“Çərçivədən kənar mənsubiyyət”

 

   Bakıda amerikalı fotoqrafın sərgisi açılıb

  

   Mayın 16-da Azərbaycan Xalça Muzeyində tanınmış amerikalı fotoqraf Edvard Körtisin "Çərçivədən kənar mənsubiyyət" adlı fotosərgisi açılıb. Sərgi ABŞ-ın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə reallaşıb.

   Xalça Muzeyinin direktoru Şirin Məlikova çıxış edərək sərgi barədə məlumat verib. Bildirib ki, sərgidə fotoqrafın 50-dən çox işi nümayiş etdirilir. Fotolar ABŞ-ın yerli əhalisi olan hinduların mədəniyyətinə həsr edilib. Bundan öncə eyniadlı sərginin Gürcüstanda açıldığını deyən direktor layihənin ölkəmizdə reallaşmasından məmnunluğunu ifadə edib.

   ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Uilyam Gill Xalça Muzeyinə belə bir tədbirə ev sahibliyi etdiyinə görə təşəkkürünü bildirib, sərginin kuratoru Əminə Məlikovaya minnətdarlığını çatdırıb.

   "Biz Edvard Körtisin anadan olmasının 150 illiyini qeyd etdiyimiz bu günlərdə Azərbaycanda belə bir sərginin açılmasından qürur duyuruq. O, 1900-1930-cu illərdə Şimali Amerikada 80-dən çox qəbiləni ziyarət edib, on minlərlə fotoşəkil və səs yazısı, habelə yarım milyondan çox sözdən ibarət mətn ərsəyə gətirib. Nəticədə yerli amerikalılar barədə Amerika həyatının mühüm hissəsinin vizual tarixi kimi bu gün də məşhur olan 20 cildlik əsəri yaradılıb. Körtis müxtəlif obyektlər və səhnələri, müxtəlif qəbilələrin ənənələrini və əşyalarını bir araya gətirərək öyrəndiyi insanlar barədə təsəvvürünü müəyyənləşdirib. Bəziləri hesab edir ki, o, tam anlaya bilmədiyi cəmiyyətləri düzgün təsəvvür edə bilməmişdi. Bu səbəbdən bu sərgi "Çərçivədən kənar mənsubiyyət" adlanır", - deyə Uilyam Gill vurğulayıb.

   Müvəqqəti işlər vəkili əlavə edib ki, yerli Amerika insanları və mədəniyyəti barədə əsas hekayəçi olan Edvard Körtis amerikan mədəniyyəti tarixində unikal yer tutur.

   Diplomat Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunmasını böyük tarixi hadisə adlandıraraq deyib: "Biz Azərbaycan Xalq Cümhuriyyətinin dəyərlərini alqışlayırıq".

   Sonra qonaqlar fotolarla tanış olublar. Sərgi mayın 22-dək davam edəcək.

 

Mədəniyyət.- 2018.- 18 may.-S.16.