“Sərhədsiz teatr” festivalının daha bir qonağı
Tatarıstanın teatr kollektivi Şəkidə
"Əlif" tamaşasını
təqdim edib
Mayın 12-də başlanan "Sərhədsiz teatr"
III Şəki Beynəlxalq
Teatr Festivalının
beynəlxalq və milli proqram üzrə
tamaşalarının nümayişi
davam edir. Səhnə əsərləri
ev sahibi
Şəkidə, eləcə
də digər şəhər və rayonlarımızda göstərilir.
Festival çərçivəsində mayın 15-də Rusiya Federasiyası Tatarıstan
Respublikasının teatr
kollektivi - "Yaradıcı
qrup" Kazan Mədəni
Təşəbbüslər Fondu "Əlif" tamaşasını teatrsevərlərə
təqdim edib. Tamaşanın rejissoru Tufan
İmamutdinov, xoreoqrafı
Marsel Nuriyev, musiqi tərtibatçısı
Nurbek Batulladır.
Tamaşadan əvvəl məlumat
verilib ki, 1927-ci ildə tatar xalqının mədəniyyətində
parçalanma baş verib. Əsasını ərəb hərfləri
təşkil edən tatar əlifbası latınla əvəzlənib.
1939-cu ildə kiril əlifbasına keçən zaman isə 7 hərf əlifbadan çıxarılıb.
Bunun nəticəsində tatar dili öz əvvəlki
ahəngini itirib.
Əvvəlki şairlərin əsərlərinin
qafiyəsi, üslubu,
forma və ritminin ilkin mənası pozulub.
Üç hissədən ibarət
tamaşanın birinci
hissəsində rəqs
vasitəsilə tatar əlifbası ərəb
hərfləri ilə
yazılır, hərflər
sadalanır. İkinci hissədə
üç qız tatar şairi Qabdulla Tukayın "Ana dili" şeirini ifa edir. Birinci qız itirilmiş hərfi tələffüz
edir, ikincisi sözü, üçüncüsü
isə sətri oxuyur. Üçüncü hissədə qızlar
Tukayın şeirini birlikdə ifa edirlər.
Tamaşa teatrsevərlər tərəfindən
maraqla qarşılanıb.
Sonda kollektivə festivalın təşkilatçıları adından xatirə hədiyyəsi təqdim olunub.
"Yaradıcı
qrup"un rejissoru Tufan İmamutdinov jurnalistlərə
müsahibəsində festivalda
iştiraklarından məmnunluğunu
bildirib: "Düşünürəm
ki, festivala təqdim olunan tamaşalar standart səhnə əsərlərindən
fərqlənməlidir. Xoreoqrafik rəqslər
vasitəsilə tamaşaçılarda
əlifbamız haqqında
müəyyən təəssürat
yaratmağa çalışdıq".
Azərbaycana ilk
dəfədir səfər etdiklərini bildirən qonaq qədim Şəki şəhəri ilə
yaxından tanış olacağını da
vurğulayıb. O, Şəkidə növbəti festivalda iştirak etmək
arzusunu da dilə gətirib.
Mədəniyyət.-
2018.- 18 may.-S.8.