil Ağamirov çıxış edərək dövlət başçısının sərəncamı ilə 2018-ci ilin "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan olunmasının əhəmiyyətindən söz açdı. Qeyd etdi ki, 1918-ci ildə Cümhuriyyət qurulduğu bir vaxtda erməni daşnakları Qarabağa göz dikdilər. Bölgədəki yaşayış məntəqələrini ələ keçirməyə çalışdılar. Cümhuriyyətin hərbi naziri general Səməd bəy Mehmandarovun rəhbərliyi altında Azərbaycan ordusu Qarabağda erməni quldurlarını darmadağın etdi: "İnanırıq ki, bu tarixi qələbə bir daha təkrar olacaq. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Qarabağ erməni işğalçılarından təmizlənəcək. Biz də doğma Şuşaya qayıdacağıq".
Direktor məktəbin fəaliyyətindən də bəhs etdi. Bildirdi ki, məktəbin müəllimləri şagirdlərə sənətin incəliklərini böyük həvəslə öyrədirlər. Yetirmələrimizin bir çoxu ixtisas təhsillərini respublikanın ali tədris ocaqlarında davam etdirirlər.
Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, "Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin sədri Bayram Səfərov çıxış edərək pedaqoji kollektivin fəaliyyətindən danışdı. Qeyd etdi ki, təhsil ocağının yetirmələrinin sorağı müxtəlif müsabiqə və festivallardan gəlir. O, məktəbin kollektivinə yeni-yeni uğurlar arzuladı.
Mədəniyyət Nazirliyinin Elm, təhsil və gənclərlə iş şöbəsinin müdiri Yaşar Əliyev tədbir iştirakçılarına nazir Əbülfəs Qarayevin salamlarını çatdırdı, pedaqoji kollektivin əməyini yüksək qiymətləndirdi.
Sumqayıt Regional Mədəniyyət İdarəsinin Şuşa rayonu üzrə nümayəndəsi Zahid Abbasov çıxışında məktəbin uğur qazanmasını müəllimlərin öz işinə sevgi və məsuliyyətlə yanaşması ilə əlaqələndirdi.
Çıxışlardan sonra bədii hissəyə keçildi. Şagirdlərin ifasında İzzət Əliyevanın “Prelüd", Dmitri Kabalevskinin “Bizim ölkə", Əlibaba Məmmədovun "Vətən yaxşıdır", Süleyman Ələsgərovun “Rəqs-tokkato", “Bilsəm sən gəlirsən", “Nazilə" rəqsi, “Azərbaycan ritmləri", “Bayram rəqsi", J.Bizenin “Karmen" operasından süita, Üzeyir Hacıbəylinin “Arşın mal alan" operettasından Əsgərin mahnısı, "Cəngi", “Leyli və Məcnun" operasından rəqs, “Çırpınırdın, Qara dəniz" mahnısı, İldırım Məhərrəmovun "Şuşa yaylağı", Arif Məlikovun "Gəl bizim dağlara", Yuri Vesnyakın "Zəriflik" və s. əsərlər səsləndirildi. İfalar alqışlarla qarşılandı.
Sonda tədbirin təşkilində əməyi keçən, pedaqoji fəaliyyətində fərqlənən müəllimlərə təşəkkür elan olundu, fəxri fərman və diplomlar təqdim edildi.
Tədbirdə fəal iştirak etdiklərinə görə bütün şagirdlər və "Təbəssüm" rəqs qrupu məktəbin fəxri fərmanı ilə təltif edildi.
Savalan
Fərəcov
Mədəniyyət.-
2018.- 18 may.-S.6.